Təhsil Nazirliyi ilə Polis arasında imzalanmış anlaşma geniş etirazlara səbəb olub: Məktəb hərbi hissə deyil!

Təhsil naziri Əliriza Kazımi ilə İran İslam Respublikasının polis qüvvələrinin baş
komandanı Əhmədriza Radan arasında imzalanmış anlaşma müəllim birlikləri
və vətəndaş cəmiyyəti fəalları tərəfindən ciddi etirazla qarşılanıb.
İranın daxili mediası, şənbə günü, 19 Aprel xəbər verdi ki, bu anlaşmaya
əsasən, “hicab və iffət mədəniyyətini gücləndirmək” adı ilə polis qüvvələri təhsil
mühitlərinə müdaxilə etmək icazəsi alacaqlar.
Əliriza Kazımi, anlaşma sənədinin imzalanması mərasimində hicabsızlığı
“mədəni zərər” adlandırdı və bildirdi ki, bu mövzu ilə bağlı “mədəni işlər”
aparılmalıdır. O, özünü “qürurla Radanın əsgəri” adlandırdı.
İran Müəllimlər Peşəkar Birlikləri Koordinasiya Şurası bəyanat yayaraq bu
anlaşmanın nəticələri barədə sərt xəbərdarlıq etdi. Bu şuranın sözçüsü
Məhəmməd Həbibi, bazar ertəsi 21 Apreldə, Təhsil nazirinin “Əhmədriza
Radanın əsgəri” olduğunu bildirməsinə istinad edərək dedi: “İran Müəllimlər
Peşəkar Birlikləri Koordinasiya Şurası bu alçaldıcı və narahatedici mövqeyi ən
sərt şəkildə pisləyir.”
Həbibi vurğuladı ki, Təhsil Nazirliyi hərbi qüvvələrin nüfuzuna çevrilməməlidir
və əlavə etdi: “Təhsil Nazirliyi nə nazirin şəxsi mülküdür, nə də hərbi qüvvələrin
parad meydanı.” O, polis qüvvələrinin məktəblərə daxil olmasını “qanunsuz,
repressiv və müəllimlərin və şagirdlərin hüquqlarına zidd” adlandırdı və bildirdi:
“Təhsili dəyənəklə və təhdidlə idarə etmək olmaz.”
Şura sözçüsü Təhsil nazirinə müraciətlə əlavə etdi: “Biz Təhsil nazirinə
xəbərdarlıq edirik ki, onun vəzifəsi müəllimlərin ləyaqətini və şagirdlərin
psixoloji təhlükəsizliyini qorumaqdır, yoxsa hərbi qurumlara itaət etmək deyil.
Ölkə boyu müəllimlər məktəblərin hərbi hissəyə çevrilməsinə icazə
verməyəcəklər.”
Bənzər reaksiya ilə, müəllim, vətəndaş fəalı və keçmiş siyasi məhbus Məhmud
Beheşti Ləngərudi də özünün “X” sosial şəbəkəsindəki hesabında bu anlaşma
sənədindən narahatlığını bildirdi.
O, Təhsil nazirinə müraciətlə yazdı: “Hər hansı bir anlaşma ki, polis və
təhlükəsizlik qüvvələrinin məktəblərə daxil olmasına zəmin yaradır, şagirdlərin
və müəllimlərin psixoloji təhlükəsizliyini aradan aparacaq.”
Məhmud Beheşti Ləngərudi, təhsil sisteminə təhlükəsizlik baxışına tənqid
edərək əlavə etdi: “Məktəb dəyənək və zor qüvvələrinin yeri deyil. Mədəni işi
zabitə tapşırmayın. Ziyanı əvvəl-axır sizin gözünüzə dəyəcək.”
İranwire.com

Şərhlər bağlıdır.