ANA DİLİ

ALFONS DODENİN “SON DƏRS” KİTABINDAN TƏRCÜMƏ

İki gün öncə www.qirmiz.com saytında məşhur fransız romançısı, dramaturqu və çoxsaylı parlaq hekayələrin müəllifi Alfons Dodenin (1840-1897)  “Son dərs” adlı hekayəsini Ayla Təbrizlinin Azərbaycan dilinə tərcüməsində gördüm. Əski Azərbaycan əlifbasında (Azərbaycan dilində ərəb qrafikası ilə) yazılmış həmin hekayənin mətnini latın əlifbasına çevirib, onu dostlarımın və əziz oxucularımın diqqətinə təqdim edirəm. Qeyd etməliyəm ki, Ayla Təbrizli hekayəni həm ixtisarla və həm də bugünkü Cənubi Azərbaycanın milli-mədəni mühitinə uyğun bir tərzdə tərcümə etmişdir.

Bu hekayənin məzmunu diqqətimi çox cəlb etdi və mənə Azərbaycan tarixində yaxın keçmişdə baş vermiş bir hadisəni xatırlatdı və onunla  Alfons Dudenin  “Son dərs” adlı hekayəsi arasında olan çox yaxın oxşarlığı və tale birliyini gördüyümdən tariximizdə baş vermiş həmin hadisə barədə qısa arayışı da dostlarıma və oxucularıma öncə təqdim etmək istədim ki, ana dilinin  insanların milli kimliyinin və mənliyinin, milli varlığının və milli şüurunun formalaşmasında oynadığı rolu və gərəkliliyi daha aydın göstərə bilim:

“1945-ci ilin dekabr ayının 12-dən 1946-cı ilin dekabrayının 12-nə kimi İranda Cənubi Azərbaycanda Seyid Cəfər Pişəvərinin rəhbərliyi altında yaradılmış və fəaliyət göstərmiş Azərbaycan Milli Hökməti (AMH) tərəfindən bu milli rayonda maarif və mədəniyyət sahəsində bir sıra demokratik islahatlar həyata keçirildi: hər şeydən əvvəl AMH-in 1946-cı il 6 yanvar tarixli qərarına əsasən Azərbaycan dili bu əyalətin rəsmi dili elan edildi və bu dildə 3800 savadsızlığı ləğvetmə krsu açıldı, kədlərdə 3000-dən yuxarı, şəhərlərdə isə 500-ə yaxın ibtidai və orta məktəb yaradıldı, xalqtəsərrüfatının müxtəlif sahələri üçün kadrlar hazırlayan kurslar və texnikumlar tşkil edildi. Təbrizdə Universitet yaradıldı. Azərbaycan dilində 50-yə qədər müxtəlif adda qəzet və jurnalar, dərsliklər, bədii ədəbiyyat əsərləri nəşr edilməyə başladı, kinoteatrlar tikildi, radiostansiya və radio komitəsi yaradıldı, Milli qəhrəmanlara – Səttarxana və Bağırxana heykələr ucaldıldı. AMH 64 milyon tümənlik büdcədən 15,6 faizini təkcə Azərbaycan marifinin inkişafı üçün ayırdı. Azərbaycan milli-demokratik hərəkatının yatırılmasından sonra maari və mədəniyyət sahəsində qəbul edilmiş və müvəffəqiyyətlə həyata keçirilmiş bütün qərar və qaunlar ləğv edildi, yenidən və çox sərt qaydada Azəbaycan dilindən istifadə dairəsi məhdudlaşdırıldı, ana dilində çıxmış kitablar yandırıldı, Təbriz Universiteti və teatrı bağlandı, milli dildə radio verilişləri və film nümayişi qadağan edildi. Fars dilini rəsmi dil və hətta ünsiyyət vasitəsi kimi yaymaq siyasətinə yenidən başlanıldı” (S.Z.Bayramzadə. İran hakim dairələrinin Cənubi Azərbaycan maaarifi və mədəniyyəti sahəsindəki siyasəti (197-1978-ci illər) – Cənubi Azərbaycan tarixi məsələləri (ikinci işlənimiş nəşri). Bakı, “Elm”, 1991, s.47-48).

