Ərdəbildə su ehtiyatları-vəziyyət kritikdir

Ərdəbildə su ehtiyatları-vəziyyət kritikdir
Ərdəbil vilayətinin regional su şirkətinin mühafizə və istismar üzrə müavini Həmid Fəzayıli, vilayətdəki
su ehtiyatlarının vəziyyətini “acınacaqlı” adlandıraraq, Ərdəbilin “susuzluq sərhədinə” çatdığını
bildirib.
Tasnim xəbər agentliyinə danışan Fəzayıli deyib ki, “Hazırda Ərdəbilin su ehtiyatları sahəsində
acınacaqlı vəziyyətin şahidi oluruq. Etiraf etməliyik ki, Ərdəbil susuzluq sərhədinə yaxındır.”
Rəsminin ifadə etdiyi ‘susuzluq sərhədi’, bir bölgənin su tələbatını ödəməkdə çətinlik çəkdiyi nöqtəni
göstərir. Bu sərhəd aşılarsa, su ehtiyatları həm insanların, həm də ekosistemin tələblərini qarşılamaq
üçün yetərli olmaz.
O, Ərdəbil düzənliyinin ölkənin qadağan olunmuş düzənliklərindən biri olduğunu da əlavə edib.
Qadağan olunmuş düzənliklər, yeraltı su ehtiyatlarının kəskin azalması səbəbindən su yığılmasının
qadağan edildiyi və ya məhdudlaşdırıldığı ərazilərdir. Belə ərazilər, yeraltı sulardan həddindən artıq
istifadə və suyun səviyyəsinin azalması səbəbindən böhran vəziyyətinə düşür.
Ərdəbil Regional Su Şirkətinin rəsmisi, Ərdəbil, Meşginşəhr, Muğan və Xalxal bölgələrindəki su
ehtiyatlarının vəziyyətini “narahatedici” kimi dəyərləndirib.
Fəzayıli onu da bildirib ki, “ölkədə 6 milyard kubmetrdən çox yeraltı su ehtiyatı həddən artıq istismar
edilib.” Bu səbəbdən son illər İranda və İran Azərbaycanının vilayətlərində yer çökməsi ciddi problemə
çevrilib.
Ərdəbil vilayətində suyun əsas istifadəsi kənd təsərrüfatına yönəlib. İran Azərbaycanı vilayətlərində
köhnə becərmə üsullarının tətbiqi və dövlətin kənd təsərrüfatı məhsullarının istehsalını artırmaq
siyasəti su sərfiyyatını artırır. Bunun nəticəsində, Urmiyə gölünün quruması, yer çökməsi, suyun
keyfiyyətinin pisləşməsi və səhralaşma kimi ekoloji böhranlar daha da dərinləşir.
Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.