80-il öncə (12 şəhrivər 1324/3 sentyabr 1945) Azərbaycan Demokrat Firqəsinin yaradılması münasibətilə müraciətnamısi:
,,,,,
.
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN “12 ŞƏHRİVƏR” MÜRACİƏTNAMƏSİ
Aşkardır ki, dünya ölkələrində yaşayanlar çoxlu tarixi səbəblərə görə vahid bir halda deyildirlər. Hər bir məmləkətin sərhəddi çərçivəsi arasında yaşayan qövm, qəbilə və millətlər dil, adət, rəsm və adət cəhətdən bir çox xüsusiyyətlərə malıkdırlər ki, əgər hər məmləkətin idarə və dövlət quruluşunda bu xüsusiyyətlər nəzərdə tutulmazsa, orada həqiqi demokratiya və milli hökumət mümkün ola bilməz.
Əgər dünyanın böyük və mütərrəqi ölkələrini nəzərdə tutub milli hökumətlərin nailiyyətlərinin səbəblərini axtarsaq, təsdiq etməliyik ki, bunların hamısı o marağa və diqqətə bağlıdır ki, millətlərin və tayfaların xüsusiyyətlərinə dönüş edilmişdir. Bizim bu iddiamızın canlı və böyük şahidi Amerika Birləşmiş Cümhuriyyətləri və Birləşmiş Sovet Cümhuriyyətləri və həmçinin Süvis (İsveçrə) dövlət quruluşudur. Bu klassik demokratiya ölkələrində milli ixtiyarat və fedrasiyon üsulunu gözləməklə millətlərin bütün fərdləri məmləkətin müqəddəratını həll etmək və dövlət işlərində müdaxilə etməyə müvəffəq olmuşlar.
Puç və çürük iddiadır ki, deyirlər: yerli ixtiyarat və fedrasiyon üsulu mərkəziyyəti poza bilər. Amma bunun əksinə olaraq təcrübə sübut etmişdir ki, qəbilələr, millətlər və mərkəzdən xaricdə yaşayan əhalinin hər qədər müstəqil və sərbəst surətdə dövlət işlərinə müdaxilə və iştirakları təmin edilərsə, o nisbətdə də onların vətənə maraq və məhəbbətləri artıq və möhkəm ola bilər. Bu mülahizə ilə və bu əsas prinsipin üzərindədir ki, konstitusiyatələblik hərəkatını vücuda gətirənlər və İranın Əsas qanununu yazanlar əyalət və vilayət əncümənlərini irəli çəkib çalışmışlar ki, bu vasitə ilə ümum İran xalqını məmləkətin müqəddəratını təyin etməkdə şərik etsinlər, əyalət və vilayətlərin məxsus ehtiyaclarını onların əhalisi vasitəsilə həll etməyə çalışsınlar. Əyalət və vilayət əncümənlərinin sükut ilə keçirilməsi İran millətlərinin ictimai hüquqdan məhrum edilməsi deməkdir. Qətiyyən bürokratiya rejimi və mənasız mərkəziyyət vasitəsi ilədir ki, İran məmləkəti bir ovuc satqın, oğru və istifadəçi ünsürlərin əlində oyuncaq olmuş və bu səbəb ilə tərəqqi və təkamül karvanından fərsəxlərlə dalda qalmışdır və şübhəsiz ki, uğursuz bürokratiya rejimi səbəbindəndir ki, iranlıların əksəriyyəti ictimai hüquqdan məhrum, konstitusion və milli hökumətə bədbin olub, İranın gələcəyinə məyusluq və ümidsizlik gözü ilə baxırlar.
İnkar etmək olmaz ki, bu gün bizim məmləkətimizdə milli hökumət və konstitusiyadan əsər qalmamışdır. İran dövləti əməldə iradəsiz və pozucu bir maşın halına düşmüşdür ki, onun başında duranlar xalqı qarət etməkdən başqa bir məqsəd təqib etmirlər. Tamam fəsad, tamam bədbəxtliklər, tamam fəlakət və idbar buradan qidalanmışdır. Dərəbəylik üsulunun qüvvətlənməsi, diktator və diktatorpərəstlərin tapılması bu cəfəngiyyat və faydasız üsulun nəticəsidir ki, dörd – beş nəfər çürümüş şəxsləri güc ilə İran camaatına təhmil etmişlərdir.
