İranda 55 il öncəki vəziyyət təkrarlanır – Pezeşkian Xameneini necə razı salacaq?

İran Prezidenti Məsud Pezeşkiana qarşı klanların cəbhə almağa
başladığı bildirilir. Onun seçkidən sonra konstitusiyada dəyişikliklərin
olacağı ilə bağlı vədi artıq müqavimətlə üzləşib.
Bəzi ekspertlərin fikrincə, M.Pezeşkianın bu məsələdə işi çətindir. Çünki
İran siyasi sistemində ona düşmən mövqeyi ilə seçilən şəxslərin sayı
çoxdur.
İran prezidentinə qarşı bu cür müqavimətin olması nədən xəbər verir?
M.Pezeşkian bu ağır və riskli dönəmdə vəzifəsini problemsiz icra edə
biləcəkmi?
Globalinfo.az -a danışan Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri,
politoloq Sədrəddin Soltan deyib ki, İranda hakimiyyət daxili
çəkişmələr 1979-cu il fevral inqilabından sonra başlayıb. Azerbaycan
ruznamesi.org həmin söhbəti təqdim edir:
“İranın keçmiş ali dini lideri Ruhullah Xomeyni, Hüseynəli Müntəziri və
Məhəmməd Kazım Şəriətmədari arasında konstitusiya ilə bağlı ciddi ixtilaf
vardı. Müntəziri və Şəriətmədari deyirdi ki, İranın yeni konstitusiyasında
dinin aparıcılığı qeyd olunmasın. Bundan başqa onlar həm dini
hakimiyyətə, həm də ali dini lider institutuna qarşı çıxırdılar. Xomeyni isə
israrla qarşı çıxılan bütün bu məsələlərin konstitusiyada əksini tapmasını
istəyirdi.
Sonda elə onun istədiyi də oldu. Bu mənada İran
konstitusiyasındakı dəyişikliklər hər zaman gündəmdə olub”.
Sədrəddin Soltan
Politoloqun sözlərinə görə, İran prezidentinin konstitusiya ilə bağlı
təklifləri olsa da, son qərarı o vermir:
“Məsud Pezeşkianın konstitutsiya dəyişikliyi ilə bağlı təklifi ola bilər. Lakin
məsələdə həlledici qərarı məhz İran ali dini lideri Əli Xameneyi verəcək.
Hesab edirəm ki, Pezeşkian ilə bağlı məsələ həddən artıq şişirdilir. Bu istər
İran, istərsə də bizim cəmiyyətdə çox böyük məyusluq yaradacaq. Çünki
ondan səlahiyyətlərindən böyük işlər etməsi gözlənilir. Lakin o, nə qədər iş
görsə də, ali dini liderin kölgəsindən çıxa bilməz. Odur ki, bu gün İranda
Məsud Pezeşkian konstitusiyada dəyişikliklər, ya da buna bənzər nəsə
edəcək tərzində yanaşmalar özünü doğrultmaya bilər”.
S.Soltan Pezeşkianın hələ rəsmi olaraq prezident fəaliyyətinə
başlamadığını qeyd edib:
“M. Pezeşkian hələ and içməyib, hazırda prezident deyil. Bundan başqa o,
hələ hökumət kabinetini belə formalaşdırmayıb. Heç hökumətinin görəcəyi
proqramı da açıqlamayıb. Qarşıda Pezeşkianı ciddi işlər gözləyir. O,
hökumət kabinetini formalaşdırmalı, bunu isə ali dini lider təsdiqləməlidir.
Odur ki, Pezeşkian hazırda ciddi nə isə etmir. O, sadəcə qatıldığı dövlət
tədbirlərində danışır. Özünün də dediyi kimi o, hələ nə edəcəyini, hardan
başlayacağını bilmir”.
Turan Rzayev

Şərhlər bağlıdır.