ƏVƏZEDİLMƏZ BİR ŞƏXSİYYƏT DÜNYADAN KÖÇDÜ

Sevimli dostlar 40 günə yaxındır ki, Arif bəy Rəhimovu itirmişik. Çox üzüldüm. Onun yerini mühacirətdə kimsə doldura bilməycək.

30 il bundan əvvəl onunla tanış oldum. Mən Bakıya təzə gəlmişdim. Tanışlığımızın vasitəsi bir güneyli dost oldu. Güneyli gənclə Bakıda Heydər Əliyev Sarayının qarşısındakı parkda təsadüfən görüşdüm. Əlində Azərbaycan Demokrat Firqəsinin tarixçəsi mənim diqqətimi çəkərək, ona yaxınlaşdım. Şirin söhbətimiz baş tutdu. Qısa söhbətdən sonra o, Azərbaycan Xalq Cəbhəsi ilə əlaqələrindən danışdı. Xalq Cəbhəsi Güney Azərbaycan məsələlərinə diqqət yetirdiyini söylədi. Mənə tövsiyə etdi ki, cəbhədə Arif bəylə görüşüm. Elə də oldu. Bir neçə gün sonra güneydə yazdığım bir neçə çap olunmamış kitablarımı götürüb Xalq Cəbhəsinə yollandım.

Orada Arif bəylə görüşdüm. Məni istiqanlı qarşıladı. Görüşümüz ayrı düşmüş iki qardaşın görüşünü xatırlatdı. Söhbətləşib dərdləşəndən sonra mən çap olunmamış kitablarımı göstərib, nəşrinə imkan olub-olmadığını soruşdum. Öncə gözü azərbaycanca, İngiliscə, farsca sözlüyə sataşdı. Təəccüblə soruşdu ki, niyə tükcə yox Azərbaycanca dilimizin adını yazmısan? Bu məsələdən irəli gələn aramızdakı diskusiya bizi daha da yaxınlaşdırdı. Sonralar vaxtaşırı görüşlər və müxtəlif yazı-pozu sahələrində əməkdaşlıqlardan doymadıq.

Az keçmədi Arif bəyin digər dostlarının yardımı ilə bilrlikdə bir qrup Güney azərbaycanlıların vasitəsilə Səttar xan, Şeyx Məhəmməd Xiyabani və Pişəvəri gecələri keçirdik. Çox keçmədi ki, Arif bəylə Güney Azərbaycanda xalqımızın hərəkatını gücləndirmək üçün koordinasiya şurasını yaratdıq. Dövri mətbuatda, o cümlədən Bakıda “Çağ” qazetində, Türkiyədə çıxan “Tarix” jurnalında silsilə yazılar nəşr etdik. Xalq cəbhəsi hakimiyyəti rəhmətlik Heydər Əliyevə təhvil verdi. Lakin bizim Güney Azərbaycan məsələləri uğrunda fəaliyyətimiz genişlənirdi. Burada Arif müəllimin həm bir dilçi alim kimi, həm milli idelogiyaya dərindən bələd olduğu üçün, ən başlıcası onun güneylilərə dərin sevgisi, fəaliyyətimızın genişlənməsinə xüsusi təkan verib hərəkətə gətirdi. Həmin fəaliyyətin yekun nəticələrindən biri Dünya Azərbaycanlılarının Konqresinin yaradılması ideyası idi ki, özəklərini müxtəlif ölkələrdə təşkili etdik. Nəhayət 1997-ci ildə Amerikada yarandı.

Mən 1998-ci ildə İsveçə köcdüm. Buna baxmayaraq qələm dostluğumuz davam edirdi. Dünya Azərbaycanlıları Konqresinin birinci müavini və təşkilat məsulu olduğum dövrdə uzun müddət Paldolk vasitəsilə azərbaycançılıq üzrə seminarları təşkil etdiyimiz bir vaxtda, Arif müəllim müxtəlif elmi dilçilik və milli məfkurə barədə çox dəyərli çıxışlar etdi və çoxsaylı dinləyicilərin marağını qazandı.

Arif bəyin güneylilərə sevgisi, onu bir demokrat, tərəfsiz insan kimi olması xalqımız içərisində daha da sevdiriridi. Təəssüflər olsun 2002-ci ildə infarkt keçirdiyi bir zaman onun səhhətindəki problem Arifsevərləri dərindən kədərləndirdi. Lakin Arif bəy tam dözümlə, bir tərəfdən müəlicəsiylə məşğul olaraq, digər tərəfdən üzərinə düşən vəzifələri yerinə yetirməyə sevgiylə can atırdı.

Tale elə gətirdi ki, Arif bəy də İsveçdə Yotebore şəhərinə mühacirət etdi. Az çəkmədi ki, İsveçdə bizimlə bərabər diaspora fəaliyyətinə qoşularaq, federasiyon və dərnək quruculuq işlərində misilsiz işlər gördü. O, güneylilərin üzərində hədsiz-hesabsız enerji sərf etdi. Yazı və kitablarını redaktə etməkdə, dərnəklərin, nizamnamə və məramnamələrinin yazılmasında, elmi seminarların keçirilməsində köməyini əsirgəmədi.

Çox kədərlə demək istəyirəm ki, ürəyindəki problem onu bizdən ayırdı. Mühacirətdə yerini kimsə tuta bilməyəcək. Arif bəy daima güneylilərin qəlbində yaşayacaq. Ruhu şad, xatirəsi əziz olsun!

Abdulla Əmir Haşımi Cavanşir

Şərhlər bağlıdır.