Parlamentdə yaradılan Təşəbbüs Qrupu – tapdanan hüquqların bərpası mübarizəsi – ANALİZ

22 Oktyabr , 2024 

Beynəlxalq güclər, rəsmi İrəvan Azərbaycanla Ermənistan arasında alayarımçıq sülh sazişinin imzalanmasına tələsir. Ancaq iki ölkənin bir müddət sonra üzləşəcəyi problemləri nəzərə almırlar. Onlar belə məsələlərin sənəd imzalandıqdan sonrakı müddətə təxirə salınması təklifini irəli sürürlər.

1919-cu ildə Ermənistanla danışıqlarda sərhəd məsələsinin sonra həll ediləcəyinə razılıq verilmişdi. Ancaq bolşeviklərin Azərbaycanı işğal etməsi ilə torpaqları da Ermənistan SSR-nin ərazisinə qatıldı. Həmin təxirəsalma nəticəsində Azərbaycan SSR-in sahəsi Cümhuriyyətdən qalma 113 min 900 kv.km-dən 86,6 min kv. km-dək kiçilib.

Bu baxımdan, Ermənistan tarixin sınağından da çıxmayıb. Havadarları, xüsusi ilə SSRİ rəhbərliyi Zəngəzuru, Göyçəni və başqa bölgələri Azərbaycandan qopararaq “hamısı sovetlərin ərazisidir” ideyası altında ermənilərə verib.

Azərbaycan və Ermənistan arasında bütün problemlərin bünövrəsi o dövrlərdə qoyulub. O vaxt Ermənistan Moskvanın ərköyün respublikası, ermənilər isə belə vətəndaşı idi. Elə həmin dövrlərdən onlarda Azərbaycanın torpaqlarını ələ keçirmək vərdişi yaranmışdı. Onlar “böyük Ermənistan” xülyasına düşərək yenə sovetlərin yardımı ilə əvvəlcə azərbaycanlıları (türkləri) ölkədən qovub, mal-mülklərini əllərindən zorla alıb, vətəndaşlıqdan məhrum ediblər. Azərbaycanlılar Ermənistandan yarım əsrdə üç dəfə qovulublar. Onlar bu cinayəti sonuncu dəfə 1988-1991-ci ildə törədiblər.

Alagöz qalası

Qərbi Azərbaycan torpaqlarını işğal etdikdən sonra Ermənistan və havadarları Azərbaycanın başqa bölgələrini ələ keçirməyi hədəf alıblar. Onlar yenə həmin gücün yardımı ilə Qarabağ və ətraf rayonları 30 ilə yaxın işğal altında saxlamağa nail olublar.

Ədalət öz yerini gec-tez tutur. Ermənistanın bu müddətdə işğalda saxladığı ərazilər Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilib. Ancaq indi Ermənistan ərazisi sayılan Qərbi Azərbaycan torpaqlarının əsil sakinlərinin isə insan, vətəndaşlıq və mülkiyyət hüquqları hələ də bərpa olunmayıb.

Son illər qərbi azərbaycanlıların tapdanan hüquqlarının bərpası rəsmi Bakının İrəvanla danışıqlarda üstünlük verdiyi məsələlərdəndir.

Milli Məclisdə Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu yaradılması da buna örnəkdir. Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, bu günlərdə Qərbi Azərbaycan İcması Milli Məclisin sədri Sahibə Qafarovaya müraciət ünvanlayıb.

Müraciətdə bildirilib ki, Qərbi Azərbaycan İcması fəal beynəlxalq fəaliyyət həyata keçirərək beynəlxalq təşkilatlar çərçivəsindəki tədbirlərdə tərəf kimi iştirak edir və Qərbi Azərbaycandakı doğma yurd-yuvalarından didərgin düşmüş azərbaycanlıların qayıdış məsələsini davamlı olaraq qaldırır: “Azərbaycana qarşı qərəzli mövqedə olan dövlətlər və beynəlxalq təşkilatlar belə, bu məsələni insan hüquqları müstəvisində tutarlı arqument kimi qəbul etməli olurlar”.

Məktubda icma Milli Məclisdə Qərbi Azərbaycana qayıdış məsələləri üzrə qurumun yaradılması təklifi irəli sürülür. Bildirilib ki, parlamentdə belə bir qurumun yaradılması, ilk növbədə sözügedən məsələ ilə bağlı ölkədəki konsensusu nümayiş etdirəcək, həmçinin Qərbi Azərbaycan məsələsinin qanunvericilik aspektləri ilə yanaşı, parlament diplomatiyası xətti ilə də effektiv şəkildə davam etdirilməsinə imkan verəcək.

