“Qəzza zolağında Həmasdan başqa silahlı qruplar da fəaliyyət göstərir”

-Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi SƏDRƏDDİN SOLTAN

Amerika Birləşmiş Ştatları BMT Təhlükəsizlik Şurasına Qəzza zolağında ən azı
iki il müddətinə beynəlxalq hərbi kontingentin yaradılmasını nəzərdə tutan
qətnamə layihəsi təqdim edib. Layihədə ABŞ-a və digər iştirakçı ölkələrə Qəzza
zolağının idarə olunması və 2027-ci ilin sonuna qədər təhlükəsizliyin təmin
edilməsi ilə bağlı geniş səlahiyyətlərin verilməsi nəzərdə tutulur. Sənəd yaxın
günlərdə BMT Təhlükəsizlik Şurasında müzakirə olunacaq.

İsrail və Həmas arasındakı atəşkəs isə ara-sıra pozulur. Bəs buna niyə hələ də
tam əməl olunmur və pozuntular niyə baş verir?
Mövzu ilə bağlı Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi
Sədrəddin Soltan bildirib ki, əslində, atəşkəsə əməl olunur və ara-sıra atəşkəsin
pozulması kimi təqdim olunan hadisələr ümumi prosesə ciddi təsir göstərmir:


“Əvvəllər İsrailin iki hərbçisi Qəzza zolağında öldürüldü və bunun
nəticəsində İsrail Qəzza zolağını bombaladı, onlarla insan həlak oldu.
Həmas isə bəyan etdi ki, həmin hadisədə onların əli yoxdur. Bu isə
göstərir ki, Qəzza zolağında Həmasdan başqa silahlı qruplar da
mövcuddur.
Bu vəziyyət onu göstərir ki, Qəzza zolağına yalnız Həmas nəzarət etmir.
Digər tərəfdən, Həmas daxilində belə qüvvələr mövcuddur ki, İsrail ilə
mövcud atəşkəs rejiminin qorunmasına tərəfdar deyillər. Buna görə də
onlar ara-sıra atəş açır və bu hadisələr atəşkəsin pozulması kimi təqdim
olunur”.
Siyasi şərhçi qeyd edib ki, regionda Həmasla İsrail arasında atəşkəsin baş
verməsini və davam etməsini istəməyən xarici qüvvələr də mövcuddur:
“Bunlar ABŞ və İsrailin rəqibi olan qüvvələrdir və atəşkəsin pozulması
kimi təqdim olunan hadisələrdə iştirak edə bilərlər.
Buna baxmayaraq, İsrail və Həmas arasında əldə edilmiş atəşkəs rejimi
ümumilikdə davam edir. Əgər atəşkəs pozularsa, bu ABŞ və İsrailin
nüfuzuna, eləcə də Qahirədə atəşkəsə təminat verən ölkələrin nüfuzuna
ciddi zərbə vura bilər. Bu səbəbdən, atəşkəsin pozulması ehtimalı azdır
və prosesin davam etməsi daha məntiqlidir.
Əgər atəşkəs pozulsa və yenidən hərbi əməliyyatlar başlasa, ABŞ
regionda təşəbbüsünü, nəzarətini və gücünü itirmiş olacaq. Buna görə də
hələlik atəşkəsin pozulacağı ehtimalı azdır”.
Şəbnəm

Şərhlər bağlıdır.