MİR ŞAHİN REKET MEDİADAN SÖHBƏT AÇIR, TELEKANALLARI TƏNQİD EDİR HƏR ŞEY PULLA ÖLÇÜLMÜR

Tanınmış jurnalist, “Real” Təhlil və İnformasiya Mərkəzinin rəhbəri Mir Şahin Ağayev Real TV-də müəllifi və aparıcısı olduğu “Mir Şahinin vaxtı” verilişində reket medianı və bir sıra telekanalları sərt tənqid edib. Azerbaycan-ruznamesi.org həmin söhbəti tamaşacılara təqdim edir:

Aparıcı Azərbaycanda peşəkar medianın, peşəkar jurnalistlərin özlərini ifadə etmələri üçün sağlam rəqabət mühitinin yaradıldığını vurğulayaraq deyib: “Peşəkar jurnalistlər bu gün daha açıq, daha sərbəst şəkildə öz mövqelərini, öz fikirlərini ifadə edir, öz peşə fəaliyyətlərini yerinə yetirirlər. Yeni qaydalara, daha doğrusu, peşəkar əxlaqa uyğunlaşmayan reketlər, cığallar da açıq görünür. Çünki hələ dünən onlar media məkanında mövcud olan qeyri-sağlam mühitin fonunda özlərini göstərə bilir, bulanıq suda balıq tutmağı bacarırdılar. İndi sular durulub, Bəxtiyar Vahabzadə demişkən, dibindəki daşları görürük. Və peşəkar media fonunda onlar öz ənənəvi oyunlarını daha oynaya bilmirlər. Ona görə də dibdəki daşlar da daxil olmaqla, bütün karandaşlara, yoldaşlaradı sözüm. O vaxtlar keçib artıq. Peşəkarlığa doğru dəyişin. Rəqabətdə dözə bilmirsinizsə, cığallıq da etməyin. Etiraf da igidin yaraşığıdır.

Əvvəllər bütün mediamız boz rəngdə idi. Siz məhz o bozun fonunda rəngarəng görünürdüz. Amma indi artıq AzTv-də də tənqid var, İTV-də, elə REAL-da da. Problem məsələ peşəkar şəkildə qaldırılır, problemin üzərinə gedilir. Həlli barədə reportajlar təqdim edilir. Belə olan halda siz sadəcə artıq olursuz. Axtarışda deyilsiz, araşdırma aparmırsız, öz üzərinizdə işləmirsiz. Artıq Azərbaycan o deyil. Ərazi bütövlüyümüz təmin edilib. Bəs siz niyə yarımçıq olaraq qalmısınız. Hanı sizin 20 faiziniz? Özünüzü bərpa edin. Şuşalaşın, Kəlbəcərləşin, Ağdamlaşın. Bütöv Azərbaycanlaşın! Azərbaycana Ömər aşırımından baxın! Bütün günü ofisdə oturub nə qədər boş-boş danışmaq olar? Özünüzdən, qısıq kabinetlərinizdən çıxın. Reket media isə anlamalıdır ki, o media deyil və heç vaxt da olmayıb. Sadəcə problemdir: hüquq müstəvisində, qanun masasında həll olunmalı problem. O dövlət orqanlarını şantaj edərək aldıqları xəraca görə cavab verməlidir və verəcək”.

Mir Şahin Ağayev açıq yayımda olan televiziyalara da bəzi iradlarını bildirib: ”Biz qalib Azərbaycana layiq ola bilmirik hələ ki. Düzdür, son zamanlar Azərbaycan teleməkanında inkişaf meylləri var. Fasiləsiz xəbər xidməti olan kanalımızdan danışmayacam, təvazökarlıqdan uzaq görünər deyə. Amma AzTv-nin, İTV-nin, ARB-24-ün timsalında müsbət dəyişiklikləri görmək mümkündür. Dünya auditoriyasına çıxmağı bacaran CBC var. Xəzər TV artıq öz simasını müəyyənləşdirir. Və… Və təəssüf ki, yerdə qalan bir neçə kanalımız var ki, onlar yerdə qalıblar. Ağır da olsa deməliyəm ki, ictimai fikri, ictimai zövqü korlayırlar. Məndə olan dəqiq məlumata görə, bu kanalların rəhbərləri Prezident Adminstrasiyasına çağrılıb, onlara ən kəskin şəkildə iradlar bildirilib. Hətta bəzi verilişlərin oyunbazlıq məkanına, pul yığımı məntəqəsinə çevrilməsi, sonra yığılan vəsaitin dəllallar arasında bölünməsi, bununla da bütün ölkə ictimaiyyətini aldatmaq, təhqir etmək kimi halların, siqnalların olduğu sərt şəkildə kanal rəhbərlərinə çatdırılıb. Məndə məsələnin hüquq-mühafizə müstəvisində araşdırılma perspektivinin olması barədə də məlumatlar var. Ona görə də hörmətli, həmkarlar, qardaşlar, yoldaşlar! Məsuliyyətdasşlar! Hər şey pulla ölçülmür. İctimai fikrə, ictimai zövqə, Azərbaycanın mədəni etik davranış sisteminə, mənəvi dəyərlərimizə nə kimi zərər vurduğunuzun fərqində olun! Bu dəfə irad bildirilib. Növbəti irad olmayacaq.

Şərhlər bağlıdır.