Yeprem xan Qacar hakimiyyətinin son illərində İranda mühüm rol oynamağa çalışıan və əslində “hansı məzhəbə” qulluq etdiyi dəqiq məlum olmayan bir ermənidir. Bu şəxsin kimliyi haqqında da müxtəlif mənbələr fərqli məlumatlar verir. Ən diqqəti cəlb edən məlumatlar erməni mənbələrinə aiddir. Bu mənbələrdə Yeprem xan “İran sərdarı” (general), İranın marşalı, xalq müdafiəçisi, “İranın Qaribaldisi”, “Şərqin Dantonu” və bir sıra fərqli adlarla Ermənistanın və İranın milli qəhrəmanı olaraq təqdim olunur.
Rus mənbələrində Yeprem xan, Yeprem Davudoviç Davtyan – İran inqilabçısı, erməni əsilli İran Müvəqqəti Hökuməti Silahlı Qüvvələrinin baş komandanı (1909-1912) kimi təqdim olunur.
Yeprem Davtyan 1868-ci ildə Azərbaycanda, Yelizavetpol quberniyasının Barsum kəndində anadan olub. Gənc yaşlarından o, tez-tez İrana erməni icmasının yaşadığı məntəqələrə səfərlər edib.
1880-ci illərin sonlarında Yeprem Türkiyənin Şərqi Anadolu coğrafiyasına gedərək orada Balkan nümunəsi olan “hayduk” adlı partizan dəstəsi təşkil edir. Bir müddət erməni haydukları Muş, Sasun və Van ətrafında uğurla “quldurluq” əməliyyatları aparırlar.
O, “hayduk” dəstəsinin bəzi üzvləri ilə birlikdə Qars bölgəsindəki rus-kazak patrulu tərəfindən həbs edilir və 1892-ci ildə Yeprem Rusiya dövləti tərəfindən məhkum edilərək Saxalinə sürgünə göndərilir. 1895-ci ildə Yeprem bir qrupla sürgündən qaçış təşkil edir. İki erməni, bir gürcü və bir rus sürgündən qaçaraq 17 gün Tayqada dolaşırlar. Bir müddət sonra Tatar boğazına çatanda polşalı bir tacirlə razılaşırlar ki, onları özü ilə Xabarovska aparsın və pulunu da Tayqada ovladıqları samur dəriləri ilə ödəyirlər. 1896-cı ilin payızında Yeprem Bakıya çatır və buradan da Təbriz şəhərinə keçir. Onun quldur dəstəsinin bir çox üzvləri də Təbrizdə toplanırlar. 1897-ci il, iyulun 24-də Yeprem Qarabağ ermənisi olan Sarkis Mehrabyan adlı, Vardan təxəllüslü bir erməninin rəhbərlik etdiyi 253 nəfərlik dəstəyə qoşülur və birlikdə İran-Türkiyə sərhədini qanunsuz keçirlər. Bir müddət sərhəd məntəqəsində qarətlər etdikdən sonra yenidən İrana gəlir. Bu dövrdə – “Utro Rossii” qəzetinin yazdığına görə, bir müddət Yeprem Davtyan “bizim Ənzəli-Tehran dəmir yolunda müqavilələrlə məşğul olub”. 1899-cu ildə İranda müəllimlik etdiyi də məlumdur. 1906-1907-ci illərdə Yeprem Reşt Erməni Kollecinin Qəyyumlar Şurasının üzvü olur, ermənilərin təhsili ilə əlaqədar bir sıra təkliflər irəli sürür. Melkum xanının pərəstişkarı olan Yeprem Davtyan onun təhsil və siyasi fikirlərini öyrənir, özünü onun davamçısı hesab edir.