Sahibə Qafarovanın sərəncamına əsasən, deputat Əziz Ələkbərovun rəhbərliyi ilə Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu yaradılıb.

Yeri gəlmişkən, Prezident İlham Əliyev sentyabrın sonunda Aşıq Ələsgərin abidəsinin açılış mərasimindəki çıxışında qərbi azərbaycanlıların qayıdışı məsələsinə toxunaraq söyləmişdi: “Üçüncü etnik təmizləmə dalğasına məruz qalmış Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıdacaqlar”.

Bu, qərbi azərbaycanlıların tapdanan hüquqlarının Azərbaycanın ali qanunvericilik orqanı səviyyəsində müdafiəsi məsələsinin Ermənistanla danışıqların əsas mövzularından biri olduğu deməkdir. Başqa sözlə, Ermənistan həm də qərbi azərbaycanlıların pozulan, tapdanan hüquqlarının bərpasına dair üzərinə öhdəlik götürdükdən sonra rəsmi Bakı İrəvanla sülh sazişi imzalaya bilər.

Odur ki, Azərbaycanın sonrakı mərhələyə saxlamaq istəmədiyi başlıca mövzulardan biri də budur.

Ermənistan hakimiyyəti ötən illər ərzində qərbi azərbaycanlıların torpaqlarında xaricdən, o cümlədən Livandan köç edən erməniləri yerləşdirir. Onların repatriant adlanması isə ermənilərin ənənəvi saxtakarlığıdır. Çünki həmin şəxslərin Ermənistanla heç vaxt əlaqəsi olmayıb.

İsrailin “Hizbullah”a qarşı əməliyyatı nəticəsində Livandan ermənilər Ermənistana köç edib. Bu ölkənin diaspor işləri üzrə komissarı Zare Sinanyan bildirib ki, son üç həftə ərzində oradan 870 erməni qəbul ediblər. Onların 460-ı geri, Livana qayıtsa da 410 erməni Ermənistanda qalıb. Zare Sinanyan bildirib ki, Suriyadakı 2011-2012-ci illərin hadisələri zamanı ölkəsinin erməniləri qəbul etmək imkanı indikindən az idi: “İndi imkanımız daha çoxdur”.

Bu həm də o deməkdir ki, həmin livanlı ermənilər adəti üzrə indiki Ermənistanın müxtəlif bölgələrində, o cümlədən Qərbi Azərbaycan torpaqlarında yerləşdirilə bilər.

Ermənistan parlamentinin sədri Alen Simonyan “AzadlıqRadiosu”nun Azərbaycan xidmətinə oktyabrın 18-də verdiyi müsahibədə “istənilən azərbaycanlı İrəvana gəlsin” deyib.

Ancaq bu, qərbi azərbaycanlıların pozulmuş hüquqlarının bərpası anlamına gəlmir.

Rəsmi İrəvan bu məsələnin gündəliyə çıxmasını bu kimi ifadələrlə əngəlləməyə çalışır. Alen Simonyan bununla bildirir ki, sülh sazişi imzalansın, ermənilər Bakıya, azərbaycanlılar da İrəvana səfər edə bilsin. Bununla da o, qərbi azərbaycanlıların hüquqlarının bərpasına dair rəsmi Bakının şərtini ört-basdır etməyə, yaxud kiçiltməyə çalışır.

Son günlər beynəlxalq güclərin Azərbaycana sülh sazişi məsələsi ilə bağlı təzyiqinin növbəti dalğası başlayıb. Onlar hətta, sazişin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) başlayanadək imzalanmasını istədiklərini gizlətmirlər. Bu zaman Azərbaycanın təmin olunmayan təkliflərini hələ də diqqətə almaq istəmirlər. Onların bu davranışı torpaqlar işğal altında olduğu illəri xatırladır. Həmin dövrdə də belə beynəlxalq güclər rəsmi Bakının qəbuledilməz şərtləri imzalamasını, torpaqlardan əl çəkməsini istəyirdilər. Ancaq onların ermənipərəst istəkləri reallaşmadı.

Odur ki, tarixin təkəri bu dəfə nəhayət bu millətin xeyrinə fırlanmaq istəyir. Ancaq deyəsən, onu da əngəlləməyə çalışırlar. Milli Məclisdə Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun yaradılması bu kimi maneələrə, simonyanların, paşinyanların, mirzoyanların və onların havadarlarının çürük, hiyləgər düşüncələrinə cavab da sayıla bilər.

report.az

Şərhlər bağlıdır.