 

ALFONS DODE: “SON DƏRS”

O gün mədrəsəyə yubanmışdım. Ona görə qorxurdum, müəllimin qəzəbinə gələm, xüsusilə də dil bilgisi dərsini soruşacaqdı. Mən də bir kəlmə bu dərsdən öyrənə bilməmişdim.

Könlümdən keçdi, dərsi, mədrəsəni kənara qoyub baş götürüb bağ-bağata gedəm. Hava xoş idi. Quşlar meşədə oxurdular. Bu gözəlliklər mənim fikrimi dərsdən çox məşğul eləmişdi. Amma bu fikirlərin qabağında dayanıb mədrəsənin yolunu tutdum. Kəndxudanın evinin yanından keçəndə camaatı gördüm ki, orda dayanıb bir elanı oxuyurdular. İki il olardı ki, kənddə hər nə kədərli xəbər gəlirdi burdan yayılırdı. Ona görə orda dayanmadım, öz-özümə dedim, “görəsən, yenə nə yuxu görüblər bizlərə?”. Yolumu tutub əcələ ilə özümü mədrəsəyə yetirdim. Məmuli günlər dərsin başlanğıcında elə qışqır-bağır salardılar ki, hay-küyləri küçəni götürərdi, uca səs ilə dərsi təkrar eləyib hay salardılar. Müəllim də əlində olan hər zamankızopayla mizə vurub deyərdi: “səssiz olun”. O gün də bu fikirlə gözləyirdim, şagirdlərin hay-küyü içində dərs otağına girib kimsə mənim yubanmağımı bilmədən gedib yerimdə oturam. Amma mənim fikirlərimin əksinə, o gün elə bir səssizlik vardı ki, elə bil şagirdlərin heç biri mədrəsədə deyil. Pəncərədən dərs otağına baxdım, şagirdlər öz yerlərində oturmuşdular, müəllim də əlindəki qorxunc zopayla dərs otağında dolanırdı. Gərək qapını açıb o ağır sükut içində içəri girəydim. Bəllidir ki, bu işdən nə qədər qorxub və utanırdım, amma başqa bir yol yox idi, çarəsiz dərs otağına daxil oldum, amma müəllim məhəbbətli bir baxışla mənə baxıb, mehribanlıqla dedi: “Tez ol, yerində otur. Az qalırdı, dərsi sənsiz başlayaq”. Tez yerimdə oturdum, bir az keçəndən sonrakı qorxum azaldı və rahatladım. Təzə bildim ki, müəllim hər günkü köhnə paltarların yerinə ödül verilən və nazir gələn günlərə məxsus paltarlarını geyibdir və dərs otağında rəsmi günlərə aid olan bir cov (atmosfer) var, amma mənim üçün təəccüb gətirən məsələ bu idi ki, dərs otağının axırında həmişə boş olan nimkətlərindəki)dərs partalarındakı) yerlərdə kəndin kişilərindən bir çoxu oturmuşdular. Onların arasında kəndxuda və məktub gətirən və bir çox tanınmış insanlar vardılar ki, hamısı qəmli görünürdülər. Bir yaşlı kişi əski bir əlifba kitabını dizləri üstündə açıb, qalın gözlüyün arxasından hərflərinə baxırdı. O anda mən ki gördüklərimə heyran qalmışdım, müəllimi gördüm ki, yerində oturdu, həmin məhəbbətli, amma qəmli səsilə ki, mənimlə danışmışdı, dedi: “Övladlar! Bu son dəfədir ki, mən sizə dərs deyirəm. Düşmən hökm eləyib ki, bu bölgələrdə onların dilindən sonra başqa bir dildə dərs deyilməsin, yeni müəllim sabah gələcək və bu sizin öz ana dilinizdə olan son dərsdir ki, öyrənirsiz. Sizdən xahiş edirəm ki, mənim dərsimə diqqətlə qulaq asasınız. Busözlər məni çox pərişan elədi, bəlli oldu ki, kəndxudanın evinin