NAZIR İRAN KANALLARININ AZƏRBAYCANIN CƏNUBUNDA KÜTLƏVI YAYIMI HAQDA

- YAXIN AYLARDA QARŞISI ALINACAQ

“İran kanallarının Azərbaycanın Cənub zonasında bizim milli kanalların tezliyində kütləvi yayımlanması texniki məsələdən daha çox tənzimləmə məsələsidir. Beynəlxalq Telekommunikasiya İttifaqının tövsiyələrinə uyğun olaraq, davamlı şəkildə bu tezliklərin koordinasiya işi aparılır”.

Azerbaycanruznamesi.org “Report”a açıqlamasında Azərbaycanın Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin dediklərini dərc edir.

Nazirin sözlərinə görə, Azərbaycanın digər qonşuları ilə eyni məzmunda problemi yoxdur: “Bilirsiniz, Rusiya, Gürcüstan və hətta Xəzər üzərindən bizimlə həmsərhəd olan Türkmənistan və Qazaxıstanla bizim hər hansı problemimiz yoxdur. Yeganə olaraq İran kanallarının kütləvi şəkildə bizim Cənub zonamızda yayımlanması ilə rastlaşırıq. Bu baxımdan da artıq İranla və İranın müvafiq qurumları ilə işlərə başlamışıq və işlər davam etdirilir. Hesab edirəm ki, yaxın aylarda biz bunu real effektini görəcəyik”.

Qeyd edək ki, 2019-cu ildə Azərbaycana səfər edən İranın keçmiş informasiya və kommunikasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Yaromi (Mohammad-Javad Azari Jahromi) sayta müsahibəsi zamanı bildirmişdi ki, bu sahədə ortaq işçi qrupu yayradılıb və fəaliyyət həyata keçirilir.

“Biz dünya standartlarına uyğun olaraq 2,5 kilometrlik şüa nəzərdə tuturuq. Həmin məsafədə tezliklərə nəzarət etməliyik. İranla Azərbaycanın 370 kilometrlik sərhədi var, yalnız Ərdəbil vilayəti istiqamətində İran tərəfdə 180 kənd var. Düzdür, bu sahədə işlər görülüb və tezliklərə müdaxilələr azalıb, amma 2,5 kilometrlik məsafədə insanlar yaşayır və onlar yenə də müəyyən problemlərlə üzləşirlər. İşçi qrupu davamlı olaraq işləyir və vəziyyətin yaxşılaşdırmasına çalışır. Tezlik belə deyil ki, ona bu nöqtədən o tərəfə keçmə deyilsin, bu, dalğadır. Amma ona nəzarət etmək lazımdır”, – Məhəmməd Cavad Azəri Yaromi qeyd etmişdi.

Şərhlər bağlıdır.