Mirzə Ələkbər Sabirin tarixi açıqlaması

Dahi şairin bizə çatan yeganə müsahibəsi
Dahi Azərbaycan şairi Mirzə Ələkbər Sabir ötən əsrin əvvəllərində
böyük ədəbiyyatşünas Salman Mümtaza müsahibə verib. Görkəmli
folklorşünas həmin müsahibəni sonralar “Sabir haqqında xatirələr”
məqaləsinə daxil edib. Bu, Sabirin üzə çıxarılan ilk və yeganə
müsahibəsidir. Onu da deyək ki, müsahibə görkəmli media xadimi,
professor Şirməmməd Hüseynovun transliterasiyası ilə “Günay”
qəzetinin 20 aprel 2002-ci il tarixli nömrəsində dərc olunub.
“Xalq qəzeti” Sabir ümmanından bir damla olan həmin tarixi müsahibəni
oxuculara təqdim edir:
Salman Mümtaz: – Sizin ilk təxəllüsünüz olan “Hop-hop” sözünün mənası
nədir və nə səbəbdən bunu qəbul etmisiniz?
Mirzə Ələkbər Sabir: – Bu təxəllüsü mənə əziz dostum Məşədi Həbib verib.
“Hop-hop” quş adıdır. Bu quşun bundan başqa, el arasında yenə bir neçə
adı vardır ki, ona Fatmabacı, Bupbu və Şanapipik də deyirlər. Məşədi
Həbib mənə “Fatmabacı” deyə xitab etmək üçün bu adı seçib. Mən də
bunun əvəzində onun təxəllüsünü “Qızdırmalı” qoymuşam ki, mənasını
hələ bu günə kimi anlaya bilməyib.
S.M.: – Niyə təxəllüsünüzü tez-tez dəyişirsiniz?
M.Ə.S.: – Bunu şirvanlılardan və mühitdən soruşmalısınız.
S.M.: – Abbas Səhhətin neçə yaşı var? Siz böyüksünüz, yoxsa o?
M.Ə.S.: – Başda o böyükdür, yaşda mən.
S.M.: – Səhhət dərin savadlıdırmı?
M.Ə.S.: – Mən onun şagirdiyəm, o, mənə ustaddır.
S.M.: – Osmanlıların klassik şairlərindən kimləri bəyənirsiniz?
M.Ə.S.: – Ziya Paşa ilə Namiq Kamal bəyi.
S.M.: – Tofiq Fikrəti bəyənirsiniz, düzdür?
M.Ə.S.: – Siz, Osmanlı şairlərini soruşdunuz, mən də fikrimi dedim. Fikrət
ərəb şairidir. Onun əsərlərində ərəb sözləri çox işlədilir. Bu adda türk şairi
yoxdur. Yaxşı olardı ki, bunu Məhəmməd Hadi əfəndidən soruşaydınız.
Yaxşısını o, bilər.
S.M.: – “Molla Nəsrəddin” jurnalının 18-ci nömrəsindəki “Gözəlim” ünvanlı
şeirinizin 3-cü və 5-ci bəndləri ayrı bəhrdədir. Bunun səbəbi və hikməti
nədir?
M.Ə.S.: – Hikməti və səbəbi mürgüləməkdir. Mən gecələr Haşım bəy
Vəzirovun nəşr etdiyi gündəlik “Səda” qəzetində işləyirəm. Orada kor
rektorluq edirəm. İdarə xüsusi teleqramlar almır. O qədər gözləyir ki,
“Kaspi”, “Həqiqət” və sair qəzetlər çapdan çıxır. Onlar çıxandan sonra te
leqramlar tərcümə olunur, düzülür, basılır, mən də korrekturasına baxıram.
Mən də o şeiri Haşım bəyin mətbəəsində gecə yarısı yazmışam və ya
zarkən mürgüləyib sonra da yuxulamışam. Yuxudan ayılandan sonra da
davamını yazmışam. Şeir təb olub gələndən sonra səhvimi başa
düşmüşəm ki, bu da çox gec idi.
S.M.: – Mətbu şeirlərinizin hansını çox bəyənirsiniz?
M.Ə.S.: – Heç birini. Bəyəniləsi şeirləri sonra yazacağam.
S.M.: – Sonra, nə vaxt?
M.Ə.S.: – Mürgüləməyəndə.
S.M.: – Nə üçün şeirlərinizi heca vəznində deyil, əruz bəhrində yazırsınız
və şeirin əski formalarını, şəkillərini şiddətli surətdə mühafizə edirsiniz.
M.Ə.S.: – Bu, çox mühüm məsələdir. Görüm, öz fikrimi izah edə
