İrəvanda radikal çağırışlar səngimir

Separatçılar yeni təxribatlara başlayıblar
Azərbaycan Ordusunun dövlət suverenliyinin bərpası məqsədilə 2023-cü
ilin sentyabrında həyata keçirdiyi birgünlük antiterror əməliyyatından
sonra keçmiş qondarma separatçı rejimin təzyiq və təhriki ilə bölgəni tərk
edən Qarabağ erməniləri İrəvanda acınacaqlı durumdadırlar. Onlar
üzləşdikləri vəziyyətlə bağlı narazılıqlarını vaxtaşırı dilə gətirirlər.
Sonuncu belə aksiya iyulun 12-də axşam saatlarında İrəvanın
mərkəzindəki “Azadlıq” meydanında keçirilib.
Qeyd edək ki, “Artsax xalqı”nın (?) hüquqlarını müdafiə şurası tərəfindən təşkil
olunan mitinqə çağırış bəyanatında bildirilmişdi ki, hüquqlarımızı birgə səylər
və qanuni vasitələrlə qoruya bilmək üçün bu çətin şəraitdə mühüm qərarlar
qəbul etməliyik. Mitinqə icazə verilmiş, lakin polis və İrəvan meriyası
planlaşdırılan yürüş və oturaq aksiyanın keçirilməsi ilə bağlı müraciəti rədd
etmişdi. Yürüşün Ermənistan hökuməti və parlament binaları qarşısında
keçirilməsi planlaşdırılırdı.
Mitinqin təşkilatçıları bildiriblər ki, onlar “artsaxlılar”ın hüquqlarını bundan sonra
da qorumaq niyyətindədirlər. Onlar öz xislətlərinə sadiq qalaraq ənənəvi
revanşist bəyanatlar səsləndiriblər: “Biz öz vədlərimizə sadiqik və seçdiyimiz
yoldan dönməyəcəyik. Məqsədimiz ümumi məqsəd naminə vahid,
əlaqələndirilmiş və səmərəli əməkdaşlığı təmin etməkdir. Biz Erməni Apostol
Müqəddəs Kilsəsini, Böyük Kilikiya Evinin Katolikosluğunu, bütün diaspor
qurumlarını, ictimai təşkilatlarını və siyasi qüvvələri, bütün erməni xalqını
“Artsax ideyası” ətrafında birləşməyə və “Artsax məsələsini” ümumerməni
gündəminə çevirməyə çağırırıq. Bu gündəmi dəstəkləyənlər bizimlə birgə, bizim
yanımızda olmalıdırlar. Gəlin xatırlayaq ki, 1988-ci ildə eyni ruh, eyni fikir, eyni
qətiyyətlə “Artsax”ın oyanışı “xalq üsyanı” ilə başladı. Həmin ruh bu gün də
oyaqdır”.
Mitinq başlamazdan əvvəl təşkilatçılar tərəfindən daha bir təxribatçı hərəkətə
yol verilib. Keçmiş qondarma rejimin “bayrağı” adlandırılan 50 metrlik
uzunluqda əski parçası “Azadlıq” meydanında açılıb. Çıxış edən şura üzvü
Saida Poqosyan bildirib ki, “artsaxlılar”ın tələbləri dəyişməz olaraq qalır. Bu
gündən onlar mübarizənin yeni mərhələsinə başlayırlar. Mitinq zamanı
Ermənistan hakimiyyəti qarşısında bir sıra məsələlər qaldırılıb. Bura sosial
problemlərin həlli, Bakıda ədalət mühakiməsi önünə çıxarılan şəxslərin azad
edilməsi, ermənilərin Qarabağa qayıtmasının təmin edilməsi, habelə işğaldan
azad edilmiş ərazilərdə mədəni-tarixi irsin (?) qorunması daxildir.
İyulun 12-dən 13-nə keçən gecədən etibarən separatçılar polis və meriyanın
yürüş və oturaq aksiya qadağasına etiraz əlaməti olaraq meydanda müddətsiz
oturaq aksiyaya başladıqlarını elan ediblər. Adı çəkilən şuranın üzvü Artak
Mkrtçyanın sözlərinə görə, polis əməkdaşları toplaşanlara xəbərdarlıq ediblər
ki, qadağa pozulacağı təqdirdə güc tətbiq oluna bilər: “Biz meydanda oturaq
aksiyaya başlayırıq və problemlərimiz həll olunana qədər burada qalacağıq.
Polis meydanda çadırların quraşdırılmasını da qadağan edib”.