divarındakı elanda yazılmışdı: “Bundan sonra kəndin uşaqlarına öz ana dillərinin öyrənilməsi yasaq elan olunur”. Bəli, bu mənim öz dilimdə olan son dərs idi. Məcbur idim daha onu başa düşmədən o azca öyrəndiklərimə qənaət eləyim. Nə qədər təəssüf eləyirdim ki, ondan öncələr ömrümü boşuna keçirdib, mədrəsə yerinə zamanımı bağlarda, çöllərdə oynamaqla başa vermişdim. O kitablar ki, bu ana qədər mənim üçün çətin və ağır gəlirdi, dil bilgisi və tarix dərsləri ki, bu zamana qədər zorla hazırıydım onlara baxam, indi mənim üçün əski dostlar hökmündə idilər ki, onlardan ayrılmaq məni çox kədərləndirirdi. Müəllimə görə də belə fikir eləyirdim,bu fikir ki, sabah o bizi tərk eləyib və bir daha onu görə bilməyəcəyik, bütün o acı tənbihləri və yediyim zopa zərbələrini, xatirələri ürəyimin səhifəsindən silirdi. Məlum oldu ki, müəllim bu son dərs günü üçün rəsmi paltarını geyib və ona görə də kəndin yaşlı və möhtərəm kişilərindən bir çoxu dərs otağının sonunda oturmuşlar. Sanki təəssüf eləyirdilər ki, bundan öncə mədrəsəyə gələ bilməmişdilər, ona görə də bu gün müəllimin dərsində hazır olmuşlar ki, onun 40 il çəkdiyi zəhmətlərdən təşəkkür eləsinlər. Bu fikirlərdə batmışdım ki, gördüm mənim adım oxundu. Gərək durub dərsə cavab verəydim. Razı idim ki,  bütün varlığımı verəm ta o çətinlikdə dil bilgisi dərsini uca səs ilə, kitaba baxmadan oxuya biləm, amma ilk anda çarəsiz qalıb cavab verə bilmədim, hətta cəsarətim olmadı ki, baş qovzayıb müəllimin gözünə baxım. Bu arada müəllimin səsini eşitdim ki, məhəbbətlə dedi: “Otur övlad, səni qınamıram, sən özün yetərli qədər tənbiholmusan. Görürsən ki, nə baş verib, insan həmişə özünə deyir, dərs öyrənməyə zaman çoxdur, amma bax, gör ki, nə hadisələr mümkündür üz verə. Nə yazıq, bizim bədbəxtçiliyimiz budur ki, həmişə öyrənməyi bir ayrı günə saxlayırıq. İndi bu insanlar ki, zorla bizə müsələt olublar, haqlıdırlar ki, bizi qınayıb desinlər: “Siz necə iddia eləyirsiniz ki, azad və bağımsız bir millətsiniz”. Amma, övlad, bu işdə təkcə cən yox, hamımızın günahı var. Atalar və analar sizi yetişdirib, bilgiləndirmənizdə o cür ki, gərək çalışmayıblar və bilməyiblər ki, sizi bir iş dalısıyca göndərsinlər ki, onlar üçün bir az daha pul gətirəsiz. Mən özüm məgər günahkar deyiləm, məgər dəfələrcə sizi dərs öyrənmək yerinə öz bağımda ağacları suvarmaqla məşğul eləməmişəm və evə getməyə həvəslənən günlərdə sizə icazə vermişəm ki, öz işlərinizindalısıycagedəsiz. Müəllim çoxlu mövzularda danışandan sonra sözü milli və ana dilinə gətirib dedi: “ Bizim dilimiz dünyanın şirin və gözəl dillərindən biridir və biz gərək bu dili öz aramızda qoruyub və heç bir zaman onu unutmayaq. Çünki, əgər bir el, biganə əlinə düşüb və məğlub ola, o zamanacan ki, öz dilini qoruyub saxlaya, dustaqda olan bir insan kimidir ki, öz zindanının açarı əlindədir”.

