Moskvanın Cənubi Qafqazla qarşıdurmasının Ermənistanla ön xətti erməni
kilsəsindən, Azərbaycanla isə Rusiyadakı diasporumuzdan keçir. “Üçüncü Roma”da
əldən çıxmış bu şahmat partiyasını son iki əsrin ənənəvi ssenarisi ilə oynamaqda
israrlıdırlar. Yeni-köhnə Rusiyanın siyasi isteblişmentində hələ də ümid edirlər ki,
Qriboyedovla Paskeviçin metodları XXI yüzillikdə də işlək ola bilər. Hər ikisinin
ömürlərini necə başa vurduqları barədə tarixçəni isə Moskvada belə görünür ki,
xatırlamaqda o qədər də həvəsli deyillər.
Bu mənzərə Kremlin bölgə dövlətlərini “parçala və hökmranlıq et” prinsipi ilə
manipulyasiya rıçaqlarından məhrum olduğunun çılpaq göstəricisidir. İrəvanda
Paşinyan hökuməti Rusiyadan göndərilən emisarların başlarını “uf” demədən kəsir,
üzdə qriqoryan, pərdəarxasında isə rus pravoslav kilsəsinə xidmət edən erməni
keşişlərini həbsə ataraq Moskvanı son alətlərindən məhrum edir. Bakı isə digər
emissar – Azərbaycanın ərazi bütövlüyünə növbəti maneə kimi Qarabağa “ezam
edilmiş” Ruben Vardanyanın məhkəməsini prinsipiallıqla davam etdirir.
Azərbaycan və Ermənistan liderlərinin Əbu-Dabi görüşündən hasil olan ən vacib
nəticə də elə budur ki, tərəflər Rusiyanın geosiyasi isterikası şəraitində belə
vasitəçisiz keçinməyi bacarırlar. Nikol Paşinyanın bu görüşdən əvvəl Türkiyəyə etdiyi
tarixi səfər və Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edilməsi, Moskvadan gələn
təzyiq dalğalarının İrəvanı Bakı və Ankaranın ağuşuna daha sürətlə itələdiyini
göstərir. Zəmanənin ən böyük lütfü də budur ki, Kremldə bunu ya anlamırlar, ya
anlaya bilmirlər, ya da anlayırlar, ancaq əlacsızdırlar. Ona görə də acıqlarını etnik
icmalardan, Azərbaycandan idxal edilən meyvə-tərəvəzdən və Ermənistandan gələn
güllə konyakdan çıxırlar. İmperialist eqo öz rolunu oynamaqdadır, ancaq tarixin
təkrarlanmaqla yanaşı, yenidən yazılmaq qaydası da var. Cənubi Qafqazın tarixini
indi Azərbaycan qələmə alır.
Arxada qalan həftə Nikol Paşinyan etiraf etdi ki, Azərbaycanın ərazi bütövlüyünü
2022-ci ildən əvvəl tanımamaqla səhv ediblər. İlk baxışda düşünmək olar ki,
Paşinyan bu etirafı vaxt itkisinin ölkəsini və xalqını daha da geri salması baxımından
edir. Əslində isə belə deyil: erməni liderin fikrincə, Rusiya və onun orbitində dövr edən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına həddindən ziyadə ümid ediblər, bunun əbəs olduğunu isə yalnız 2022-ci ildə başa düşüblər. Anlaşılan dilə tərcümə edəndə təqribən belə bir məna alınır: düşünürdük ki, Rusiya bizim əvəzimizə Azərbaycanla müharibə edəcək, ancaq yanıldıq. Paşinyan KTMT-dən kömək müqabilində “sizin Azərbaycanla sərhədiniz aydın deyil” cavabını aldıqdan sonra barmağını dişləməyə başlayıb: “Bizdə belə bir sual yarandı: “qırmızı xətt” haradan keçir? İndiyədək heç kim göstərməyib. Biz də özümüzə sual verməyə başladıq: KTMT üzrə tərəfdaşlarımız bizim ərazi bütövlüyümüzü tanıyırmı?
Biz özümüz onu tanıyırıqmı?”.
Erməni liderin bu etirafı Cənubi Qafqaza öz tarixi eynəyi ilə baxmaqda davam edən
daha bir aktorun geosiyasi çabalarını alt-üst edir. Əgər Paşinyan öz ölkəsindəki
“qırmızı xətt”in haradan keçdiyini başa düşə bilmirsə, İranın başqa dövlətin
ərazisində çəkdiyi “qırmızı xətt”inin aqibəti necə olacaq? Əbu-Dabi görüşündən əvvəl
Qərb mediasında Zəngəzur dəhlizinin ABŞ-nin özəl mühafizə şirkətlərindən birinin
qoruyacağına dair xəbərin beynəlxalq ictimai tədavülə buraxılması, ardınca isə
Vaşinqtonun Ankaradakı səfirinin bunu təsdiqləyənə bənzər açıqlama ilə çıxış
etməsi, yuxarıdakı sualın hələlik ən aktual cavabıdır. Rəsmi Tehranın bu fonda
ağzına su alıb oturması da bu geosiyasi tamaşanın başqa bir səhnəsidir: dövriyyədə
olan məlumatlardan birinə görə, İrana dəhlizə perpendikulyar istiqamətdə öz
dəmiryolunu çəkməyə icazə verilib ki, şimalla “əlaqəsiz qalma” qorxularını aşa bilsin.
İsraillə 12 günlük müharibənin fəsadları öz işini görməkdədir. Qorxunun gözləri
böyük olar…
Şotlandəsilli britaniyalı dövlət xadimi və hərbçi, general ser Kolin Kempbel 1853-56
cı illərdə Rusiya ilə Krım müharibəsinin döyüşlərindən birində rəhbərlik etdiyi 93 saylı alayın şəxsi heyətinə sıra düzülüşündə dəyişiklik etmək əmri verir. Qaydaya görə, döyüşdən əvvəl heyət dörd sıraya düzülməli idi. Kempbel onları bu dəfə iki sıraya düzür. Cəbhə xəttinin enini artırmaq məqsədilə. Britaniya ordusunda hərbi mundirlər qırmızı rəngdə olduğundan, bu mənzərə siyasi terminologiyaya “qırmızı xətt” kimi daxil olub. Düzdür, həmin döyüş baş vermir, çünki hücum əmri təxirə salınır, ancaq bu hadisə Britaniya tarixində özünü qurban verməyə hazırlıq və rəşadət simvolu kimi qiymətləndirilir.
İran rəsmilərinin tez-tez “qırmızı xətt” ifadəsini işlədərkən bu terminin tarixi barədə
məlumatlı olub-olmadıqlarını heç kim bilmir. Ancaq gerçəklik, ələlxüsus da İsraillə iyul münaqişəsindən sonrakı zaman göstərir ki, “qırmızı xətt” üçün rəşadət və
dözümlülük üçün resurslar da lazımdır. Tək İrana deyil, həm də Rusiyaya. İndi bu
“nemət”dən nə şimalda – Rusiyada qalıb, nə də cənubda – İranda. Şah və mat!
Şərhlər bağlıdır.