Tarix üçün “etnonim” anlayışının öyrənilməsinin vacibliyini bu sahədə çalışan
çoxsaylı alimlər həmişə qeyd etmişlər.
“Etnonimin yaranması, coğrafi inkişafı, məhv olunması, olması və ya başqa
keyfiyyətlərə keçməsi, başqa sözlə, etnonimin bütün tarixi bu və ya digər
şəkildə etnosun tarixi ilə bağlıdır. Tarixin dərin əsrlərinə endikdə etnonim və
etnos anlayışları daha dolğunlaşır” və bunları tədqiq etmək daha da asanlaşır.
R.Q.Kuzev yazır ki, etnonimin öyrənilməsi mürəkkəb və çoxpilləli etnik tarixin
dərin qatlarının tədqiq edilməsinə imkan verir. M.B.Kryukov “Eramızdan əvvəl
II-I minilliklərdə Qədim Çin yazılı abidələrində dünyanın etnik xəritəsi” adlı
əsərində yazır: “Etnonimin nəzəri problemlərinin tədqiqatı (ən əsası onların
yaranması və funksiya daşıyıcıları) etnik insanların tarixi tipologiyası üzrə
mürəkkəb xüsusiyyət yaratmaqla bərabər, həm də mürəkkəb komplekslərin
çözülməsinə imkan verir”.
Etnonimlərin həqiqi etimologiyasını öyrənmədən və bilmədən tarixçilər
ictimaiyyəti çaşdırıcı yola apara bilərlər. Bu barədə rus tarixçisi D.İlovayski
xəbərdarlıq edir: “Xalqların əsrlər tarixində, daim adların dəyişməsini görürük,
bu da bizi mənbələrdən uzaqlaşdırır və rus, bulqar, xəzər xalqlarının tarixinin
öyrənilməsində çox güclü təsirini göstərir; ancaq tarixşünaslıq elmi
dediklərimdən kənarda qalır və yeni xalqlarla rastlaşdıqda, onları yeni xalq kimi
qeydə alır”. D.E.Yeremeyev isə özünün “Türk etnonimlərinin semantikası” adlı
əsərində qeyd edir ki, türk etnonimləri həm məzmun, həm də formaca müxtəlif
və çoxşaxəlidir. Çox zaman isə bu sosiumun etnik tarixinin yaranmasını əks
etdirir və etnogenetikanın tədqiqatında əlavə mənbə rolunu oynayır.
Etnonimlərin etimologiyası türkşünaslıqda ən çətin məsələ olaraq qalır və
bunun həlli üçün yeni mənbələr axtarmaq və araşdırmanı davam etdirmək
lazımdır.
Avropada eramızın VII əsrində ilk dəfə olaraq Troya (Truva) haqqında əfsanələr
gəzəndə, əvvəlcə “türk” sözünə ciddi diqqət yetirməyə başladılar, çünki Troya
çarının adı TORQURUS “türk” etimologiyası ilə çox uyğun gəlirdi.
Qeyd etmək lazımdır ki, “Avesta”nın qəhrəmanlarından biri Tur olub.
Firdovsinin “Şahnamə” əsərində də “Turan” sözünün “tur”, daha sonra isə “türk”
termini ilə bağlılığı göz qabağındadır.
“Divanü luğat -it-Türk” əsərində Mahmud Kaşğari “türk” sözünü üç mənada
verib:
1. Türk kudaş edi – günəş göyün ortasında
2. Türk üzüm edi – üzümün dəymiş vaxtı
3. Türk yigit – ər türk, döyüşkən cavan
“Qədim türk sözlüyü”ndə isə “türk” termini aşağıdakı mənaları verir:
1. Türk – güclü, qüdrətli
2. Türk – tayfalar ittifaqı
Azərbaycan tarixçisi Altay Məmmədov Türkiyə alimi Adilə Aydana istinadən
qeyd edir ki, ərəb əlifbası ilə iki şəkildə yazılan “türk” sözü dörd cür oxuna bilər:
“TÜRK,TÜRÜK,TÖRK,TÖRƏK”. Daha sonra o yazır: “Türk qrammatikası
formalaşma mərhələsində ikən bir qisim türklər verimli – məhsuldar bir torpağa
yerləşib köçərilikdən əl çəkəndə, bunlara başqa türklər – “TUR”lar, “TURUK”lar,
DURALLAR demişlər”.