Parlamentdəki “Şərəfim var” fraksiyasının katibi Tiqran Abramyan öz
növbəsində qeyd edib ki, “Artsax xalqı” ekstremal tədbirlərə əl atmağa
məcburdur, çünki hakimiyyət onların problemlərini həllini hətta, qısamüddətli
perspektivdə də təklif etməyib. İş o yerə çatıb ki, onların yürüş keçirmək
hüquqlarını belə məhdudlaşdırırlar.
***
Şura üzvləri və bir qrup separatçı bütün gecəni və səhəri meydanda keçiriblər.
Gecə saatlarında polislə aparılan danışıqlar nəticəsində oturaq aksiya keçirilən
əraziyə bir neçə yuxu kisələri çatdırmaq mümkün olub. Oturaq aksiyanın əsas
tələbi “artsaxlılar”ı aktual problemlərini həll etməkdir. Keçmiş qondarma rejimin
“ombudsmanı” Geqam Stepanyan bildirib ki, onlar Ermənistan hökumətinə
əvvəllər 12 tələbdən ibarət sənəd təqdim ediblər, lakin yalnız sosial məsələlərə
baxılıb, digər tələblər, məsələn, Qarabağa qayıtmaq, mədəni irsin qorunması,
“məhbuslar”ın azad edilməsi və s. kimi tələblərə rəsmi İrəvan məhəl qoymur.
Keçmiş rejimin sabiq “dövlət naziri” Artak Beqlaryan isə Ermənistan hökumət
binası qarşısında jurnalistlərə açıqlamasında deyib ki, etiraz aksiyası
hakimiyyətdən gözləntiləri əks etdirir: “Əgər biz buradayıqsa, bu o deməkdir ki,
hökumətdən hələ də gözləntilərimiz var. Bizim proqnozlarımız başqa məsələdir.
Hələlik hadisələrin inkişafı və hakimiyyətin siyasi mövqeyi göstərir ki,
Ermənistan hökuməti “Artsax xalqı”nın hüquqlarını qorumaq üçün ciddi
islahatlar və ya əhatəli, effektiv müzakirələr aparmaq fikrində deyil”.
Beqlaryan qeyd edib ki, hakimiyyət bəzi siyasi tələbləri milli təhlükəsizliyə təhdid
hesab edir. Bura xüsusən də separatçıların Qarabağa geri qaytarılması,
“mədəni irs”in qorunması və “məhbuslar”ın azad edilməsi məsələləri daxildir.
Onun sözlərinə görə, hətta, sosial məsələlər də hissə-hissə və səmərəsiz həll
olunur. Yaşayış yeri üçün kirayə ödənişləri dayandırıldıqdan sonra Qarabağdan
gələnlər arasında yoxsulluq səviyyəsi kəskin şəkildə artıb: “Mütəxəssislərin
hesablamalarına görə, Artsax sakinlərinin təxminən 80 faizi artıq yoxsulluq
həddindən aşağıda yaşayır. Yaxın 2-3 ay ərzində həddindən artıq yoxsulların
sayı xeyli artacaq”.
Artak Mkrtçyan isə iyulun 14-də davam edən etiraz aksiyası zamanı bildirib ki,
etirazçılar “40+10 min” dəstək proqramının davam etdirilməsini tələb edir,
hökumət isə onu dayandırıb və yalnız Qarabağ sakinlərinin müəyyən, ən
həssas qruplarına dəstək verir: “Qarabağdan gələnlərin mənzillə təmin
olunması problemlidir. Çünki məcburi şərt var – Ermənistan vətəndaşlığının
alınması. Adamlar müxtəlif səbəblərdən vətəndaşlıq ala bilmirlər. Bir çoxları
doğum haqqında şəhadətnamələrini “Artsax”da qoyublar və burada bu
məsələləri operativ həll edə bilmirlər. Adamlar bizə zəng edib deyirlər ki, doğum
haqqında şəhadətnamə üçün 200-250 min dram istəyirlər”.
***
Dünən Nazirlər Kabinetinin binası yaxınlığında etirazçılar önünə çıxan
Ermənistan hökumətinin nümayəndəsi Ayk Simonyan küçədə heç bir müzakirə
olmayacağını bildirib və qəbul üçün Qarabağ sakinlərindən ibarət dörd nəfərlik
qrup yaratmağı təklif edib. Etirazçılar 2-3 aydır ki, peşəkar qruplarla danışıqlar
apardıqlarını, lakin nəticəsi olmadığını xatırladıblar. “Hökumət konkret sosial
məsələlərlə bağlı mövqeyini dəyişib, ya yox? Yoxsa, biz sadəcə olaraq yenidən
danışıqlar meydançasına girməliyik? – deyə etirazçılardan biri soruşub.