biləcəyəmmi? Məncə, yeni fikirləri və yeni mövzuları mütləq əski formada
və əruz bəhrində vermək və yazmaq lazımdır. Bu, həm də vacibdir. Bunları
birdən-birə dəyişib, oxucunu ədəbiyyatdan yadırğatmaq və soyutmaq
olmaz. İri-iri toplarla hücuma keçən düşmənin qabağına sədəf dəstəli və
qızıl suyu ilə yazılı gümüşü xəncəl ilə çıxmaq ağılsızlıqdır. Əruz bizim deyil,
bunu hamı bilir. Lakin 13 əsrdir ədəbiyyatımızı mühasirəyə almışdır. Bu
mühasirə də böyük-böyük ustadların planı, nəqşəsi və əlləri ilə olmuşdur.
Bu mühasirəni yarıb ədəbiyyatımızı xilas etmək, yenə də yuxarıdakı us
tadlar kimi böyük ustadların əlləri ilə mümkün olacaqdır. Böyük şairləri də,
ustadları da ancaq bilik və xalq yetirə bilər. Şair elin, xalqın hökmranı və
gözünün işığı olmalıdır ki, o, nə desə xalq ona baxsın və nə yazsa, el
oxusun. Bu hökmranlıq da yalnız elin ruhunu bilməklə və tələblərini
ödəməklə olar. Elin halına yanmayıb, güclə hökmranlıq edənlər “dostlarım”
Əbdülhəmid və Məmmədəlinin gününə düşərlər.
Şeir ilə musiqi birdir. Bunların hər ikisi də insanların ruhu ilə əlaqədardır.
Lakin şeir yüksəkdir və onun məqamı ucadır. Şeir musiqisiz olar, musiqi
şeirsiz olmaz. Elin ürəyindən deyilən şeirlər başdan-başa musiqidir. Çünki
hər bir kəs onu öz ahənginə görə uydurub oxuyacaqdır. Musiqimizdə
Segah, Çahargah, Şur, Rast və sair muğamlar vardır. Bunlar bizim deyil,
gəlmədir, amma bizimdir, ruhumuza kök salmışdır, ruhumuzun qidasıdır.
Bu muğamlar əruz bəhrləri ilə bir tarixdə yurdumuza gəlmişdir və bir tarixdə
də gedəcəkdir. Bunların həyatı bir-birinə bağlıdır.
Dörd yüz ildən bəridir Füzulinin şeirlərinin şöhrəti bütün Şərqi qapsamışdır.
Hamı o şeirləri əzbərdən bilir və istədiyi zaman sevə-sevə də oxuyur.
Halbuki bu şeirlər başdan-başa əruz bəhrlərində yazılmışdır. Sədinin,
Hafizin qəzəllərinin qabağına ancaq qəzəllə çıxmaq olardı ki, Füzuli bunu
duymuş, çıxmış və onların nüfuzlarını qırmışdır.
Mən Füzuli “Divan”ına, Füzuli qəzəllərinə başdan-başa nəzirə yazmaq
fikrindəyəm. Yəni, o formada və o bəhrlərdə olmaq şərti ilə yeni-yeni
mövzularda qəzəllər yazacağam. Hələ bir neçə nəzirə də yazmışam. Şeir
odur ki, mövzusu həyatdan götürülüb, özü də açıq və aydın yazılsın, həm
də xalqın ruhuna uyğun şəkildə. Beş gün, üç gün ömür eyləyib yaşayan
şeirlərə şeir deyilməz. Xalqın oxumadığı, əzbərləmədiyi şeir, şeir deyildir.
Çünki onların əsası və bünövrəsi yoxdur, yağış yağanda su üzünə çıxan
qabarcıq, köpük kimi tez çıxıb, tez də batır. Elin ruhundan, ürəyindən
qopmayan şeirlər xalqın ruhunda heç bir zaman həyəcan əmələ gətirə
bilməz. Bir adamı rahat oturduğu yerdə yerindən durğuzub oynatmaq üçün
onun könlü istədiyi və sümüyünə düşən hava çalınmalıdır. Belə olmasa, o,
qollarını açıb süzə bilməz.
Əziz dostum və ustadım olan Səhhət mənim fikrimin bəzi nöqtələriylə şərik
olmursa da, eybi yoxdur. Bunu gələcək göstərəcəkdir.
Təqdim etdi:
Qüdrət PİRİYEV,
“Xalq qəzeti”

 

Şərhlər bağlıdır.