Əgər İranda yaşayan ellər, millətlər, xalqlar məmləkətin istiqlalını gözləməklə bərabər öz yerlərində və öz hüdudlarında azad və muxtar olsaydılar və bacarsaydılar, məmləkətin ümumi qayda və qanunlarını gözləməklə bərabər öz müqəddəratını, özlərinin meyl və iradələri ilə təyin etsinlər, əgər onların haqları olsaydı özlərinin mədəni, iqtisadi və siyasi cəhətdən tərəqqiləri uğrunda öz əlləri ilə namünasib qeyd və şərtsiz çalışsaydılar, İranın vəziyyəti bu hala düşməz, Konstitusiya ki, hədsiz və saysız qurbanlar verməklə ələ gəlmişdir, təsirsiz qalmazdı. Buna görə, əgər bu üsul min illər davam edərsə, mümkün deyil, İran xalqı yoxsulluq və biçarəlik dəryasından nicat tapıb tərəqqi və təkamül yoluna qədəm qoya bilsin və müstəbid, qaniçən və mərhəmətsiz ünsürlərin əlindən nicat tapmağa müvəffəq olsun. Əgər bu pis üsul beləcə qalarsa, siyasi firqələr və sair demokratik təşkilatlardan hətta kiçik faydalar belə hasil olmayacaqdır. Buna görə də, ayrı bir çarə yoxdur, çox tez bir surətdə gərək Əsas qanunun icrası və təkmilləşdirilməsi yolunda ciddi surətdə işə başlayıb, milli hökumətin əməli edilməsini aşağıdan, yəni xalq içindən və camaatın geniş kütlələrinin ehtiyacı üzərində, əyalət və vilayətdə yaşayan xalqların xüsusiyyətləri üzərində qurmaq. Yerli ixtiyarat və fedrasiyon üsulunun səthi və sadə şəkli olan əyalət və vilayət əncümənləri təzə bir fikir deyildir. Müasir və mütərəqqi ölkələrdən əlavə qədim tarixi və böyük məmləkətlərdə belə naçar olmuşlar ki, xalqın və millətlərin xüsusiyyətini nəzərdə tutub, onların əllərini öz daxili işlərində açıq qoysunlar.
Böyük Daryuşun məmləkət bölgüsü fəqət və fəqət bu təbii ehtiyac üzərində vücuda gəlmişdi. Qədim İranın satraplıqları bugünkü fedrasiyon və muxtariyyət (avtonomi) üsulunun ibtidai şəkilindən başqa bir şey deyildir. Hələki, İranda rəsmi olan şahənşahlıq ünvanının bundan başqa bir təbir və təfsiri yoxdur.
Mərkəziyyəti əgər diktatorluq və özbaşınalıq və zor işlətməkdən ötrü saxlamaq istəsək, başqa bir sözdür və əgər istəsək onu məmləkətin mərkəziyyəti və demokratik hökumətin başda duranı tanıyaq, o vaxt məcburuq o əyalət və vilayətlərin ki, güclü milli və mədəni xüsusiyyətləri vardır, onlara icazə verək öz daxili işlərində azad və muxtar olsunlar ki, bu yolla mərkəzlə mənəvi əlaqə qüvvətlənə bilsin.
İndi ki, biz Azərbaycanın xüsusiyyətindən bəhs edirik və deyirik ki, bu geniş torpaqda dörd milyon yarım azərbaycanlı yaşayır və bu camaatın dil, adət və ənənə cəhətindən İranın başqa əyalətləri ilə böyük fərqi vardır. O zaman ki, biz istəyərik, bu xalq öz mədəni işlərində və öz torpağının abadlığında iştirak etsin, heç vaxt mərkəziyyətin əleyhinə olmayıb, əksinə onun qüvvətlənməsinə çalışmış oluruq.
Bəzi qısa fikirli adamlar xəyal edirlər ki, zor ilə, o da çomaq və hov – cəncal gücü ilə bir xalqın dilini, xüsusiyyətiıni, adət və ənənəsini ortadan aparmaq mümkündür. Bu xam xəyal ilə onlar səy edirlər adamları vadar və məcbur etsinlər ki, hətta Azərbaycanın uzaq kəndlərində belə öz ana dilindən başqa bir dil bilməyən kəndlilər üçün fars dilində danışsınlar. Bunlar təsəvvür edirlər ki, İran xalqını aldatmaq üçün yaratdıqları milli vəhdət sözü yalnız geyimləriı və dilləri süni surətdə birləşdirmək vasitəsilə mümkün olacaqdır. Bunlar bilmirlər ki, dilin kökü anaların sinəsindən və xalqın adət və ənənəsi ocaqlar başından qalxır. Nə qədər analar diri və ocaqlar yanmaqdadır, bir xalqın dilini və adət-ənənəsini əvəz etmək mümkün olan işlərdən deyildir. Milli birlik o vaxt əldə ola bilər ki, xalqın hamısı öz xüsusiyyətini və daxili azadlığını saxlamaqla tərəqqi edib bir – birilə bərabər ola bilsin.
