“Milli Hökumət Güney Azərbaycanda sanki bir il deyil, yarım əsr fəaliyyətdə olmuş, nəhəng işlər görmüşdü”.
Qərb mətbuatında o illərdə gedən bir qəzetdə yazıdan…
1941-ci ildə İranda Rza Pəhləvi rejimi tamam çökməyə başlamışdı. O zaman Pəhləvi rejiminin arxasında duran İngiltərə və ABŞ-ın başı İkinci Dünya savaşına qarışmışdı. “Pəhləvi rejiminin fəsadlarından biri də ölkənin başdan-başa aclıq və səfalət içində tamamilə məhv olması prosesi idi. Məhz bu məqamı təqib edən Azərbaycan türkləri ayağa qalxaraq özlərinin milli hökumətlərini qurmağa başladılar. Səttarxan və Şeyx Məhəmməd Xiyabani hərəkatlarında olduğu kimi, Seyid Cəfər Pişəvəri də əsas strateji hədəf kimi milli bütünlük taktikasına üstünlük vermişdir”.
1945-ci ilin sentyabrında daha öncələr Xiyabaninin təsis etdiyi Demokrat Fərqəsi Azərbaycanın tanınmış demokratlardan bir qrupu ADF-ni bərpa etdilər. Başda Seyid Cəfər Pişəvəri olmaqla ADF-nin yaradılması haqqında bəyanat verildi.
Bu möhtəşəm proses demokratik cəmiyyət uğrunda xalq mübarizəsində yeni səhifələr açdı.
Bu hökuməti qorumaq üçün 80 min nəfərlik Fədai Ordusunun yaradılmasına başlanıldı. Milli pul vahidinin dövriyyəyə buraxılması, Milli Hökumətin bayrağının və himninin təsdiq olunması, milli dildə təhsilin vacibliyi, mədəniyyət və elmi mərkəzlərin yaradılması S.C.Pişəvərinin rəhbərliyində baş vermiş çox möhtəşəm bir tarixi hadisə oldu.
Milli Hökumət Azərbaycanın sosial-iqtisadi tərəqqisinə yol açdı, ictimai-siyasi durum dəyişdi, mənfur Pəhləvi rejiminin milli zülmünün nəticələrini ləğv etdi, azərbaycanlıların varlığını bir daha təsbit etdi. İllər uzunu milli və mənəvi hüquqları əllərindən alınmış və fars millətçiləri tərəfindən dövlət səviyyəsində təqiblərə məruz qalan Azərbaycan türkləri haqq etdikləri azadlığa qovuşdular.
Çox vaxt İran, keçmiş SSRİ və Qərb dövlətlərinin elmi mərkəzləri Seyid Cəfər Pişəvərinin rəhbərliyində qurulan Milli Hökümətin var olmasını müxtəlif forma və məzmunda qəsdən saxtalaşdırır.
Məhz həmin hökumət İranın daxilində Azərbaycanın milli muxtariyyət hüququnu bərpa edərək ana dillərindən məhrum qalmış azərbaycanlıların öz dilində danışmaları, yazıb-oxumaları üçün şərait yaratdı. Məktəblərdə ana dilində dərslərin keçirilməsini təmin etdi. Savadsızlığın kökünü kəsmək üçün qəti addımlar atdı. Fəhlələr üçün iş qanunu, qadınlar üçün kişilərlə bərabər hüquqlar, bütün ölkədə əhəmiyyəti olan torpaq islahatı həyata keçirildi. Ölkədə misli görülməmiş əmin-amanlıq və abadlıq işlərinə başlandı. Güney Azərbaycanda görülən demokratik tədbirləri, hətta dünyanın bir sıra mətbuatı da təsdiq edirdi. Vaşinqtonda çıxan “Middle East” jurnalı Milli Hökumətin islahatları haqda yazırdı: “Üsyançıların rəhbəri və yeni rejimin baş naziri Pişəvəri dəqiq və təsirli təşəbbüslə bir sıra çox lazımi islahatlar keçirdi. Bunlar torpaq islahatından, fəhlələrin vəziyyətinin yaxşılaşdırılması, ictimai işlərin və maarif işlərinin inkişafı tədbirlərindən ibarət idi”.
Qərb mətbuatı isə dəfələrlə yazmışdı ki, Pişəvərinin rəhbərlik etdiyi Milli Hökumət il ərzində, sanki Güney Azərbaycanda yarım əsrlik fəaliyyət göstərmişdir.
Ölkədə aparılan islahatlarla əlaqədar Milli Hökumət müvafiq strukturların yaradılmasına başladı; aqrar qanun, əmək haqqında qanun, dil haqqında qanunlar qəbul etdi. Bu qanunda Azərbaycan dili bütün Azərbaycan ərazisində rəsmi dövlət dili elan olunmuşdu.
