İranda ölkə səviyyəsində qızıl külçəsi istehsalının 38%-i Qərbi Azərbaycan vilayətinə aiddir. Bu sözləri Qərbi Azərbaycan valisi Məhəmməd Sadiq Mötəmidiyan deyib. Bundan əvvəl də Qərbi Azərbaycan Sənət və Mədən İdarəsinin müdiri ölkə səviyyəsində ümumilikdə qızıl istehsalının 35 faizinin Qərbi Azərbaycan vilayətinə aid olduğunu bildirmişdi.
Qərbi Azərbaycan valisi həm də vilayətdə mədənlərin inkişafının faydalı olacaqlarını, bu yolda maneələrin aradan qaldırılmasının vacibliyini vurğulayıb. Qeyd etmək lazımdır ki hazırda da Qərbi Azərbaycanda iki böyük qızıl mədəni fəaliyyət göstərir, lakin onların fəaliyyətlərinin vilayətin inkişafında elə də təsirli olmadığı görünür.
Qərbi Azərbaycan vilayəti ölkə səviyyəsində ən az inkişaf etmiş vilayətlər arasında yer alır. Çox sayda mədənlər, əkinçilik və bağçılıq, Türkiyə sərhəddində yerləşmək və digər pontensial üstünlüklər, pozitiv imkanlar kimi görünsələr də, əks nəticə hasil olub.
Son zamanlar güneyli fəallar mədənlərin talan edilmələrinə daha diqqətli yanaşırlar. Bir çox hallarda yerli əhali dövlət orqanlarının bölgədə mədən açmaqlarına razılıq vermirlər. Buna Mərəndin Zunuz şəhəri yaxınlığında yenicə fəaliyyətə başlamış mədəni nümunə kimi göstərmək olar. Bir çox hallarda isə azərbaycanlılar mədənlərdən əldə edilən gəlirin mərkəzi vilayətlərə axıdılmasına qarşə çıxaraq etiraz edirlər. Son zamanlar gündəmdə olan Azərbaycanın müstəqil mis şirkəti də bu siyahıdandır.
Ölkə daxilində Azərbaycanın yeraltı və yerüstü qazıntılarının mərkəzi vilayətlərin inkişafı yolunda talan edilməsi, eyni zamanda Azərbaycanın özünün bu faydalı qazıntılardan kifayət qədər faydalana bilməməsi daxili müstəmləkəçiliyin nümunəsidir. Qərbi Azərbaycanın qızıl mədənlərində də vəziyyət eynidir.
Qərbi Azərbaycan inkişaf göstəricilərinə görə
Qərbi Azərbaycan vilayəti yüksək potensialına baxmayaraq ölkə daxilində ən az inkişaf etmiş vilayətlər sırasında yerləşir. Təhsil və savadlılıq, sənət, immiqrant göndərmək, işsizlik və digər göstəriciləri nümunə kimi göstərmək olar.
Qərbi Azərbaycan ölkə səviyyəsində təhsil göstəricilərinə görə 31 vilayət içində 29-cu yerdədir. Savadlılıq göstəricisinə görə isə axırdan ikinci yerdədir. Həmçinin vilayətdə adambaşına düşən təhsil sahəsi ölkə ortalamasından aşağı səviyyədədir. Həmin göstəriciyə görə Qərbi Azərbaycanda adambaşına düşən təhsil sahəsi 4.05 kvadrat metrdir. Yəzd vilayətinin əhali sayı Qərbi Azərbaycanın hardasa üçdə biri qədər olduğu halda, adambaşına düşən təhsil sahəsi iki qat daha çoxdur.
Qərbi Azərbaycan həmçinin immiqrant göndərən vilayətlər arasında da yerləşir. Ümumiyyətlə ölkə daxilində immiqrant ətraf vilayətlərdən mərkəzə sarı olur. Bu da ədalətsiz inkişafın bir başqa üzüdür. Azərbaycanın başqa vilayətləri də oxşar vəziyyətlərdədirlər. Fərqli dövrlərdə immiqrant sayı dəyişsə də, Azərbaycan vilayətləri daim immiqrant göndərənlər arasında yer alıb.
“Hamshahri” qəzetinin verdiyi məlumata əsasən Qərbi Azərbaycan fəlakət göstəricisinə görə ölkədə ən pis vəziyyətə malikdir. Tikantəpə Şəhərinin yaxınlığında iki böyük qızıl mədəninin olduğuna baxmayaraq, Tikantəpə ən az inkişaf etmiş 31 şəhər siyahısında yerləşir. Həmçinin şəhər cavabdehlərinin dediklərinə əsasən işsizlik və çevrə problemləri də həmin mədənlərin fəaliyyəti nəticəsində artıb.
