Keçən tariximizdən ibrət almışıq

Yəhya Huda

“Azərbaycan” qəzetində gedən bir sıra yazılar inqilablar və hərakatlar tariximizin müxtəlif səifələrini daha ətraflı öyrənmək baxımından əhəmiyyətlidir. Onun sizə təqdim olunan bu yazısı da həmin cəhətdən bilgilərimizə fayda verə bilər.
Qırx il bundan irəli ölkəmizin xalqının istibdad və quldurluq əleyhinə qanlı mübarizələr etməsi nəticəsində Müzəffərəddin Şah Məşrutə (Konstitusiya – red.) fərmanını imza etməyə məcbur oldu. Çünki onun mürtəce sədri-əzəmi (baş naziri – red.) Mirzəli Əsgər xan Atabəy azadlığı məhv etməyə çalışırdı. Xalqımız Müzəffərəddin şahdan istədilər ki, onu sürgün edə və şah məcburən onu Avropaya təyin elədi.

Müzəffərəddin şahdan sonra Məhəmmədəli şah Məşrutəni götürüb quldurluq hökumətini bərqərar etmək istədi. Bu əməli ifa etmək üçün Atabəyi İrana gətirib və sədri-əzəm elədi. O, diplomatik yollarla azadlığın kökünü qazmağa başladı.

Bu zaman Şimali Azərbaycan xalqının böyük şairi Mirzə Ələlkbər Tahirzadə Sabir “Molla Nəsrəddin” qəzetində xalqımızı Atabəyin qayıtmasına razılıq verdiyi üçün məzəmmət elədi və əlbəttə, haqqı var idi.

Amma bir az zaman keçmədi ki, Azərbaycanın qeyrətli və fədakar oğlu Abbas Ağa Sərraf Tehranda Məclisin (Parlamentin – red.) qabağında bir güllə ilə Atabəyi öldürüb və o maneəni hürriyət yolu üstündən rədd elədi və bir güllə də özünə vurub dünyaya sübut etdi ki, Azərbaycan xalqı azad yaşamaq üçün hər növ fədakarlığa hazırdır.

Bu dəfə Mirzə Ələkbər Sabir Atabəyin terror olmağı haqqında bir çox mənalı şeir dedi, amma əfsus, min kərə əfsus ki, o zaman xalqımız onun mənasını düşünmədilər. O şeir belə idi:

Qətl elədüz Atabəyi

Mən ki, bu əmri danmıram

Var yenə min Atabəyiz

Yoxsa əməlli qanmıram?!

Köhnə qapı bu tezliyə

Təzələşə, inanmıram!!

Dinmə, danışma, yat, bala

Sən deyən olmayıb hələ!

 

Bəli, Mirzəli Əsgər xan Atabəy öldü, amma min dənə ayrı atabəylər qalıblar. Atabəy öldü, lakin Sədrüləşraflar, Seyyid Həsən Tağızadələr, Marağalı Saidlər, Həkimül Mülklər və s. qaldılar və xalqımızın xamlığı nəticəsində hökuməti əllərinə alıb quldurluğu bərqərar etdilər.

Mən bu gün Azərbaycan xalqının tərəfindən Mirzə Ələkbər Sabirin pak ruhuna xitab edirəm:

“Ey hürriyət uğrunda ömrünü sərf edən şair, başını topraqlar altından qaldır və ölkəmizə nəzər elə. Ta görəsən, xalqımız Atabəylərin kökünü bu torpaqdan necə kəsib və bir Milli Hökumət yaradıblar.

Atabəylər Tehran hökumətində cəm olub qorxu və heyrət içərisində ölkəmizə tərəf baxırlar.

Ey Sabir, biz keçən tariximizdən ibrət almışıq. Daha Atabəylərə yol verməyəcəyik və əgər istəyələr, yol tapalar, onların kəllələrini yumruqla dağıdıb xalqımızın əbədi azadlığını təmin etmişdirlər.

Yaşasın sənin adın!

Yaşasın xalqımız!

Yaşasın iftixarlı firqəmizin rəhbərləri!”

 

“Azərbaycan” qəzeti. Azərbaycan Demokrat Firqəsinin orqanı, Təbriz, say 143, 7 mart 1946-cı il

Şərhlər bağlıdır.