Azərbaycan xalqı mərkəzin çürümüş və kəsif dövlət adamlarının siyasəti sayəsində özünün istedad, qabiliyyət və zəkasına baxmayaraq, hər növ azadlıq və ixtiyardan məhrum edilmişdir. Onun oğullarının öz ana dilində təhsil almaq imkanları olmamışdır. Onun ziyalıları xalqın mədəniyyət, səhiyyə və sair ehtiyaclarını həll etmək üçün heç bir haqq və ixtiyara malik deyildir.
Onlar öz ana yurdlarında və özlərinin qızıl törədən torpaqlarında yoxsul və biçarəlik halında yabançılar və əsirlər kimi yoxsul halda yaşamaqdadırlar. Onun şəxsiyyətini, dilini və milliyyətini hər an təhqir etməkdədirlər. Rza xanın xaricilərə bağlı siyasətinin icraçısı və mərkəzi dövlətin rəsmi nümayəndəsi, eləcə də Azərbaycan xalqı düşmənlərinin nümayəndəsi olan Əbdullah Müstofinin təhqiredici sözləri bayquş səsi kimi hələ də Azərbaycan xalqının qulaqlarında cingildəyir.
Bir müəyyən qrupdan başqa bütün Azərbaycan xalqı özlərinin adına, şöhrtinə, miliyyətinə güclü bir şəkildə bağlıdır. Bunlar həmişə səy etmişlər ki, Azərbaycanın azadlığı və səadəti və bununla bərabər bütün İranın azadlıq və səadəti uğrunda ciddi bir surətdə canfəşanlıq etsinlər.
Biz mətləbin uzanmasını nəzərdə tutub Azərbaycanın keşməkeşli tarixindən bəhs etmək istəmirik. Bu xalqın mənşəyi və babalarının böyük bir dövlət təşkil edib uzun illərcə müstəqil siyasi həyat sürdüklərini də irəli çəkməyirik. Səfəvi sultanlarının Azərbaycan oğullarından təşkil etdiyi qızılbaş ordusunun bu günkü İranın təşkilində gördükləri böyük işlər və göstərdikləri böyük qəhrəmanlıqlardan da bəhs etmirik, hətta İranın və Azərbaycanın məşrutə cərəyanında Səttarxanın bayrağı altında fədakarlıq göstərən Azərbaycan mücahidlərinin fəaliyyətlərini də ayrı mövqeyə saxlayırıq.
Şeyx Məhəmməd Xiyabaninin azadlıq uğrunda başladığı qiyamı və bundan sonra meydana çıxan bütün qiyamlar və azadixahlıq hərəkətlərini də şərh verə bilməyəcəyik. Biz deyirik: Azərbaycan torpağında dörd milyonluq bir xalq yaşayır ki, onlar özlərinin etnik mənsubiyyətlərini tanıyır, özlərinə məxsus dilləri və ayrı bir adət-ənənələri vardır. Bu xalq deyir ki, biz istəyirik ki, İranın istiqlaliyyətini və bütövlüyünü qorumaqla bərabər öz daxili işlərimizi idarə etməkdə muxtar və azad olaq, edə bilək ki, öz evimizi öz meyl və iradəmizlə idarə edək və milli, yerli ehtiyaclarımızı öz gücümüzlə həll edək. Azərbaycan deyir: Tehran bizim dərdimizə yetişmir və bizim ehtiyaclarımızı müəyyən edib çarə etməkdən acizdir. Bizim mədəniyyətimizin inkişafının qarşısını alır. Bizim ana dilimizi təhqir edib başqa vətəndaşlarımız kimi sərbəst yaşamağa yol vermir. Bununla belə biz oradan əlaqəmizi kəsmək iddiasında deyilik. Məmləkətimizin əsas və ümumi qanunlarına itaət edəcəyik. Milli Şura Məclisində (Parlamentdə) və mərkəzi hökumətdə iştirak etməliyik. Fars dilini dövlət dili olmaq şərti ilə milli məktəblərimizdə öz dilmiz ilə bərabər tədris etməyə imkan verəcəyik. Amma bunların hamısı ilə bərabər özümüz üçün bu haqqa da layiqik ki, gərək öz evimizin ixtiyar sahibi olub, onu öz səliqəmizlə idarə etmək imkanına malik olaq.
