“ERMƏNİSTAN BÜTÜN İMKANLARINI UDUZUB” – POLİTOLOQLARIN ŞƏRHİNDƏ

Xəbər verdiyimiz kimi, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 29-cu sessiyası çərçivəsində türkiyəli həmkarı Mövlud Çavuşoğlu və erməni həmkarı Ararat Mirzoyanla üçtərəfli ayaqüstü qısa söhbət edib.

Söhbət əvvəlcə Mövlud Çavuşoğlu və Ararat Mirzoyan arasında olub. Daha sonra XİN başçısı Ceyhun Bayramov da söhbətə qoşulub. Hələ ki, müzakirənin hansı mövzuda olduğu barədə rəsmi açıqlama yoxdur.  Bu məsələ ilə bağlı Ednews-a danışan politoloq Tofiq Abbasov açıqlamasında bildirib ki, bu adi haldır. Məsələn, böyük konfranslarda, zirvə görüşlərində, vacib yığıncaqlarda, müşavirələrdə həmişə rəsmilər imkan tapıb həm də məsləhətləşmələr, danışıqlar aparır.

“Sizi əmin edim ki, belə gedişlər əsnasında nəticə əldə olunur. Nəzərə alsaq ki, üç ölkənin Xarici İşlər Nazirləri bir yerə gəliblər və qeyri-formal şəraitdə söhbət ediblər. Onlar imkan tapıb üçlü formatda söhbətləşirlərsə 100% bu danışıqlar barışıq mövzusu ətrafında olur. Çünki istər-istəməz biz görürük ki, Cənubi Qafqaz bölgəsi artıq yeni şəraitə, daha ümid verici varlığa hamilədir. O hamiləliyin qarşısını almağa cəhd edən şər qüvvələr çalışırlar ki, o axına qarşı getsinlər. Onun gücünün qarşısını alsınlar. Ancaq, bu olan iş deyil. Ermənistan xalqı da artıq bunu başa düşür”.

T.Abbasov hesab edir ki, Azərbaycanın ona təklif etdiyi sülh prosesi məhz Ermənistanın xeyrinədir.

“Niyə onlar bu qədər müqavimət göstərirlər? Müqavimət də məntiqə qarşı edilir. Rasional fikirlərə, ağıllı təkliflərə qarşı. Üçlü görüşün məğzi ola bilsin ki, həm də predmetli əsaslı olub. Söhbətlərdən çox güman Paşinyanın da xəbəri olacaq. Həmçinin İlham Əliyev və Rəcəb Tayyib Ərdoğana da söhbətin məğzi çatdırılacaq. Belə şərait formalaşırsa onda nümaydələr bir-birlərini əmin edirlər ki, səmimi tərzdə davranırlar, digər tərfədən isə öz ölkələrinin niyyətlərini, onların baxışlarını, yanaşmasını diqqətə çatdırırlar. Hesab edirəm ki, bu qəbildən olan görüşlər heç də mənasız deyil. Əksinə bəlkə də onların arxasında böyük bir məntiq durur”.

Siyasi şərhçi Sədrəddin Soltan qeyd edib ki, ermənilər Azərbaycan, Türkiyə XİN başçılarının üçlü görüş keçirləcəyini təkzib ediblər. Ancaq deyilənə görə ATƏT, Azərbaycan, Türkiyə və Ermənistan nümayəndələrinin 4 tərəfli görüşü keçirilə bilər.

“Fotolarda Ermənistan XİN başçısının bir qədər susqun durması, deyilən iradlara cavab tapa bilməməsi yaxud söhbətin nədən getdiyini başa düşə bilməməsi təsiri bağışlayır. Hər halda XİN rəhbərləri adi ayaqüstü söhbət ediblər. Ola bilər ki, lətifə danışıblar, yaxud tədbirlə bağlı gündəliyə münasibət bildiriblər”.

Politoloqun sözlərinə görə ola bilər, Ermənistanın doğru olmayan addımını ayaqüstü tənqid ediblər.

“O fotoların hamısında dipolmatlar, xüsusən Azərbaycan və Türkiyə nazirlərinin gülərüz düşməsi onu göstərir ki, hansısa bir hərəkəti təbəssüm və emosiya ilə qarşılayıblar. Heç şübhəsiz ehtimal edirəm ki, hədəfdə Ermənistan tərəfinin hansısa addımı müzakirə olunub. Foto ilə bağlı bir sıra fikirlər deyə bilərik. Deyilənlər təbii ki, ehtimallardır”.

Oğuz Ayvaz

Şərhlər bağlıdır.