Göründüyü kimi, yuxarıda qeyd etdiyimiz “türk” sözünün dörd cür oxunuşuna
təəssüflər olsun ki, uzun illər diqqət yetirilməmiş, eyni məna daşıyan bu sözlərə
müxtəlif interpretasiya verilmişdir.
Professor F.Ağasıoğlu “Azər xalqı” kitabında sözlərimizin təsdiqi kimi yazır:
“Qədim Azərbaycanda türk adlı boylar m.ö. III minillikdə qurulan Aratta, Quti,
Lullu dövlətləri zamanında üzdə olmasalar da, həmin dövlətlərin qurulmasında
digər türk boyları ilə birgə iştirak etmişlər”
Assurları (aşşurlar- Y.O.) ən çox narahat edən məlumat türk dəstələrinin kiçik
və ya böyük qüvvə ilə basqın edəcəyi xəbəri idi. Bu baxımdan, 21 №-li tabletdə
verilən məlumat xarakterikdir.
“Turuk düşmanı çıxdı və (…)yə getdi.
O, Kakkulatimi işğal etdi…bu hücumdan bəzi tutukların sayı çox görünmür.
Ancaq arta bilər. Onlar gəlməyə davam edəcək”.
Umumiyyətlə, “türk” termininin mənasını dünya alimləri müxtəlif cür yozmuşlar.
Məsələn, Vamberi və L.Munkaçi “türk” sözünə “yaradıcı”, “insan”, V.Tomson və
Y.Nemət “güc”, “qüvvət” mənasının verilməsini daha məqsədəuyğun hesab
edirlər.
Bununla yanaşı “türk” termininə yanaşmada iki nəzəriyyə mövcuddur. Birinci
nəzəriyyə tərəfdarları hesab edirlər ki, “türk” etnoqrafik termindir. İkincilər isə
belə düşünürlər ki, bu sözə yalnız siyasi anlamda yanaşmaq düzgün olardı.
Akademik V.V.Bartold ikinci nəzəriyyənin tərəfdarıdır və “türk” sözünü
etnoqrafik termin hesab etmir. O iddia edir ki, “türk” sözü “qanun”, “adət”
deməkdir və “türk” f”türü”g xalqların qanun əsasında birləşməsi” mənasını verir.
Lakin akademiklər A.N.Kanonov və N.Y.Marr V.V.Bartoldun bu fikri ilə
razılaşmır və belə hesab edirlər ki, V.V.Bartoldun yazdıqları mülahizələrdən
başqa bir şey deyil və bunun inkişafı bu sahədə özünə yer tapa bilmədi.
Qeyd etməliyik ki, A.N.Kononov N.Y.Marrın “türk” sözünün “tar-xan”dan
yaranması fikri ilə razılaşır və bu termin altında Tanrı tərəfindən seçilmiş təbəqə
və tayfa birləşmələrinin eyni kökdən olan ittifaqı kimi qəbul edir.
A.N.Kononov yazır: “Burada mən diqqəti N.Y.Marrın dediyi yerlərə yönəltmək
istəyirəm. Belə ki, “türk” termini Allaha bərabər olan seçilmiş təbəqə ilə
bağlıdır”.
Qeyd etməliyik ki, “tar” sözünün “türk” termininə sinonim olması bir çox müasir
alimlərimiz tərəfindən təsdiq olunur. Məsələn, professor F.Ağasıoğlu yazır:
“Proto-azərilərin (həmçinin prototürklərin) mənşəyinə işıq salan teonimlərdən
biri də tar / tur allamorfu ilə işlənən Tar sözüdür ki, bu da sonralar türk (tur-uk)
etnoniminin yaranmasına səbəb olmuşdur. Azər dialektində bu gün də Tarı
sözü “Allah” anlamında işlənir”.
Sonralar Tar / tur termini müxtəlif toponim, etnonim, hidronim, həmçinin adlarda öz əksini tapmışdır. Turan, Turova, Tural, Tarkan, Trek, Taran, Tar. Qəribədir ki, Troyadan İtaliyaya məlum səbəbdən köç etmiş etruskların ulu babasının adı Tarkan olmuşdur. Çinin qərbində yaşayan uyğurlara, həm də “tarançı” deyirlər.
Tatar sözü “tarlıq tatarları” sözünə bərabərdir.