Necə ki, yuxarıda dedik, biz təzə bir iş başlamamışıq, illərdən bəridir ki, minlərcə Azərbaycan azadixahları və mütəfəkkirləri tək və ya cəm halda bu müqəddəs fikir və ali məqsəd yolunda ki, Azərbaycanın və İranın həqiqi azadlıq və istiqlalının əsası gərək onun üzərində qurulsun, mübarizə etmiş, gizlin və açıq surətdə azərbaycanlıları mədəniyyət azadlığı və muxtariyyət üçün mübarizəyə dəvət etmişlər.
İndi ki, demokratik ölkələrin qəhrəman cavanlarının mübarizəsi sayəsində faşizmin əsası yıxılmış və millətlərin başqa millətlər üzərində ağalıq nəzəriyyəsinin puç bir iddia olduğu isbata yetmiş və bütün dünya millətlərinin sərbəst bir surətdə öz müqəddəratını təyin etməkləri xartiya və müqavilələr vasitəsilə elan olunmuşdur, bu halda Azərbaycan xalqı və Azərbaycan azadixahlari təbiidir ki, tək və ya dağınıq halda azadlıq mübarizələrini davam edə bilməzlərdi, ona görə lazım gəlirdi, bu mübarizəyə rəhbərlik etmək üçün möhkəm və münəzzəm bir firqə təşkilatı vücuda gəlsin. Azərbaycan Demokrat Firqəsi bu ehtiyacdan doğulmuş bir təşkilatdır. O təşkilat bütün demokratik və azadixah şəxsləri öz sırasına dəvət etməklə bir milli mərkəzi parıltı vücuda gətirəcək, Azərbaycan xalqını azadlıq hədəfinə doğru sövq edəcəkdir və bu vasitə ilə İran millətinin tərəqqi və təkamül yolunu açacaqdır. Əlbəttə, bu firqənin proqram və əsasnaməsi çox tezliklə qurultay tərəfindən təsdiq ediləcək və xalq arasında yayılacaqdır. Bununla bərabər Müəssislər Heyəti bu vasitə ilə firqənin əsas ideyasını bütün xalqa elan etməklə onları öz sıralarına çağırmağa başlamışdır.
Əziz həmvətənlər! Budur, böyük tarixi mübarizə dövrü başlanır Azərbaycan Demokrat Firqəsi təbəqə və sinif fərqini nəzərdə tutmayaraq öz təşkilatında üzv olmağa və müqəddəs milli mübarizədə şiştirak etməyə çağırır.
Bu firqənin qapıları oğrular və xainlərdən başqa bütün Azərbaycan xalqının üzünə açıqdır. Hər kəs bizim şüarlarımızı və məqsədlərimizi qəbul edərəsə, çox tezliklə özünü firqə təşkilatına üzv yazdırmalı və Azərbaycanın və bütün İranın azadlıq mübarizlərinin sırasına daxil olmalıdır.
Bizim şüarlarımız bunlardır:
1- İranın istiqlal və bütövlüyünü saxlamaqla bərabər Azərbaycan xalqına daxili azadlıq və mədəni muxtariyət verilməlidir ki, edə bilsin özünün mədəniyyəti yolunda və Azərbaycanın abadlaşması və tərəqqisi üçün bütün ölkənin adilanə qanunlarını gözləməklə bərabər öz müqəddaratını təyin etsin.
2- Bu məqsədi həyata keçirmək üçün çox tezliklə Əyalət və Vilayət Əncümənlərini seçib işə başlamalıdır. Bu əncümənlər mədəniyyət, səhiyyə və iqtisad sahəsində fəaliyət göstərməklə bərabər, Konstitusiyaya söykənərək bütün dövlət işçilərinin fəaliyyətini yoxlayıb, onların dəyişdirilməsi və əvəz edilməsində öz fikrlərini bildirəcəklər.