Sonra kitabı əlinə alıb dil bilgisi dərsinin birini oxudu., təəccüb eləyirdim ki, dərsi necə rahat düşünürdüm, hər nə ki, deyirdi nəzərimə asan gəlirdi, fikir eləyirəm qabaqca bu dərsə o qədər əlaqə ilə qulaq verməmişəm və müəllim də belə diqqətli və hövsələli dərs deməmişdi. Guya bu yaxşı insan istəyirdi bizimlə vidalaşmadan dərsi sona çatdırsın və bütün bilgilərini bizimlə paylaşsın, dərs sona çatdı və yazma növbəti yetişdi. Müəllim bizə yeni baş yazılar seçmişdi ki, onların içində “Vətən,atalar sözü, ana dili” gözə dəyirdi.  Bu baş yazılar ki, bizim mizlərin guşəsindən asılırdı, elə görünürdü, sanki dərs otağının dörd guşəsində bizim milli bayrağımız dalğalanırdı. Tərif etmək olmaz ki, hamı şagirdlər necə səssiz məşq eləməkdə çalışırdılar, o sükut və səssizlikdə kağıza çəkilən qələmlərin səsindən başqa bir səs gəlmirdi. Mədrəsə damında quşlar yavaş və səssiz oxuyurdular  və mən onların nəğmələrinə qulaq verə-verə öz-özümə fikirləşirdim ki, bunları da məcbur edə biləcəklər ki, nəğmələrini biganə dilində oxusunlar? Bəzən də baxışımı məşq səhifəsindən götürürdüm, müəllimi görürdüm ki, yerində hərəkətsiz durub, donmuş və heyran baxışlarla ətrafına baxır, elə bil istəyirdi onun evitək sayılan mədrəsəni bütün əşyaları ilə ürəyinə yazıb saxlasın. Fikir eləyin, 40 il tamam olardı ki, bu evdə yaşayıb, bu mədrəsədə dərs demişdi. Təkcə dəyişiklik ki, bu müddətdə üz vermişdi, bu idi ki, miz və nimkətlər zamanın əsərində çürüyüb, rəngi atmışdı və balaca fidan (ağac) ki, ilk dəfə gələndə bağda əkmişdi. Nə ürək yandıran və çətin dərd idi, bu kişi indi gərək bu əşyaları buraxıb və fəqət mədrəsəni yox, bəlkə Vətən torpağını da tərk eləyirdi. Bununla belə o qədər güclü və soyuqqanlı idi ki, dərsin son saatını da başa çatdırdı. Yazı bölümünü qurtarandan sonra tarix dərsi dedi və  və şagirdlər uca səslə təkrar elədilər. Dərs otağının sonunda oturan yaşlı kişi ki, kitabı dizi üstündə açmışdı və qalın gözlüyün arxasından baxırdı, uşaqlarla səs-səsə vermişdi, onlarla bərabər dərsi təkrar eləyirdi. Səsi o qədər şövqlü idi ki, bizi də həyəcanlandırırdı və gülmək halında bizi ağlamaq tuturdu. Nə yazıq ki, bu son gün xatirəsi ömür boyu mənim ürəyimdəqalacaqdır. Zaman sona çatdı və günorta yetişdi, o anda biganə əsgərlərinin şeypur səsi ki, məşq eləməkdən gəlirdilər, küçədə yayıldı, müəllim rəngi atmış halda yerindən qalxdı, o günədək o qədər böyük və əzəmətli görməmişdim onu. Müəllim dedi: “Dostlar, mən…, mən…”, amma qəmli qəmli səsi boğazında boğuldu. Sözünü tamamlaya bilmədi, bir parça gəç götürüb, dərd və həyəcandan titrəyən əli ilə taxtada aydın xətt ilə yazdı: “ Yaşasın Vətən!”. O zaman durduğu yerdə başını divara dayadı və bunsuz ki, daha ayrı bir söz desin, əli ilə bizə işarə elədi, qurtardı, gedin Tanrı sizi qorusun.

Fransızcadan ixtisarlarla Azərbaycan dilinə çevirəni: Ayla Təbrizli

Şərhlər bağlıdır.