Xalq şairi Süleyman Rüstəmin arxiv
Ustadım Şəhriyara ikinci məktubu (ilk dəfədir ki, paylaşılır) Təbriz 1981, IX, 10
“Şair qardaşım Şəhriyara məktub”
Süleyman Rüstəm Bakı şairlərindəndir ki, qəzəlləri və qoşmaları şöhrətli və
ehsas yaradandır. Onun neçə cild kitabı və şeir məcmuəsi indiyə qədər şimali
Azərbaycanda çap olub və oxucuların rəğbətin qazanıbdır. Süleyman Rüstəm
ustad Şəhriyarla məktublaşıb, müxtəlif şeirlər ustad haqqında yazıb ki, biri –
birindən gözəl və ehsaslıdır. Ustad Şəhriyar da həman şeirlərə cavab söyləyib
ki, o şeirlər də olduqca möhtəvalı və məzmunludur.
İndi bir nümunə Süleyman Rüstəmin şerindən gətiririk, sonra ustadın yazdığı
ehsaslı və dərin məzmunlu şerin ardınca çap edirik. Əvvəldə Süleyman
Rüstəmin “Şair qardaşım Şəhriyara məktub” ünvanlı şerin oxuyursuz:
QARDAŞIM ŞƏHRİYARA İKİNCİ MƏKTUB
Eşidib səsini, əziz Şəhriyar,
Nə qədər sevindi bu doğma diyar.
Bir də qəbul elə Odlar Yurdundan
Sənə çoxlu-çoxlu salamımız var.
Nə olar, üzünü görə biləydim,
Çiçəklərdən çələng hörə biləydim.
Xəzər sahilinin məhəbbətini
Sənə busələrlə verə biləydim.
Xoş nəğmələr üçün cürə sazından,
Bülbül şura gəlsin xoş avazından.
İstərəm dərəsən səadət gülü
Həyat bağçasından, əməl yazından.
Baharda gül dər ki, ətirli olsun,
Rəngi olsun, özü çətirli olsun.
Yaşadar şairi xalq məhəbbəti,
O gərək hər zaman xatirli olsun.
Can qurban vətənə, can qurban elə,
Onun şövqüylə mən gəlirəm dilə.
Vətən gülzarına çıxan, a bülbül,
Mənim eşqimi öt bir qızıl gülə.
Demirəm mənə siz bir bağ göndərin,
Bircə yaşıl budaq, yarpaq göndərin.
Təbrizdən bu yana gələn tapılasa,
Mənə bircə ovuc torpaq göndərin.
Qurbanlar kəsərəm, Bakıya gəlsən,
Nanətək əsərəm, Bakıya gəlsən.
Car çəkib aləmə xəbər verərəm,
Buna tələsərəm, Bakıya gəlsən.
Dilinə xor baxan bir dərbədərdir,
Niyyəti mə`nasız, fikri hədərdir.
Azəri dilində yazdığın üçün
Sənə məhəbbətim dərya qədərdir.
Demə ki, şairin mətləbi yoxdur,
Bu sözü açmağın səbəbi yoxdur.
Təbrizin nə üçün, agah eyləyin-
Öz ana dilində məktəbi yoxdur?
Yağı bilməyirmi öz diyarım var,
Öz dilim, öz hökmüm, ixtiyarım var.
Dillərin əzbəri, dünya vüqarı
Nizamim, Füzulim, Şəhriyarım var.
Sazda dərin fikir, mə`na yaradaq,
Könüldə saf əməl, sevda yaradaq.
Siz ey yer üzünün saf insanları,
Qan-qaradan uzaq dünya yaradaq.
Şəhriyar, çal yenə sözün tarını,
Ellər uzun zaman dadsın barını.
Bəxtiyar deyirlər o şairə ki,
Yazır vətəninin arzularını.
Mə`nəvi bal-şəkər, nabat istərəm,
Məhəbbət adına sovqat istərəm.
Mən insanlar üçün möhnətdən uzaq
Novrağı pozulmaz həyat istərəm.
Şəhriyar, bir də qoy sənə can deyim,
El üçün yanmısan, yenə yan deyim.
Ehtişamla dayan, xalqa arxa ol,
Mən sənə ikinci Savalan deyim!
“Şəhriyar və Azərbaycan dilində əsərləri”
VƏTƏN ədəbi məclisi
Şərhlər bağlıdır.