Yeprem Daşnaksütyun partiyasının İrandakı Rəşt və Təbriz şöbələrini təsis edir. 1905-ci ilin sonunda Osmanlının İrana yürüşü başladı və 1907-ci ilin iyulunda Vandan gələn Osmanlı qoşunları Urmiyaya daxil oldular. Bu, Yeprem üçün həyəcan siqnalı oldu. Yepremin dostu olan Birinci Dünya müharibəsi illərində Rusiya Ordusunun 1-ci Erməni Könüllü Alayının 1-ci rotasının gələcək komandiri Maxluto Smbat Boroyan ilə yeni əməliyyat hazırlayırlar. 1908-ci ilin oktyabrında Yeprem Ənzəli şəhərində “Paylak” Komitəsini yaradır. O, Qafqazdan Ənzəli limanına döyüş sursatı çatdırılmasını təşkil edir və oradan 20 erməni, 35 gürcü könüllüsü də Ənzəliyə gəlir. Tezliklə, Yeprem Ənzeli limanının bələdiyyə binasında Erməni İnqilabi Federasiyasının bayrağını qaldırır. 1909-cu ilin fevralından Yeprem Rəşt şəhərinin inqilab komitəsinə başçılıq etməyə başlayır.
Artıq Efraim xan adı ilə İran İnqilabında aktiv iştirak edir və 1909-cu ildə Rəştdə könüllü fədailər dəstəsi yaradaraq Tehrana yürüşə başlayır. O, Qəzvinin alınmasında iştirak edir, sonra paytaxtı ələ keçirərək fədailərin əsas qüvvələrinə komandanlıq edirdi. “Rusiyanın səhəri” qəzeti (21 may 1912-ci il) xəbər verir ki, Qəzvin şəhəri 21 aprel 1909-cu ildə ələ keçirildi. 1909-cu il iyulun əvvəllərində Efraim xanın fədailəri Tehranın kənarına gəlib cənubdan yaxınlaşan Bəxtiyari dəstələri ilə birləşdilər. İran “kazak” briqadası (bu briqada haqqında ayrıca araşdırma aparılıb) ilə iki günlük döyüşdən sonra 1909-cu il iyulun 13-də fədailər və Bəxtiyarilər Tehrana daxil oldular. Məhəmməd Əli şah Qacar taxtdan salındı. Ali Fövqəladə Şura 30 iyul 1909-cu ildə Qacarın 14 yaşlı oğlunu taxt-taca oturtdu və Yeprem xanı Tehran şəhərinin polis rəisi təyin etdilər. Məhəmməd Əli şah Rusiyaya mühacirət edərək Odessada məskunlaşdı.
1909-cu ildə Yeprem xan müvəqqəti İran hökumətinin silahlı qüvvələrinin baş komandanı təyin edilir. Onun ordusundakı etibarlı əsgərləri ermənilər idi. 1910-cu ildə kiçik dəstəsi ilə Tehran şəhərinə gəlmiş Səttər xanı da pusquya salaraq top atəşi ilə yaralayan və dəstənin bir çox üzvünü öldürən də Yeprem xanın qoşunu idi.
Yeprem Davtyan 1912-ci ilin mayında Surjie məntəqəsində Həmədan yaxınlığında döyüş zamanı güllə ağzından dəyərək ölümünə səbəb olmuşdur. Ölümündən sonra Tehranda onun adını daşıyan erməni məktəbinin həyətində dəfn edilir.
Türkiyənin şərqində, Qərbi Azərbaycanda, Urmiyada çox sayda qarətlər edən, qırğınlar törədən bu şəxs müxtəlif situasiyalarda fərqli qüvvələrlə razılığa gəlib ittifaqlar qurmaqda usta idi. Altmışa qədər əməliyyatda iştirak etmiş və hər dəfə də canını qurtara bilmişdir. İlk fürsətdə, Ənzəlidə Erməni İnqilabi Federasiyasının bayrağını qaldıran Yeprem xan Tehran şəhərində bayrağını qaldırmağa fürsət tapmadı. Güllə onu gözləmədiyi yerdə haqladı, yoxsa bu gün İranda Erməni İnqilabi Federasiyasının yaradacağı “Erməni muxtar respublikası” da qurula bilərdi…
Cross Media Təhlil Mərkəzinin analitiki, fəlsəfə doktoru
https://crossmedia.az/az/article/33244
Şərhlər bağlıdır.