1939-cu il sentyabrın 1-də Almaniyanın Polşa üzərinə hücumu ilə başlanan
İkinci Dünya müharibəsi bəşər tarixinin ən qanlı müharibəsi hesab edilir. Ən
müxtəlif mənbələrdə onun qurbanlarının sayı barədə müxtəlif rəqəmlər deyilir.
Lakin ən mötəbər mənbələr bu müharibəyə 100 milyon nəfərdən çox insanın
cəlb olunduğunu, onlardan 50 milyondan çoxunun həyatı bahasına başa
gəldiyini göstərir. Azərbaycan vətəndaşlarının da iştirak etdiyi bu müharibədə
xalqımızın minlərlə cəsur, igid və qəhrəman oğullarının qanı axıdılıb.
1945-ci il mayın 8-dən 9-na keçən gecə Berlin şəhərində faşist Almaniyası və
onun silahlı qüvvələrinin qeyd-şərtsiz təslim olması barədə akt imzalanıb.
Faşizm üzərində Qələbə ilə başa çatan müharibə çox böyük məhrumiyyətlər
verən Azərbaycan ailəsi üçün də çoxdan gözlənilən xəbər idi. İkinci Dünya
müharibəsi imperiyaya daxil olan xalqlar tərəfindən xilaskar və ədalətli savaş
hesab olunur, Hitler Almaniyası tərəfdən isə işğalçı xarakter daşıyırdı.
AZƏRTAC İkinci Dünya müharibəsində qazanılmış Qələbədə Azərbaycan
xalqının və Bakı neftçilərinin tarixi roluna bir daha qısaca nəzər salır.
1941-1945-ci illərdə xalqımız istər ön cəbhədə, istərsə də arxa cəbhədə böyük
qəhrəmanlıq nümunəsi göstərərək müharibədə Qələbəyə mühüm töhfə verib.
Hətta belə bir ifadə də işlənir: almanlar üzərində Qələbə Nikulinin mühərrikləri,
Yakovlevin təyyarələri, Məmmədəliyevin yüksək oktanlı benzini hesabına
qazanılıb.
Həqiqətən də Bakı nefti Qələbənin qazanılmasında əvəzsiz rol oynayıb.
Müharibənin ilk günündən Azərbaycan neftçiləri gecə-gündüz çalışaraq,
cəbhənin və iqtisadiyyatın bütün sahələrini yanacaqla təmin ediblər. Əbəs yerə
deyildi ki, almanların planına əsasən 1941-ci il sentyabrın axırınadək Bakı işğal
olunmalı, onun nefti alman şirkətlərinin sərəncamına verilməli idi. Artıq bu plan
üzərində böyük bir siyasi xətt yeridilirdi. Bakının hətta hərbi məntəqəyə
çevrilməsi ilə bağlı qərar çıxarılmışdı.
Təkcə bir faktı xüsusi olaraq qeyd etmək yerinə düşər ki, 1941-1945-ci illərdə
müharibə aparan Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin
80 faizi, motor yağlarının isə 90 faizi Azərbaycanın payına düşüb. Həmin illərdə
ölkəmizin kimya müəssisələrində 26 növ yandırıcı və partlayıcı kimyəvi
birləşmə, 9 növ aviasiya və 8 növ dizel yanacağı istehsal olunub, yanğın
əleyhinə inventar və avadanlıqlar hazırlanıb. Müharibə illərində yüksək oktanlı
aviasiya yanacağının kəşf olunması Qələbəyə verilən əvəzsiz töhfələrdən
biridir. Sovet aviasiyası məhz bundan sonra cəbhədə düşmənə ağır zərbələr
endirməyə nail oldu.
Dünya hərb tarixinə ən dağıdıcı və dəhşətli müharibə kimi daxil olan 1941-1945
ci illər müharibəsinin başlandığı ilk gündən on minlərlə azərbaycanlı könüllü
olaraq savaşa atılıb. İkinci Dünya müharibəsində qazanılmış qələbədə çox
böyük payı olan Azərbaycan xalqı özünün 700 minə yaxın oğul və qızını
cəbhəyə yola salıb. Onların 300 mindən çoxu döyüşlərdə həlak olub. Müharibə
zamanı göstərdikləri igidliyə görə 123 nəfər azərbaycanlı Sovet İttifaqı
Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabit isə müxtəlif
orden və medallarla təltif edilib.
Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan Krımın, Ukraynanın və
Litvanın azad edilməsində fərqləndiyinə görə, “Simferopol” diviziyası fəxri adını
almış 77-ci, “Belqrad” diviziyası fəxri adı ilə tanınmış 223-cü, Ukrayna, Polşa və
Çexoslovakiyanın azad edilməsində iştirak etmiş 271-ci, Qafqaz uğrunda
döyüşlərdə heyətinin böyük hissəsini itirmiş 402-ci və 416-cı milli atıcı
diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib. Azərbaycandan olan
döyüşçülər bir sıra Avropa ölkələrinin azad olunmasında da yaxından iştirak
ediblər. 1945-ci ildə Berlinə ilk daxil olmuş hərbi hissələrdən biri – 416-cı diviziya
Azərbaycanın milli diviziyaları olub.
Partizan hərəkatında iştirak etmiş soydaşlarımızın qəhrəmanlıq nümunələri
saysız-hesabsızdır. İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçən
Azərbaycan övladlarının heç vaxt yaddaşlardan silinməyən qəhrəmanlıqları və
şücaətləri gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsi olub.
1941-1945-ci illərdə Azərbaycandan cəbhəyə yeddi tondan çox donor qanı
göndərilib, döyüşən ordunun ərzaq və isti geyimlə təchizatında həmyerlilərimiz
fəallığı ilə seçilib. Azərbaycan vətəndaşları Müdafiə Fonduna 15,5 kiloqram
qızıl, 900 kiloqram gümüş, 295 milyon manat pul ianə ediblər. Əlavə olaraq tank
kolonnaları üçün 175 milyon manat pul köçürüblər. Hədiyyə olaraq döyüşçülər
üçün cəbhəyə 1,6 milyon müxtəlif əmtəə, 125 vaqon isti paltar göndəriblər.
Azərbaycan xalqı faşizmə qarşı müharibədə həlak olanların xatirəsini daim əziz
tutur, onları ehtiramla yad edir. Müharibə iştirakçıları, veteranlar dövlətin
hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub. 9 may – Faşizm üzərində Qələbə
Günü ərəfəsində Prezident İlham Əliyevin müharibə veteranlarının sosial
müdafiəsinin daha da möhkəmləndirilməsi ilə bağlı sərəncamlar imzalaması
artıq ənənə halını alıb. Prezident İlham Əliyevin 2025-ci il aprelin 21-də
imzaladığı “1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş
şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına,
arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə
birdəfəlik maddi yardım verilməsi haqqında” Sərəncamı ilə 1941-1945-ci illər
müharibəsində iştirak etmiş şəxslərə 2500 manat, İkinci Dünya müharibəsində
həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin
dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş
şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları,
yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və
donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin
işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə
görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad
şəhərinin mühasirəsi iştirakçılarına 1250 manat məbləğində birdəfəlik maddi
yardım verilib. Sərəncam ümumilikdə 2 min 340 şəxsə şamil olunub və onlardan
21-i İkinci Dünya müharibəsi iştirakçısıdır.
Səksən il bundan əvvəl baş verən tarixi Qələbədən sonra mayın 9-u təqvimə
qırmızı rəngdə yazıldı. Vətən oğullarının qanı hesabına qazanılmış Qələbənin
mahiyyəti və tarixi əhəmiyyəti böyük məna kəsb edir. Azərbaycanda elə ailə,
elə ev tapmaq olmaz ki, İkinci Dünya müharibəsinin itki, ağrı və məhrumiyyətləri
ondan yan keçmiş olsun. Ona görə də faşizminin qarşısını almaq üçün
həyatlarını qurban vermiş Azərbaycan vətəndaşları bu gün də böyük
minnətdarlıq hissi ilə anılır. Zaman keçsə də, illər ötsə də onların göstərdikləri
qəhrəmanlıq nümunələri xatirələrdə əbədi yaşayacaq, bu yolda canını qurban
verənlərin xatirəsi həmişə hörmət və ehtiramla yad ediləcək.
Şərhlər bağlıdır.