“Rəisinin bu səfərlərdə məqsədi bölgələrlə yerlərdə tanış olmaq, cəmiyyətin etirazlarını dəyərləndirmək və müəyyən mənada bu etirazları yatırtmağa hesablanıb”.
Bunu Bizim.Media-ya açıqlamasında politoloq Sədrəddin Soltan İran prezidenti İbrahim Rəisinin bəzi hökumət rəsmilərilə birlikdə Təbriz də daxil Şərqi Azərbaycan əyalətinə səfərinin məqsədlərini dəyərləndirərkən deyib. Azerbaycan-ruznamesi.org həmin söhbəti oxuculara təqdim edir:
– Bəzən belə suallar yaranır ki guya İranın ali dini rəhbəri və prezidenti əyalətlərə nəzarət etmir. Rəisi bölgəyə bu səfərilə hakimiyyətin varlığını, diri olduğunu, ölkədə cərəyan edən bütün proseslərdən xəbərdar olduqları və hadisələrə nəzarət etdiyini göstərmək istəyir. Bununla onların dililə ölkədə pozuculuq yaratmaq istəyən qüvvələrə qarşı özlərini göstərirlər.
Əvvəllər də belə addımlar atılıb. Vaxtilə Urmiyyə gölünün qurumasına etiraz edənləri susdurmaq üçün Qərbi Azərbaycan əyalətinə səfər etmişdilər. 2006-cı ilin may hadisələri zamanı da o vaxtkı prezident Məhəmməd Xatəmi Güney Azərbycan, Təbrizlə bağlı xoş sözlər deməklə insanların etirazını yatırmağa çalışmışdı. Bütün bunlar elə də ciddi addımlar deyil.
Həmsöhbətimiz qeyd edir ki, belə səfərlərlə nə Təbrizdə, nə Urmiyyədə, nə Miyanədə, nə Ərdəbildə, heç bir yerdə İran əhalisinin sosial tələbləri təmin olunan deyil:
“Həmçinin, bu səfərlərlə baş verən zorakılıq halları, etiraz edənlərin təqib olunması kimi qanunsuzluqların qarşısı da alınmır. Bu sadəcə olaraq, prezidentin regiona adi səfəridir və heç nəyi dəyişməyəcək. Eləcə də cəmiyyətdə Tehran hakimiyyətinə qarşı olan etirazları da aradan qaldırmayacaq”.
Şərhlər bağlıdır.