11 ölkədən Suriyaya dəstək: Təcavüzkar hərəkətlərə son qoyulmalıdır!

Türkiyə və on ərəb ölkəsinin xarici işlər nazirləri Suriyadakı son
hadisələrlə bağlı birgə bəyanat yayıblar.
Azerbaycan-ruznamesi.org bildirir ki, bəyanatda Suriyanın təhlükəsizliyini,
birliyini, sabitliyini və suverenliyini dəstəklədikləri və daxili işlərinə hər cür kənar
müdaxiləni rədd etdikləri vurğulanıb.
Türkiyə Cümhuriyyəti, İordaniya Haşimilər Krallığı, Birləşmiş Ərəb Əmirlikləri,
Bəhreyn, Səudiyyə Ərəbistanı Krallığı, İraq Respublikası, Oman Sultanlığı,
Qətər, Küveyt, Livan Respublikası və Misir Ərəb Respublikasının xarici işlər
nazirlərinin iştirakı ilə keçirilən iki günlük danışıqlarda Suriyanın yenidən
qurulması prosesi, sabitliyə əsaslanan təhlükəsizlik və bu istiqamətdə birgə
səylər müzakirə edilib.
Birgə bəyanatda onlar Sveyda əyalətində böhrana son qoymaq üçün əldə
olunmuş razılaşmanı alqışlayıblar və beynəlxalq ictimaiyyəti Suriya hökumətini
onun yenidən qurulması prosesində dəstəkləməyə və Birləşmiş Millətlər
Təşkilatının Təhlükəsizlik Şurasına İsrailin bütün işğal olunmuş Suriya
ərazilərindən çıxarılmasını təmin etməyə və İsrailin Suriyaya qarşı bütün
təcavüzkar hərəkətlərinə və onun daxili işlərinə müdaxiləsinə son qoymağa
çağırıblar.
Bəyannamədə həmçinin Suriyanın təhlükəsizliyi, birliyi və sabitliyinə dəstək və
ölkənin daxili işlərinə hər hansı xarici müdaxilənin rədd edilməsi vurğulanıb,
eyni zamanda İsrailin Suriyaya təkrar hücumları pislənib.

Şərhlər bağlıdır.