A.Simonyan isə deyib: “Mən indi onları konkret sadalaya bilmərəm, amma
suallarınız yerindəcə müzakirə olunacaq, cavablar alacaqsınız. Ola bilər ki,
qərar verilsin, amma sizin 20 bəndinizdən hansının dəyişəcəyini indi deyə
bilmərəm”.
Ermənistan baş nazirinin aparat rəhbərinin müavini Taron Çaxoyan isə etiraz
aksiyası zamanı jurnalistlərə açıqlamasında deyib ki, bu məsələ ilə bağlı
olduqca aydın siyasi qiymət səsləndirilib: “Müxalifət artsaxlılardan istənilən
şəkildə hakimiyyətə qarşı öz mitinqləri üçün siyasi material kimi istifadə etməyə
çalışır. Təbii ki, məqsəd hakimiyyəti dəyişməkdir. Hər dəfə “Artsax xalqı”nın
emosional hissləri ilə oynamaq və bu insanları küçələrə çıxarmaq cəhdi olur”.
İrəvanda keçirilən aksiya bir daha göstərir ki, Qarabağdan könüllü köçüb gedən
ermənilər Ermənistan cəmiyyətinə inteqrasiya etməkdənsə, revanşist və
separatçı xətlə hərəkət etməyə üstünlük verirlər. Onların aksiyası da sosial
narazılığın ifadə edilməsindən çox, revanşist dairələrin siyasi təxribat cəhdinə
çevrilib. Mitinq başlamazdan öncə keçmiş qondarma rejimin “bayrağı”nın,
əslində, separatizmin rəmzi olan əski parçasının meydanda nümayiş etdirilməsi
bu insanların hələ də Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəmədiklərini
sübut edir. Ancaq deyəsən, onlar başa düşmürlər ki, keçmiş qondarma rejimin
simvolik “bayrağı”nın açılması yalnız təxribat deyil, həm də Ermənistanın
suverenliyinə açıq-aşkar meydan oxumaqdır. Ermənilər tərəfindən “Qarabağa
qayıdış”, Azərbaycanda hüquqi müstəvidə mühakimə edilən separatçıların
sərbəst buraxılması, işğaldan azad edilmiş ərazilərdə “erməni irsi”nin
qorunması kimi tələblərin irəli sürülməsi, mahiyyət etibarilə, separatçıların
Ermənistan hakimiyyətinə qarşı təzyiq vasitəsinə çevrilib. Bu çıxışlar
Ermənistan hakimiyyətini çətin vəziyyətə salmaqla yanaşı, regionda sülh
gündəliyini də pozmağa xidmət edir. Separatçıların aksiyaları Ermənistanın
daxili sabitliyinə və siyasi idarəçiliyinə ciddi təhdid yaradır. Onların ritorikası
rəsmi İrəvanın beynəlxalq öhdəlikləri ilə də uzlaşmır.
Rizvan HÜSEYNOV,
hərbi-siyasi şərhçi
İrəvanda keçirilən mitinq təkcə sosial narazılığın ifadəsi deyil, həm də separatçı
ideologiyanın yenidən dirçəldilməsi cəhdidir. Qarabağdan köçən ermənilərin
adından çıxış edən qruplar Nikol Paşinyan hökumətini fakt qarşısında
qoymağa, siyasi şantaj yolu ilə gündəmi dəyişməyə çalışırlar. Mitinq
başlamazdan əvvəl təxribata yol verilməsi, yəni keçmiş qondarma rejimin
“bayrağı”nın açılması bu prosesin arxasında revanşist və radikal qüvvələrin
dayandığını göstərir. “Artsaxlılar” adı ilə çıxış edən şəxslərin irəli sürdüyü
tələblər təkcə İrəvana deyil, regionda sülhün təmin olunmasında maraqlı olan
bütün qüvvələrə yönəlmiş siyasi təzyiq elementidir. Bu tələblər beynəlxalq
hüquqa və regionda formalaşan yeni geosiyasi reallıqlara ziddir. Onların əsas
məqsədi Ermənistanın mövcud hakimiyyətini zəiflətmək, revanşizmə zəmin
yaratmaq və Azərbaycanın ərazi bütövlüyü ilə barışmaq istəməyən qüvvələri
yenidən səfərbər etməkdir.
Ermənistan hakimiyyətinin bu məsələyə adekvat münasibət bildirməməsi isə
belə çağırışların legitimləşdirilməsi anlamına gəlir. Əgər Paşinyan hökuməti bu
kimi aksiyalara zamanında reaksiya verməzsə, ölkədə separatçılıq ikinci nəfəs
qazana və regionda sülh səylərinə ciddi zərbə vura bilər.

Səxavət HƏMİD

XQ

Şərhlər bağlıdır.