TƏBRİZDƏ FÜZULİNİN HEYKƏLİNƏ HÜCUM ÇƏKƏNLƏR KİMLƏRDİR?

Azərbaycanın ustad söz adamlarının əsərləri qiymətli mənəvi sərvətimiz, şöhrətləri milli öyünc mənbəyimizdir. Xalqın adını tarixdə və dünyada ucaldan belə insanların yadigarları hər birimizə dogma, xatirələri isə olduqca əzizdir. 

Bu sevgini görüntüləş­dirmək üçün küçələrə, meydanlara, şəhərlərə, ra­yonlara, kəndlərə, müxtəlif qurumlara və obyektlərə onların adlarını veririk. Da­hilərimizə sahib çıxıb məş­hurlaşdırmaq, xatirələrinə böyük ehtiramımızı əbə­diləşdirmək üçün heykəlləri­ni ucaldırıq. Düşmənlərimiz üstümüzə yeriyəndə, tor­taqlarımızı işğal edəndə isə yurdumuza və keçmişimizə sahibliyimizin izlərini itirmək üçün bütün bunlara da qə­nim kəsilir, insanlarla yanaşı tarixi abidələri də məhv edir, heykəlləri də güllələyirlər.

Qarabağ müharibəsi zamanı kükrəyən erməni vandalizmi milli nifrətdən qaynaqlanmışdı. Qəbuledil­məz olsa da başa düşülən idi. Onlar maddi-mənəvi sər­vətlərimizi yağmalayıb talan etməklə, abidələrimizi məhv etməklə düşmənçiliklərini və özlərinin kim olduqlarını ortaya qoyurdular. Qarabağ erməni tapdağından azad olunanda Füzuli şəhərin­də Məhəmməd Füzuli kimi dahinin abidəsi dağıdılmış vəziyyətdə tapıldı. Heykəlin yerləşdiyi parkın ərazisi isə cəngəlliyə çevrilmişdi.

Buradan belə qənaət ha­sil olur ki, abidələrimizi dağı­dıb təhqir edənin qəsdi səni bir xalq olaraq yox etməkdir. Söz yox ki, zaman-zaman bütün yaralar sağalacaq, Füzuli şəhəri də əvvəlkin­dən daha yaraşıqlı görünə­cək. Deyirlər ki, dost dostu çətin gündə, sınaqlarda ta­nıdığından yaddaşımız bu dəfə daha möhkəm olacaq.

Niyə Füzulinin abidə­sini yada saldıq? Məsələ burasındadır ki, Güney Azərbaycanın baş şəhəri, milyonlarla soydaşlarımızın yaşadığı, milli ruhumuzun qədim və müqədəs məkanı Təbrizdə də Füzulinin hey­kəli təcavüzə məruz qalıb. Ermənilər Təbrizidəmi işğal ediblər? Hər halda bura­da bir düşmən qəsdi, yağı nifrəti, milli heysiyyatı aşağı­lamaq əlaməti aşkardır. Bu abidə Təbriz Bələdiyyəsinin Mənzəriyyə xiyabanında qoyulmuşdu və güneylilərin keçmişimizə ehtiramlarının öyünclü nişanəsi kimi qiy­mətli idi.

2020-ci ilin ortalarında abidə götürüləndə şəhər bələdiyyəsinin rabitə və beynəlxalq işlər üzrə baş direktoru Səid Hacızadə bildirib: “Mənzəriyyə meyda­nında Molla Məhəmməd Fü­zulinin heykəlinin sökülməsi bəzi təmir işləri ilə əlaqədar idi. Təmirdən sonra böyük şairin heykəli yenidən yerinə qoyulacaq”. Xatırladaq ki, bir həftə əvvəl abidə göz­lənilmədən “itkin düşüb” və bununla bağlı heç bir rəsmi açıqlama verilməyib. Elə bu anda ictimai rəy köməyə gə­lib. Qorxuya düşən bələdiy­yə rəhbərliyi tezliklə heykəli yerinə qaytarmağa məcbur olub.

Bugünlərdə isə Təbriz şəhərində Füzulinin heykəli üzərinə təhqiramiz sözlər ya­zıldığı barədə xəbər otaylı-butaylı Azərbaycanda ha­mını həyəcana gətirdi. Təbii ki, həmin nalayiq sözlərin “müəllifləri” xalqın reaksi­yasını yoxlamaq istəyiblər: yəni kim yatmış, kim oyaq? Gördülər ki, 50 milyonluq xalqımız oyaqdır. Cızmaqa­raçıların kimliklərinin bu günədək tapılıb açıqlanma­ması isə onların gizlədilməsi və sifarişçilərin xalq qəzə­bindən qorxması ilə bağlıdır.

Azərbaycanlılar Məhəm­məd Füzulini sevir və adını əbədi hörmətlə saxlamaq üçün heç bir təhlükədən çə­kinmirlər. Şübhəsiz. Hakim molla rejiminin nökərləri bu­dur. Belələrini Qarabağda Natəvanın, Üzeyirin, Bül­bülün, Füzulinin abidələrini güllələyib dağıdanların aqi­bəti gözləyir.

Rəhman GƏNCƏLİ

Şərhlər bağlıdır.