Qısa bir müddət ərzində ana dilində dərsliklər, ədəbiyyat, mətbuat nümunələri çap olundu, radio verilişləri səsləndirilməyə başladı.
Qəzet və jurnallar, sayı 50-ni ötən dərsliklər, müxtəlif ədəbiyyat əsərləri nəşr edildi, kinoteatr tikildi, radiostansiya və radiokomitə yaradıldı. Milli qəhrəmanlara – Səttarxan və Bağırxana heykəllər ucaldıldı. Behzad adına İncəsənət muzeyi yarandı. Ərdəbil, Astara və Marağa şəhərlərində teatr binaları tikildi. Azərbaycan Rəssamlar və Heykəltaraşlar Cəmiyyəti təşkil olundu.
Bölgələrdə kitabxana və qiraətxana fəaliyyətə başladı. Şəhər və kəndlərdə ibtidai və orta məktəblər yaradıldı. 1946-cı ildə Təbriz Universiteti təsis olundu.
Beləliklə, Güney Azərbaycanda milli maariflənmə, ədəbiyyatın, mətbuatın çiçəklənməsi, ana dilində müasir standartlara uyğun təhsilin qurulması, milli mənafe uğrunda bütün sosial təbəqələrin birgə siyasət aparması kimi çox möhtəşəm bir tarix yaşanıldı.
1940-cı illərin əvvəllərindən Sovet ordusu tərkibində Güney Azərbaycana gəlmiş yaradıcı ziyalıların iştirakı ilə “Vətən yolunda” qəzeti nəşr olundu. Qeyd etmək lazımdır ki, “Vətən yolunda” qəzeti 1920-ci ildə Xiyabani hərəkatı yatırıldıqdan sonra Azərbaycan dilində çıxan ilk qəzetlərdən idi (iki dildə çıxan qəzetlər mövcud olsa da, Azərbaycan dilində materiallara çox az yer ayrılırdı).
“Vətən yolunda” qəzetində cəbhə xəbərləri ilə yanaşı, Azərbaycanın mədəniyyətindən, tarixindən, xalqın azadlıq uğrunda mübarizə salnaməsindən, ədəbiyyatından maraqlı məqalələrə geniş yer verilirdi. Qəzetin redaksiyasında şairlərdən Süleyman Rüstəm, Osman Sarıvəlli, Məmməd Rahim, yazıçılardan Mirzə İbrahimov, Süleyman Rəhimov, Əvəz Sadıq, Qılman Musayev (İlkin), Seyfəddin Dağlı, eləcə də Qulam Məmmədli, Cəfər Xəndan və bir çox başqaları işləmişlər. Getdikcə yerli ziyalılardan çoxları redaksiyaya ayaq açdılar. Bunlardan Əli Fitrət, Mehdi Çavuşi, Mehdi Etimad, Mir Haşım Tərlan, Səfvəd, Yəhya Şeyda, Məhəmməd Biriya, Müzəffrər Dirəfşi, Balaş Azəroğlu, Fəxrəddin Məhzun, Əli Tudə, Hilal Nasiri, Mədinə Gülgün, Həkimə Bülluri və başqaları qəzetin səhifələrində öz şeirləri ilə çıxış etməyə başladılar.
Sonralar Şimaldan gələn yaradıcı ziyalılar tərəfindən qoyulan bünövrəni cənublu həmkarları davamlı inkişaf etdirdi. Qəzet özünə geniş oxucu auditoriyası toplaya bilmişdi.
“Vətən yolunda” qəzetinin Cənubi Azərbaycan ədəbiyyatında, publisistikasında yeni qələm ordusunun meydana çıxmasında böyük rolu danılmazdır.
“Vətən yolunda” qəzetinin nəzdində “Şairlər məclisi” təşkil olunmuşdu. “Bütün Cənubi Azərbaycan və İranda şöhrət tapan “Vətən yolunda” az zaman içərisində Cənubi Azərbaycan şairlərinin ədəbi mərkəzinə çevrildi. Bura gələn və elmi, ədəbi məsləhətlər alan şairləri bir ədəbi təşkilat altına almaq zərurəti doğurdu.
Bu ədəbi təşkilat Azərbaycan ədəbiyyatı tarixinin görkəmli simalarını tanıtdırmaq və müasir şairlərin yaradıcılığını inkişaf etdirmək məqsədilə təşkil olunmuşdu. Ədəbi məclis bədii söz sənətinin hörmət və qiymətini özünə qaytarmaqla bərabər, həm də gələcək fəaliyyəti üçün ətraflı düşünülmüş planlar tərtib edib həyata keçirməyə başladı.
