Böyük tarixə malik olan xalqlar və qəbilələr öz milli simasını işğalçıların
hücumu qarşısında hifz etdiyi kimi Azərbaycan xalqı da öz dilini, adət və
ənənələrini əsrlərdən bəri hifz edə bilmişdir. Bir çox tarixi, siyasi, ictimai və
iqtisadi amillərin təsiri altında qaldığı kimi Azərbaycan xalqının dilinə ərəb
və fars kəlmələri nüfuz etmişdir. Fars dilində ərəb kəlmələrinin həddindən
artıq olduğu halda, fars millətini və ya başqa millətləri inkar etmək olmadığı
kimi Azərbaycan millətini və onun dilini də inkar etmək olmaz. Azərbaycan
xalqı öz parlaq tarixinə qəhrəmanlar, sərkərdələr, tarixçilər, siyasi simalar
verdiyi kimi Nizami Gəncəvi, Nəsimi, Füzulu, Əli Möcüz, Raci, Şükuhi,
Sərraf, Vaqif, Sabir, Qətran, Vidadi, Saib kimi böyük ədib və şairlər də
vermişdir. Bizim xalqımızın şeirləri, qəzəlləri, bayatıları, nağılları, qəsidələri
də Azərbaycan dilində yazılmışdır.
Azərbaycan dilinin zənginliyi, şirinliyi, sərf-nəhvi (qrammatikası) və
qaydaları vardır. Hətta fars dilində böyük bir cümlə ilə ifadə olunmayan
fikirlər Azərbaycan dilində bir neçə kəlmə ilə ifadə olunur və anlaşılır.
Məsələn, döymək, döydürtmək, döydürtdürmək və sairə.
Fars dilində belə bir şey mövcud deyildir və … Azərbaycan dilində nitq
etmək, yazmaq, danışmaq belə çox asandır. Hər bir azərbaycanlı uşağı az
müddət içərisində öz dilində yazmağa müvəffəq olur. Əgər bizim
kəndlərimizdə bir nəfər fars dilində gedib danışarsa onun danışıqlarından
bir kəlmə də olsun kəndli və fəhlələrimiz bir şey düşünməzlər. Lakin öz
Azərbaycan dillərində danışıqlarını tamamilə düşünüb dərk edirlər.
Bu, xalqımızın doğma ana dilində danışmalarının bir sübutudur.
Azərabycan xalqının hər bir övladı öz analarının qucağında onların
nəvazişi, həzin-həzin, şirin-şirin sözləri və xoş avazları ilə tərbiyə almışlar.
Dağlarda sürü otaran çobanlarımızın çaldığı mahnılar Azərbaycan xalqının
ana dilindəki mahnılarıdır.
Analarımız beşiklərdə bizə aşagıdakı bayatıları oxuyub bizi boya-başa
çatdırmışlar:
Bu gün sabah yaz olur,
Bülbüllər pərvaz olur,
Sənə gül demərəm mən,
Gülün ömrü az olur.
Sənə bülbül deyərəm,
Bülbül xoş avaz olur.
Lay-lay, lay-lay…
Bizim uşaqlarımızın anadan olduğu vaxt qulaqları analarımızın ürəyindən
qopan bu şirin dil ilə bizə dediyi bayatılardır. Bunlar xalq, yəni camaat
ədəbiyyatıdır.
Xalqımız toylarda, məclislərdə, yasda, bazarda, dükanda, ocaq və təndir
başında bu dil ilə yeni, dədə-baba dilləri olan Azərbaycan dilində
danışmışlar və indiyə qədər də danışıb bir xalq və millət kimi yaşayırlar.
Hələ Azərbaycanda hökmdar olan Şah İsmayıl Səfəvi (Xətai) hökmdar
olduğu vaxt onun zamanında dövlət işləri tamamilə Azərbaycan dilində
aparılmışdır. Hökmdar özü Azərbaycan dilində şeirlər yazmışdır. Bizi
monqol adlandıranlar Azərbaycan millətinin düşmənləridirlər. Azərbaycan
xalqı monqollarla qanlı mübarizələr aparmışdır. Azərbaycan xalqı heç vaxt
dəyişməmişdir. O, həmişə bir xalq kimi yaşamışdır. Tarix boyu qəhrəman,
şücaətli, cəngavər bir millət olan Azərbaycan xalqının dilini əvəz etmək
olarmı?
Öz düşmənləri ilə gecə-gündüz vuruşan, vətənlərinin və azadlıqlarının
düşmənləri ilə yorulmadan cəng edən millətin dilini dəyişmək olarmı? Bunu
40 ildən artıq İrandakı zülmkar və zalımlar isbat etdi ki, olmaz. Məxsusən,
20 il zor, süngü, irticanın maarifi bizim dilimizi qadağan etməsi başqa yad
dil olan fars dilini uşaqlarımızın boğazına güc ilə keçirmələri göstərdi ki,
Azərbaycanın dili dəyişməz. Hər cür çətinliyə baxmayaraq xalqımızın dili
aradan getmədi. Bizim Azərbaycan milləti də farslaşmadı. Rza xanın alçaq
və nifrətli siyasəti baş tutmadı. İrtica bilməyir ki, bir millətin sərvətini, malını
əlindən alıb qarət etmək olar, lakin onun doğma ana dilini əlindən almaq
olmaz. Bizim babalarımız midiyalı olmuşlar, yəni mənşəyimiz Mad
olmuşdur.
Bəs dilsiz bir millət ola bilməz. Dil bir millətin varlığını sübut edir. Hər bir
millət öz dili və ədəbiyyatı üzərində öz milli mədəniyyətini yaratmışdır.
Azərbaycan dili öz tarixi qədər qədimdir. Dil bir millətin azadlıq
mübarizəsinin silahı olmuşdur. Azərbaycan milləti də öz mədəniyyətini, öz
ədəbiyyatını dil üzərində qurmuşdur. Azərbaycan milləti öz ana dilində
ibtidai, ali mədrəsələr açacaq və bunlarda onun balaları səadətli və xoşdəxt
olacaqdır.
Yaşasın Azərbaycan xalqının ana dili!
“Azərbaycan” qəzeti. ADF orqanı, say 52, 21 aban 1324/12.11.1945
Təqdim etdi: Səməd Bayramzadə
Şərhlər bağlıdır.