GÜNEY AZƏRBAYCAN – 1946

Dil haqqında Azərbaycan Milli Hökumətinin qərarı:

Xalqımızı dövlət aparatına yaxınlaşdırmaq və cəmiyyətin ehtiyaclarını sadə bir şəkildə anlamaq və həmçinin milli dil və mədəniyyətimizin tərəqqi və təkamül yollarını təmizləmək üçün Azərbaycan Milli Hökuməti özünün 6 yanvar 1946-cı il tarixli iclasında aşağıdakı qərarı qəbul etmişdir.

  1. Bu gündən etibarən Azərbaycanda Azərbaycan dili rəsmi dövlət dili hesab olunur. Dövlətin qərarları və rəsmi elanları, həmçinin xalq qoşunları hissələrində verilən fərmanlar və qanun layihələri mütləq Azərbaycan dilində yazılmalıdır.
  2. Bütün dövlət, milli, ticarət və ictimai idarələr də öz işlərini Azərbaycan dilində yazmağa məcburdurlar. Bu dildə yazılmayan sənədlər rəsmi hesab olunmayacaqdır.
  3. Məhkəmələrdə işlərin icrası tamamilə Azərbaycan dilində aparılmalı, bu dili bilməyənlər üçün tərcüməçi təyin olunmalıdır.
  4. Azərbaycanın bütün idarə, müəssisə və ticarət evlərinin tabloları mütləq Azərbaycan dilində yazılmalıdır.
  5. Rəsmi iclaslar və yığıncaqlarda məruzə və müzakirə Azərbaycan dilində olmalıdır.
  6. Azərbaycanlı olmayıb başqa dildə danışanlar və bütün dövlət idarələrində xidmət edənlər Azərbaycan dili ilə yazıb oxumağı və danışmağı öyrənməlidirlər.
  7. Maarif Nazirliyi idarə məmurlarını Azərbaycan dili ilə tanış etmək məqsədi ilə ayrı dillərdən savadı olanlar üçün idarələrin nəzdində böyüklər üçün xüsusi kurslar açmalı, bu kurslarda hazır olanların iş müddəti bir saat azalmalıdır.
  8. Azərbaycanda yaşayan başqa millətlər öz işlərini öz ana dillərində aparmağa haqlıdırlar, lakin onlar öz rəsmi elanları və yazılarında öz milli dilləri ilə bərabər Azərbaycan dilini rəsmi dövlət dili olaraq işlətməlidirlər.
  9. Azərbaycanda yaşayan xırda millətlərin xüsusi milli məktəblərindəki təlim öz ana dillərində olduğu halda Azərbaycan dilinin də tədrisi məcburidir.
  10. Azərbaycan Milli Hökuməti Maarif nazirinin məktəblərdə tədrislərin Azərbaycan dilində olması haqqındakı qərarını təsdiq edib məktəblərin milli dilə keçməsini bütün müəllim və müəllimələrə bir milli vəzifə kimi tapşırır.

Azərbaycan Milli Hökumətinin Baş naziri Pişəvəri.

 “Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz. No 96, 9 yanvar 1946-cı il 

Təqdim etdi: Məsud Ələmdarlı Müzəffər

Şərhlər bağlıdır.