VAŞİNQTONDA ERMƏNİ FAŞİZMİNƏ MEYDAN OXUNDU

Azərbaycan Demokrat Firqəsinin üzvləri hər yerdə Xocali faciəsini anım tədbirlərində iştirak ediblər

Fevralın 26-da dünyanın dördbir tərəfinə səpələnmiş iranlı mühacirlər, həyatın sərt sınaqlarından çixan mübarizlər, o cümlədən şanlı tarixə malik Azərbaycan Demokrat Firqəsinin üzvləri, tərəfdaşları Xocalı soyqrımı qurbanlarının xatirələrini müxtəlif səpkili tədbirlərlə anıblar. Formatından asılı olmayaraq bu toplantılarda XX əsrdə faşizmin, qəddarlığın ifrat təzahürlərindən sayılan erməni vəhşiliyindən qəzəb hissi ilə danışılıb. Bütöv bir eli soyqrıma məruz qoyan imperiya rəhbərlərinin, əmr verənlərin və icraçıların indiyədək cəzalandırılmadığından dərin təəssüf və nifrət hissi ilə söhbət açılıb.

ADF-nin orqanı olan azerbaycan-ruznamesi.org saytına həmin gün iranlı mühacirlərin və firqə üzvlərinin Bakıda,  Azərbaycan Respublikasının bölgələrində düzənlənən anım tədbirlərində iştirakından gün ərzində yazdı. Skandinaviya ölkələrindən, Danimarkadan, Almaniyadan…  bu mövzuya aid redaksiyamıza ünvanlanan informasiyalar vasitəsilə aksiyalardan, toplantılardan xəbər tutduq.

Güney Azərbaycanda yaşayan soydaşlarımız yenə təqiblərə, təzyiqlərə əhəmiyyət vermədən qan qardaşları ilə həmrəyliklərini bildirməyin orijinal üsullarını tətbiq etdilər. Çünki soyqırım ifadəsi soydaşlarımıza hələ ötən əsrin iyriminci illərindən məlumdur. Yalnız 1918-1920-ci illərdə daşnaklar Güney Azərbaycanda 200 minə yaxın insanı qətlə yetiriblər. Şah diktaturası 1946-cı ilin dekabrında 21 Azər hərakatının məğlubiyyətindən sonra 30 minə yaxın insanı güllələmiş, dara çəkmiş, 10 minləri İran Ərəbistanının səhralıqlarına sürgün etmişdir. “Vilayəti-fəqiq” rejimi də bu “ənənəni” özünəməxsus tərzdə davam etdirmiş, vətənpərvər insanlara divan tutmuşdur və tutmaqdadır. Zorakılıq, saxta ittihamlarla oxunan hökmlər heç vaxt unudulmayan, bağışlanılmayan bəşəri cinayətlərdir. Bütün bunlar qəzəblə xatırlanıb, şəhidlərin ruhuna ehtiram ifadə olunub. Eyni zamanda dünya azərbaycanlılarının istinadgahı, ümidgahı sayılan müstəqil Azərbaycan Respublikasının 29 il erməni işğalı altında qalan torpaqlarını düşmən tapdağından azad edən xalqımızla, onun Müzəffər Ali Baş Komandanı İlham Əliyevlə, Zəfərli Silahlı Qüvvələrimizlə həmrəylik qürur hissi ilə dilə gətirilib.

Əlbəttə, fevralın 26-da aldığımız informasiyaları oxuduq, həvəslə yaydıq, başqaları ilə paylaşdıq. İsveçdə yaşayan tanınmış ictimai-siyasi xadim Abdulla Əmir Haşimi Cavanşir gün başa çatandan sonra Vaşinqtondan ona göndərilən video reportajı bizə ünvanladı. Qısa dərkənar da yazmışdı: “Bu gün 26 fevral 2021-ci ildə Amerika Birləşmiş Ştatlarının paytaxtında, Vaşinqton şəhərində, Ermənistan səfirliyinin qarşısında,  Xocalı soyqırımı ilə bağlı Azərbaycan Demokrat Firqəsi (ADF) və digər təşkilatların təşəbbüsü ilə mitinq taəşkil edildi”.  Xəbərin mühüm əhəmiyyəti ondadır ki, adıçəkilən şəhər erməni lobbisinin daim rahatca söykəndiyi istinadgahlardan biridir.

Nəzərə alsaq ki, Bakı ilə Vaşinqton arasındakı vaxt fərqi 10 saatdan yuxarıdır, materialı ertəsi gün təqdim etmək məcburiyyətində qaldıq.

Azərbaycan Demokrat Firqəsi məhz həmin amili əsas götürərək məsləkdaşlarımızın çəkinmədən tədbirin təşkilatçıları sırasında olmalarını, cəsarətli, məntiqi çıxışlarını şanlı ənənələrimizə sədaqət nümunəsi kimi dəyərləndirir, onlara və bütün iştirakçılara salamlarını, təşəkkürlərini yetirir.

 Rəhim Hüseynzadə,

Azərbaycan Demokrat Firqəsinin sədri   

Şərhlər bağlıdır.