İRANDA ETİRAZLAR DAXİLİ NARAZILIQDAN QAYNAQLANIR

Qonşu İranda 3 aydan bəri insan haqları və milli azadlıq şüarları altında ara verməyən ümumölkə iğtişaşları azərbaycanlıların yaşadığı coğrafiyanı da əhatə edib. Mühacir soydaşlarımızın yaşadıqları xarici ölkələrdə keçirilən həmrəylik aksiyalarında da vətəndə gedən haqq davasına siyasi-mənəvi dəstək ifadə olunur. Azərbaycanda səfərdə olmuş güney əsilli milli fəal Elyar Türkər mediaya açıqlamasında bildirib:

–Milli fəallar dünyanın hər yerin­də İranda baş verən hadisələri nəfəs dərmədən izləyir, ölkə rəsmilərinin hərəkatın mahiyyətini pərdələyən, onu xarici amillərlə bağlayan açıqlamaları­na aydınlıq gətirirlər. Biz islam dövləti­nin işğalçı Ermənistanın Azərbaycana qarşı düşmənçiliyi davam etdirməsinə hərtərəfli yardım göstərməsini də kəs­kin pisləyir, böhtançı təbliğatı və aman­sız cəza tədbirlərini dayandırmağı tələb edirik.

İran dövlətinin ölkədə yaşayan 35 milyonluq və dünyadakı 50 milyonluq Azərbaycan türklərinin milli heysiyya­tını saymazyana tapdalayaraq azər­baycanlıların barışmaz düşməni er­mənilərlə hərtərəfli əlaqələr qurması, işğalçı dövlətin müttəfiqinə çevrilməsi bu ölkədəki hakim rejimin hansı mə­ramla yaşamasını, çox vaxt gizlədilmiş niyyətlərini artıq aşkar şəkildə ifadə edir. Bunun bir adı var – türk düşmənçi­liyi, türk düşmənləri ilə dostluq siyasəti.

Birinci Qarabağ müharibəsi döv­ründən İran Ermənistana bu dəstəyi davam etdirib, Azərbaycanın Qarabağ zəfərindən sonra isə bacardığı qədər artırıb. Ermənistana dəstək vermək İran üçün 2 baxımdan strateji önəm daşıyıb. Əvvəla, molla rejimi Güney Azərbaycan türklərindən qorxduğu üçün Ermənistan vasitəsilə Azərbay­can Respublikasına təzyiq göstərmək, onu aşağılamaq, insanların özgüvənlə­rini zədələmək yolu tutub. İkincisi, ABŞ və Avropada olan erməni lobbisi ilə sıx əməkdaşlıq qurmağa çalışıblar, yəni: “Biz burda Ermənistana dəstək veririk, siz də beynəlxalq aləmdə bizə dəstək verin” düşüncəsi hökm sürüb.

Başqa bir məqam budur ki, Quzey Azərbaycan cümhuriyyətinin güclən­məsi, bölgədə və beynəlxalq aləmdə söz sahibinə çevrilməsi, istər-istəməz, İran adlanan coğrafiyada yaşayan 35 milyondan artıq Güney Azərbaycan türkündə yaranmış “Bizim quzeydə müstəqil dövlətimiz var” anlayışının davamı olaraq “Bizim niyə milli dövlə­timiz yoxdur” sualı doğurur, milli özgü­vəni şiddətləndirir. Bunu İran rəhbərliyi bilirdi və qorxduğu üçün istəyirdi ki, hər zaman Azərbaycana pislik gətirsin. Onun daxili işlərinə müdaxilə edib, qa­rışıqlıq yaratsın ki, müstəqil dövlət kimi inkişaf edə bilməsin.

Milli fəal daha sonra bildirir ki, İran mahiyyətcə islam respublikası deyil və yalnız sözdə bu adı daşı­maqdadır:

–İranda hakim olan antibəşəri sis­tem fars irqçiliyinə dayanan məzhəbdir. Bu millətçi ideologiyadan öz mənafeləri üçün istifadə etsinlər deyə, ona islam və şiə donu geydiriblər. İran rəsmiləri fars hökumətinə İslam adı veriblər. La­kin bu yalandır. İslama yaxından-uzaq­dan heç bir aidiyyatı yoxdur. Ona görə də islam düşmənləri, xüsusilə də Er­mənistanla çox rahat şəkildə bir araya gəlir və sıx əlaqə qurublar.

İslam prinsipləri pərdəsi arxasında həyata keçirilən bu qəddar, ədalətsiz siyasət ölkə əhalisinin də insan kimi yaşamaq haqqına qənim kəsilib. Molla rejiminin əməlləri son illərdə dəfələr­lə etirazlara səbəb olub, hər dəfə də amansızlıqla yatırılıb. Lakin İran son 43 ildə bu dərəcədə uzun davam edən etirazlara şahid olmayıb. 43 ilin işgən­cəsi, təzyiqləri, ədalətsizlikləri, insan­ların hüquqlarının əlindən alınması bu gün xalqı “öldü var, döndü yox!” dava­sına gətirib.

Bütün insanlar artıq cana doyublar, belə bir rejimin qalmasını istəmirlər. Güney Azərbaycan türkləri də ayağa qalxıb öz azadlıq və müstəqilliklərinə doğru hərəkət etməkdədirlər. Bu ha­disələr, proseslər inqilaba gedəcək ya yox? Təbii ki, proseslər, istər-istəməz, rejimin yıxılmasına səbəb olacaq. Bu, gec-tez baş verəcək, fars molla rejimi yıxılacaq.