Qeyd etmək yerinə düşərdi ki, tarixin atası Herodot iskitlərin (skiflərin) soy-kökü
haqqında yazarkən aşağıdakı önəmli sözləri qeyd edir: “…Bir vaxtlar hələ
məskunlaşmamış bu ölkənin ilk sakini TARQITAY (kursiv- Y.O.) adlı bir adam
olmuşdur. İskitlərin (skiflərin) dediyinə görə, Tarqıtayın atası Zevsdir, anası isə
Borisfen çayının qızıdır (iskitlər buna israr etsə də, mən buna inanmıram). Belə
bir əsil-nəsəbi olan Tarqıtayın da üç oğlu varmış”.
Yeri gəlmişkən, eyni dilə və inanca malik olan bütün tayfaların birləşmiş adı türk
olsa da, siyasi baxımdan bunu “el” adlandırırdılar. Maraqlıdır ki, “el” sözü həm
siyasi ittifaq, həm ordu, həm də tayfaların birliyi kimi nəzərdə tutulurdu.
“El” termini tarixi semantika baxımından indiki ənənəvi çalarlarla (“Oğuz elləri”,
“Kafir elləri”, “El-oba”) yanaşı, siyasi səpkidə – dövlət mənasında işlədilir. Bu
sözə “Kitabi – Dədə Qorqud”da tez-tez rast gəlirik. Burada “el” sözü həm də
siyasi məna daşıyır. Məsələn, “Eldə yağı yox ikən, sənin babanın üstünə yağı
gəldi” cümləsində “el” siyasi termin kimi verilmişdir.
Mahmud Kaşğarinin lüğətində də “el” termini öz mahiyyətini itirmir:
El = el, vilayət
El = açıqlıq, boşluq
Elbaşı = atabaxan, mehtər, vilayətin başçısı
El = iki bəy arasında barışıq
Elboy = sülh, barışıq etmək
L.N.Qumilyova görə isə qədim türklər böyük bir ərazini “el” adlandırırlar.
F.Ağasıoğlu “el” sözünə başqa bir nöqteyi-nəzərdən yanaşır. Biz onun
fikirlərinə diqqət yetirməyə və bölüşməyə borcluyuq. O yazır: “Ulu
soydaşlarımızın qurduğu Quti elinin tarixi həm də demokratiya tarixi kimi
qiymətlidir, çünki əsl xalq hakimiyyəti olan demokratik seçki ilə formalaşmış
iqtidar institutu olan Quti eli hakimiyyətin atadan oğula keçdiyi qonşu Akkad,
Şumer, Elam dövlətlərindən fərqlənirdi. Qədim dilimizdə xalq və dövlət
anlamlarının bir sözlə – “el” sözü ilə ifadə olunması da türk etnosunun
demokratik ruhundan yaranmışdır”.
“Qədim türk sözlüyü”ndə də “el” sözü müxtəlif mənalarda işlənir:
1. El – tayfa ittifaqı; (men elig etmiş men – mən tayfaların ittifaqını yaratdım)
2. El – xalq
3. El – dövlət
4. El begi – vəzifədə olan
5. El kün – xalq
6. Elçi – səfir, qasid, elçi
A.N.Baskakov “türk” termininin qohum tayfaların münasibətlərindən və
ittifaqından yaranan bir söz olduğunu iddia edir.
A.N.Kononov isə hesab edir ki, müasir xüsusi ədəbiyyatda rast gəlinən “türk,
turuk, türkü, türküt” sözlərindən ən düzgün olan variantı və düzgün oxunası
“türk” terminidir.
L.N.Qumilyov isə qeyd edir ki, istənilən xalqın tarixi kök etibarı ilə qədimə çıxıb
gedir və konkret tarixdən başlanır.
Qədim türk lüğətində, əgər semantika nöqteyi -nəzərdən yanaşsaq “türk”
sözünü “tör” ilə də başlatmaq olar. Bu zaman bunun mənası “layiqli yer” kimi
də başa düşülə bilər.
E.M.Murzayeva, M.N.Pavlova kimi alimlər qeyd edirlər ki, qazax, qırğız, pamir,
ispan, katalon və başqa dillərdə “tör”, “tor” sözləri “yuxarı”, “yüksək”, “zirvə”.
“dağ”, “qüllə”, “bürc”, “dağın ən yüksək zirvəsi”, “yüksək dağlıq yer”, “layiqli yer”
mənalarını verir.