Azərbaycanın digər bölgələrində də olduğu kimi çıxarılan qızıl xam şəkildə vilayətdən xaric edilir. Bu qazancın böyük payının vilayətdən çıxması, mərkəzi vilayətlərə doğru axması deməkdir. Müəyyən istiqamətdə sərmayələrin axması daxili müstəmləkəçiliyin ən bariz nişanələrindəndir.
Daxili müstəmləkəçilik nədir?
Keçmiş müstəmləkəçilik dövründən sonra bəziləri müstəmləkəçiliyin tarixə qovuşduğunu iddia edirdilər, Lakin bu belə olmadı. Klassik formada müstəmləkəçilik xarici bir ölkənin müdaxiləsi ilə baş verirdisə, daxili müstəmləkəçilikdə dövlət öz vətəndaşları arasında ayrıseçkilik edərək, bərabərsizlik yaradır.
Ədalətsiz siyasət ölkə daxilində bir bölgənin varlıqlarını başqa bir bölgəyə axıdaraq inkişaf istiqamətində kiminin günbəgün çiçəklənməsinə səbəb olmaqla yanaşı kimilərinsə vəziyyətlərinin daha da ağırlaşmasına səbəb olur. Bu məsələ xüsusilə azlıqların yaşadığı bölgələrdə gözə dəyir.
Əslində klassik mənada müstəmləkəçiliklə daxili müstəmləkəçiliyin ortaq nöqtəsi dil, din, millət, etnik vs. kimi fərqliliklər olur. Hakim və güclü mövqedə olanlar azlıq kimi tanınan və daha zəif mövqedə olanların varlıqlarını yalançı sloqanlar altında öz mənfəətləri uğrunda qəsb edirlər.
Daxili müstəmlikəçiliyin olduğu ölkələrdə ümumiyyətlə müəyyən istiqamətdə sərmayə axını mövcud olur. Lakin bu daxili müstəmləkəçiliyin yalnız bir üzüdür. Tanınmış afroamerikalı Malkolm İks Amerika Birləşmiş Ştatlarını müstəmləkəçi dövlət hesab edərək, 22 milyondan çox qaradərilini müstəmləkə etdiyini deyirdi. Eyni halda Martin Lüter Kinq də ABŞ-da qaradərililərin yaşadığı yerləri müstəmləkə edilmiş bölgələr kimi tanıtdırırdı.
Bu konsept İranda da fars olmayanlar tərəfindən istifadə olunur. Onlar hakim millətin digər millətlərlə müstəmləkəçi kimi davrandığını deyirlər. Tanınmış fars yazıçı Cəlal Al-Əhməd Tehranın Azərbaycana müstəmləkə gözü ilə baxdığını yazmışdı.
Əslində İranda daxili müstəmləkəçiliyin başlanışı yeni millətquruculuq prənsipləri ilə əlaqədardır. Pəhləvi dövründən başlayan yeni millət tərifində yalnız farslar öz hesab edilib. Başqa millətlər özgə hesab edilərək assimilyasiya siyasətinə və ayrıseçkiliyə məruz qalıblar.
Güney Azərbaycanda bu konseptin uzun keçmişi var. İlk dəfə 1945-ci ildə qurulmuş Milli Hökumət dövründə Tehran müstəmləkəçiliyi ilə mübarizə dövlət səviyyəsində gündəmə gəlib. Həmin dövrdə mərkəzə tərəf axıdılan sərmayə axınının qarşısı böyük miqyasda alınıb, azərbaycanlıların vətəndaş hüquqları qorunmağa çalışılıb. Lakin Milli Hökumətin yıxılması ilə keçmiş siyasətlərinə yenidən davam ediblər.
Qərbi Azərbaycanda mədən fəaliyyətlərinin genişlənməsi və yaxud maneələrin aradan qaldırılması deyildiyi qədər müsbət nəticələrlə nəticələnməyə də bilər. Çünki daxili müstəmləkəçilik ədalətli inkişaf üçün deyil, məhkum millətləri talan etmək üçün çalışır. Hazırda da azərbaycanlı fəallar tez-tez daxili müstəmləkəçilik sözündən istifadə edirlər. Bu təxminən 100 illik bir savaşın hekayəsidir.
Ətək yazı
Şərhlər bağlıdır.