Məclis “Şairlər məclisi” adı altında aylıq ədəbi məcmuə də hazırlayırdı. Məcmuənin saylarında yalnız məclis üzvləri deyil, Cənubi Azərbaycan, həmçinin İranda yaşayan və ana dilində yazan başqa şairlər də iştirak edirdilər.
21 Azər Nehzətindən qürurlanan yerli şairlər İnqilabın özü ilə gətirdiyi uğurlardan ilham alır, sanki şeir yarışmasına girərək onun poetik əksini yaradırdılar.
Bağır Niknam “Al günəş adlı” şeirində yazırdı:
Nə gözəl al günəş doğdu təbiət,
Məhv olub büsbütün dağıldı zülmət.
Xalqımız göstərib böyük şəhamət,
Qurub yurdumuzda Milli Hökumət.
Haşım Tərlan soydaşlarını taleyüklü məsələlərdə fəal olmağa, inqilabın müsbət tərəflərindən bəhrələnməyə səsləyirdi:
İndi doğma diyar geyinir əlvan
Vətən göylərindən çəkilir duman.
Fəxrdir könlümə bu söz hər zaman
Azərbaycan adlı ellər mənimdir.
“Şairlər məclisi”nin fəal üzvü olan Müzəffrər Dirəfşi böyük sevinc və coşqunluqla xalq birliyini tərənnüm edirdi:
Birlik yumruqdur ki, edər düşməni nabud,
Birlik böyk amildi, qılar elləri məsud.
Birlik deyilən möcüzəli qüvvədi yaxud,
Bir seldi ki, verəcək zülmə nəhayət.
1941-46-cı illərdə Cənubi Azərbaycanda ədəbiyyat öz yüksəliş mərhələsini yaşayırdı. Millətin işıqlı gələcəyini, Vətənin azadlığı yolunda heç bir çətinlikdən, ölümdən belə qorxmayan demokratik düşüncəli qələm sahibləri bir əllərində qələm, bir əllərində də silah xalqa xidmət edir, fədaiyə çevrilirdilər. Ədəbiyyatda əsas mövzular xalqın qəhrəmanlıq tarixinə, inqilabi keçmişinə müraciət, 21 Azər hərəkatının, Ana dilinin təsvir və tərənnümü ilə bağlı idi.
Güney Azərbaycanın ictimai həyatın bütün sahələrdə uğurları, Tehranın hakim dairələrində böyük təşviş yaradır, İran hökuməti hərəkatı boğmağa hazırlaşırdı. Mərkəzi hökumət İngiltərə, ABŞ və SSRİ arasındakı ziddiyyətlərdən istifadə edərək “İran məsələsi”nin BMT-də baxılmasına nail oldu. 1946-cı il dekabrın 12-də İranın Mərkəzi hökuməti Azərbaycanın Milli Hökuməti ilə imzaladığı anlaşmalarda bu dövləti rəsmən tanısa da, Pəhləvi ordusu Azərbaycana təcavüz etdi, bununla da Milli Hökuməti süquta yetirdi.
Milli Hökumət dövründə fəallıq göstərən kəndli, fəhlə, ziyalı və sahibkarlar təqiblərə məruz qaldılar. ADF və Milli Hökumətin rəhbərləri güllələndilər, dar ağacından asıldılar. Minlərlə vətənpərvər mühacirət etməyə məcbur oldu. Onların çox hissəsi Azərbaycan SSRİ-ə keçdi.
1941-1946-cı illər milli-azadlıq hərəkatının məğlubiyyətinin əsas səbəbi ABŞ, İngiltərə və SSRİ-nin İrandakı siyasətilə bağlı idi. Bu dövlətlər Güney Azərbaycanının milli-demokratik hökumətini imperiya mənafelərinə qurban verdilər. Hər üç dövlət imperiyapərəst maraqlarını bütöv bir xalqın taleyindən üstün tutdu.
O illərdə “Vətən yolunda” qəzeti ilə yanaşı, ADF-nin orqanı olan “Azərbaycan” qəzeti və şair Rəsul Rzanın redaktorluğu ilə nəşr olunan “Azərbaycan” dərgisində dərc olunan materiallarda ikiyə parçalanmış xalqın mənəviyyatı, mədəniyyəti, tarixi, ədəbiyyatı küll halında verilirdi.
Xalqın istiqlalla, xoşbəxt gələcəklə bağlı arzu və istəkləri, ana dili, kimliyi bu dövr ədəbiyyatının aparıcı mövzusu olub milli şüurun formalaşmasına da böyük təkan verdi.
Güney Azərbaycandakı milli-azadlıq hərəkatı məğlubiyyətə uğrasa da, ölkənin sonrakı tarixinə çox böyük təsir göstərdi.
Pərvanə Məmmədli,
Filologiya üzrə fəlsəfə doktoru
Şərhlər bağlıdır.