– Azərbaycan Prezidenti İlham Əliyevin son vaxtlar xaricdəki soy­daşlarımızın milli haqları mövzusu­nu beynəlxalq aləmdə bir neçə dəfə gündəmə gətirməsini minnətdarlıqla yada salan Elyar Türkər açıqlama­sında qeyd edir:

–İranda yaşayan azərbaycanlıların da mədəni, siyasi, xüsusilə ana dili ilə bağlı hüquqlarının qorunması və təh­lükəsizlikləri ilə bağlı bu cəsarətli və ədalətli bəyanatları Güneyə tarixi bir dəstəkdir. Azərbaycan dövlətinin rəh­bərinin beynəlxalq arenada, xüsusən, türk dünyası liderlərinin toplantısında Güney Azərbaycana dəstək verməsi soydaşlarımızın yaşadıqları hər yer­də böyük məmnunluqla qarşılandı. Möhtərəm Prezident bununla Güney azərbaycanlıların da mənəvi güc verdi, onların könüllərində taxt qurmuş oldu. Güneylilər bundan sonra öz haqq da­valarını daha güvənlə davam etdirmə­lidirlər.

Artıq İkinci Qarabağ müharibəsin­dən sonra güneyli-quzeyli, otaylı-bu­taylı böyük bir özgüvənlik, milli qürur ayaqdadır. Bu qürur bizi ümumi düş­mənlərə və bəlalara qarşı daha sıx bir­ləşdirəcək.

İran hakimiyyətinin ölkədə yaşa­yan bir ovuc ermənilər üçün üstün imkanlar yaratmasını xatırladan, çoxsaylı xalqların adi insanlıq haq­larının tapdalanmasını isə bəşəri cinayət adlandıran soydaşımız daha sonra söyləyir:

–İran illərdir ki, burada yaşayan az sayda ermənilər üçün bütün hüquqları təmin edib. Guya, saylarının 100 min­dən çox olduğu bildirilən, əslində isə 20 mindən artıq olmayan bu toplumun ölkədə hər bir rahatlığı var, ana dili, milli məktəb, güzəranla bağlı hansısa problem yaşamır. İran rejimi erməniləri həm türk düşməni olduqları, həm də xaricdəki ermənilərdən faydalanmaq məqsədilə xüsusi himayə edir. Bu si­yasət Azərbaycan türklərinə qarşı düşmənçiliklə müşayiət olunur. Ümu­miyyətlə, İranda Azərbaycan və türk düşmənçiliyi dövlət siyasətinin üstün istiqamətidir. Bu günə qədər belə olub və bu rejim mövcud olduğu müddətdə belə də davam edəcək. 20 ilə yaxın­dır ki, Azərbaycana qarşı “Səhər TV” kanalı gecə-gündüz yalan, böhtan, qərəz yayınlamaqdadır. Bu kanal yal­nız Şimali Azərbaycan coğrafiyasın­da yayılır. Yəni Güney Azərbaycanın şəhərlərində kimsə “Səhər TV”ni izləyə bilməz. Məqsəd Quzeydə Azərbaycanı qarışdırmaqdır. Nəhayət, bunlar qarşı­lıqsız qalmamalıdır.

Azərbaycanda keçirilən görüşlər barədə təəssüratını Elyar bəy belə ifadə edir:

–İllərdir ki, Güney Azərbaycan türkləri olaraq müstəqillik və azadlıq mübarizəsi aparırıq. Biz son milli mü­cadiləmizi aparmaqla insanlıq haq­larımızı bərpa etmək, azadlığımıza, müstəqilliyimizə qovuşmaq istəyirik. Biz Ümid Partiyasının dəvəti ilə Bakıda olduq. Bir çox milli fəal bir araya gəlib, müzakirələrdən sonra Güney Azərbay­can Keçici Milli Məclisinin qurulmasına qərar verdik. Məclisi qurmaq üçün Təş­kilat Komitəsi yaratdıq. Komitənin iki toplantısı Ankarada, üçüncüsü Azər­baycanımızın paytaxtı Bakıda keçirildi.

Güneydə baş verən hadisələrə ma­raq göstərən şəxslərlə və qurumların təmsilçiləri ilə İranda yaranmış durumu müzakirə etdik. İran rejimi bu görüş­lərə görə öz mediasında əleyhimizə xəbərlər yaydı. Yaxın zamanda başqa yerlərdə də Güney Azərbaycan milli fəallarını bir araya gətirib mübarizəmizi davam etdirəcəyik.

Sonda bildirim ki, Quzey Azərbay­candakı inkişafdan, azadlıqdan qorxan İran ölkə əleyhinə bir sıra addımlar atdı, sərhəddə hərbi təlim keçdi. Amma Azərbaycan və Türkiyə birgə hərbi tə­limi ilə molla rejiminin cavabını verdi. Fars rejimi Güney azərbaycanlıların yanında olmayan etibarını da yox etdi. İran rəhbərliyi nə qədər ört-basdır etsə də, gerçək olan budur ki, ölkədə alov­lanan etirazlar daxili narazılıqdan qay­naqlanır. Düşünürəm ki, bu etirazlar davam edəcək, rejim etdiyi haqsızlıq­ların haqlı əvəzini alacaq.

Hazırladı: Tahir AYDINOĞLU, “Xalq qəzeti”

Şərhlər bağlıdır.