Xocalı soyqırımından bəhs edən yeni sayt yaradılıb

 

Xocalı soyqırımından bəhs edən yeni sayt yaradılıb
“Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyasının təşəbbüskarı,
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın tərəfdaşlığı və məşhur
fotojurnalist Reza Deqatinin təşəbbüsü ilə Paris və Bakıdakı əməkdaşlar
tərəfindən www.khojalywitness.org saytı hazırlanıb.
AZƏRTAC xəbər verir ki, Reza Deqati 1992-ci ildə Xocalı soyqırımının,
Azərbaycan xalqının başına gətirilən dəhşətlərin nadir şahidlərindən biri olub.
Hələ o vaxtdan lentə köçürtdüyü həqiqətləri dünyaya çatdırmaq üçün dünyanın
bir çox yerində sərgilər təşkil edib, reportajlar verib.
“Bir fotoqraf kimi mən insanlara necə haqsızlıq edildiyini gördüm, nalələrini
eşitdim, çəkdiyi əzabları fotolentimin yaddaşına köçürdüm. O anları ki mən
gördüm, o səsləri ki mən eşitdim, bütün bunlar mənə dərindən təsir etdi. Onların
başına gətirilənləri bütün dünyaya çatdırmaq mənim ömürlük vəzifəm, çiynimdə
olan bir yükdür”, – deyə o bildirib.
Dünyanın müxtəlif yerlərindəki problemləri, insanların üzləşdiyi bəlaları dünyaya
çatdıran Reza 32 ildir ki, Xocalı sakinlərinin də səsi olmağı missiya kimi öz
üzərinə götürüb.
Saytda 1992-ci ildə Xocalı və Ağdamda çəkilən şəkillər hekayələri ilə birlikdə
təqdim olunur. Həmçinin “Time”, “The New York Times”, “The Washington
Тimes”, “The Washington Post”, “ВВС1News”, “The Independent,” “Le Monde”,
“Newsweek”, “The Sunday Тimes”, “Human Rights Watch”, “The Age”, “The
Boston Globe” “Kommersant”, “Svoboda” kimi nüfuzlu beynəlxalq media
orqanlarının soyqırımı ilə bağlı yazdığı faktlar da əlavə olunub.
Bundan başqa, Xocalı soyqırımının şahidi olmuş Amerika Birləşmiş Ştatlarından
jurnalist, yazıçı və müəllif Tomas Qoltz, jurnalist və operator Çingiz Mustafayev,
Fransadan fotoqraf və sənədli kinorejissor Frederique Lengaigne və Litvadan
fotojurnalist Rikardas Lapaitis tərəfindən qeyd olunmuş faktlar da saytda
göstərilib.
Veb-sayt daha çox kütləyə çatması üçün Azərbaycan, fransız, ingilis və rus
dillərində olmaqla, 4 dildə hazırlanıb. Gələcəkdə saytın azı 10 dilə tərcümə
olunması da nəzərdə tutulur.
Saytın yaradılmasında əsas məqsədlərindən biri Xocalı soyqırımı qurbanlarının,
şahidlərinin hekayələrini göstərməklə, digər insanların bu şəkillərə baxaraq öz
əzizlərini tapmasına, yaxınlarını tanımasına yardımçı olmaqdır.

Şərhlər bağlıdır.