Bu açmalar bir daha göstərir ki, “tör”, “tor” sözləri müxtəlif mənalarda işlənsə
də, hamısı “yuxarı”, “yüksəklik” anlamları ilə üst-üstə gəlir, yəni bu sözlərdən
yaranan “türk” sözü də yüksəkdə duran bir xalq, yaxud tayfa kimi nəzərdə
tutulur və bu yüksəklik “güc” və “qüvvə” olaraq cəmiyyətin iyerarxiyasına tətbiq
olunur. XIII əsrdə Qaraqorumda olan səyyah Marko Polo xaqanın ziyafətində
iştirak edərkən bu iyerarxiyanı belə təsvir edir: “Ziyafətdə böyük xaqan (Xubilay
xan) masa arxasında belə oturur; onun masası digər masalardan çox yuxarıda
durur. Xan zalın dərinliyində arxası şimala, üzü cənuba əyləşir. Sol tərəfində
böyük və sevimli xatunu, bir az aşağı masada oğulları və yaxın qohum-əqrabası
otururlar. Özü də onlar masalarına əyləşərkən başları xaqanın ayaqları
bərabərliyində olmalıdır. Bir az aşağıda isə adlı-sanlı əyanlar və onların
xanımları yerləşirlər… Burada hər kəs öz yerini bilir və hər kəs böyük xaqanın
müəyyən etdiyi qaydada əyləşməlidir”.
Göründüyü kimi “türk” sözünün anlamına XIX – XX əsrlərdə müxtəlif cür
yanaşsalar da, iqtibas gətirdiyimiz alimlər, yanaşmaları müxtəlif olsa da, eyni
fikirdə olurlar ki, bu söz “güc”, “qüvvət” mənasını verir. Təbiidir ki, “güc”,
“qüvvət” olan bir yerdə millətin “layiqli”, “yüksək”də yer tutması heç kimi
təəccübləndirməməlidir.
Biz də belə fikirləşirik ki, birinci element “türk” termini “TÜR” sözünün fonetik
variantıdır. Bu söz bizi qəbilələrin, tayfaların, xalqların çox qədim vəziyyətinə
gətirib çıxarır. TÜR (TİR-TÖR-TÖS) elementi bizi türk elementilə ibtidai totem
baxışlarına aparır. TİR-TÖR-TÖS-ün semantikası imkan verir ki, bu söz “məbəd
yeri”, “seçilmiş yer”, “obada ən yaxşı yer”, “ocaq başında ən başlıca yer”
mənasında “hakim”, “ağa”, “qanun”, “adət”ə qədər uzun bir yol keçsin. Elə
M.Kaşğaridə də TÖR-TÖRƏ evin yuxarı başı, divanı, kürsüsü, TÖRÜ sözü
adət-ənənə və törədilmək, yaradılmaq kimi başa düşülür. “El kalır, törü kalmas,
yəni eldən vaz keçmək olar, törədən vaz keçmək olmaz”.
Törələr haqqında yazmamışdan öncə bizi daha bir sual maraqlandırır. “Türk”
hansı coğrafiyadan yayılıb. Mərkəzi Asiya tarixinə nəzər yetirsək görərik ki,
türklərin adı “hun” etnonim olaraq e.ə. IV əsrdən dövlət olaraq çəkilir.
Doğrudanmı Ön Asiyada, Anadoluda, Azərbaycanda eramızdan əvvəlki
minilliklərdə yaşamayıblar. Əlahəzrət fakt bunun əksini deyir. Başlayaq
şumerlərdən. Məlumdur ki, qədim şumerlərdən bizə gələn dastanın baş
qəhrəmanı Bilqamısdır. F.Ağasıoğlu bu barədə yazır: “Bilqamıs adında “Bilikli”
anlamı olduğu üçün şumerlər də bu qəhrəmanı “hər şeyi bilən” el (dövlət)
başçısı kimi öygüləmişlər. Akkadlarda bu dastanın ilk misrasını “Dünyagörmüş
barədə” sözlərilə vermişlər. Bilqamısın adı türk dövlət başçılarına verilən
“Bilgə” titulu ilə izah oluna bilər, məsələn 581-ci ildə göytürklərin batı qolunda
xaqan elan edilən Tardu Xaqan “Bilgə” titulu almışdı, məşhur Toyukuk da bu
titulu daşımışdır.
İndi baxaq, aydınlaşdıraq, görək ki, “bil” sözü türklərdə hansı anlamı verir.
ARDI VAR
Əvvəlki
Şərhlər bağlıdır.