3- Azərbaycanın ibtidai məktəblərində üçüncü sinfə qədər dərslər yalnız Azərbaycan dilində aparılmalıdır və üçüncü sinifdən yuxarı dövlət dili olmaq üzrə fars dili də Azərbaycan dili ilə yanaşı tədris edilməlidir. Azərbaycanda milli universitetin təşkili Demokrat Firqəsinin əsas məqsədlərindən biridir.
4- Azərbaycan Demokrat Firqəsi sənaye və fabrikaların genişlənməsinə ciddi çalışacaq və səy edəcək ki, mövcud fabrikaları təkmil etməklə bərabər işsizliyi aradan qaldırmaq üçün, əl və maşın sənayeini genişləndirmək üçün yollar tapıb, təzə fabrikalar vücuda gətirsin.
5- Ticarətin genişlnməsini Azərbaycan Demokrat Firqəsi çox lazim və ciddi məsələlərdən hesab edir. Bu günə qədər ticarət yollarının bağlı qalması çoxlu kəndlilərin, məxsusən bağdarların və xırda maliklərin sərvətlərinin əllərindən çıxmasına və onların dilənçi halına düşməsinə səbəb olmuşdur. Bunun qabağını almaq məqsədi ilə Demokrat Firqəsi bazar tapmaq və Azərbaycan əmtəələrinin xaricə çıxarılması üçün tranzit yolları axtarmaq işinə ciddi şəkildə başlamağı və bu yolla ümumi sərvətin nöqsanının qabağını almasını nəzərdə tutmuşdur.
6 – Demokrat Firqəsinin əsas məqsədlərindən biri də Azərbaycan şəhərlərinin abadlaşmasıdır. Bu məqsədə çatmaq üçün Firqə səy edəcək ki, çox tezliklə şəhər əncümənləri qanunu dəyişərək, şəhər əhalisinə müstəqil bir surətdə şəhərin abadlığına çalışıb, onları səliqəli və müasir hala salmağa imkan verilsin. Məxsusən Təbriz şəhərinin su ilə təmin edilməsi Azərbaycan Demokrat Firqəsinin çox təcili- cari məsələlərindəndir.
7 – Azərbaycan Demokrat Firqəsinin müəssisləri gözəl bilirlər ki, məmləkətin sərvət istehsal edəni və iqtisadi qüvvəsi kəndlilərin qüvətli qoludur. Ona görə bu Firqə edə bilməz ki, kəndlilər arasında vücuda gələn hərəkəti nəzərə almasın. Buna görə də Firqə səy edəcəkdir ki, kəndlilərin ehtiyaclarını təmin etmək üçün əsaslı addımlar atsın. Məxsusən kəndli ilə ərbabların arasında müəyyən bir hüdud təyin etmək və bəzi ərbablar tərəfindən ixtira edilmiş qeyri-qanuni vergilərin qabağın almaq Demokrat Firqəsinin təcili vəzifələrindəndir. Firqə səy edəcək bu məsələ elə bir surətdə həll edilsin ki, həm kəndlilər razı qalsın və həm də maliklər özlərinin gələcəyindən arxayın olub, rəğbətlə kəndlərinin və öz məmləkətlərinin abadlığına çalışsınlar. Xalisə (dövlət) yerləri və Azərbaycanı tərk edib qaçan və Azərbaycan xalqının zəhmətlərinin məhsulunu Tehranda və sair şəhərlərdə məsrəf edən ərbabların yerləri, əgər tezliklə Azərbaycana qayıtmasalar, Demokrat Firqəsinin əsasnaməsinə müvafiq olaraq kəndlilərin ixtiyarına verilməlidir. Biz özlərinin eyş-işrətindən ötəri Azərbaycanın sərvətini xaricə aparanları azərbaycanlı hesab etmirik. Əgər onlar Azərbaycana qayıtmaqdan imtina etsələr, onlara üçün Azərbaycanda bir haqq təmin edilməyəcək. Bundan əlavə Firqə çalışacaq ki, çox asan və sadə bir surətdə Azərbaycan kəndlilərinin əksəriyətini torpaq və əkin alətləri cəhətdən təmin etsin.
8 – Demokrat Firqəsinin mühüm vəzifələrindən biri də işsizliklə mübarizə etməkdir. İndidən bu xətər çox ciddi bir surətdə özünü göstərməkdədir. Gələcəkdə bu sel gündən-günə qüvvətlənəcəkdir. Mərkəzi dövlət və yerli məmurlar tərəfindən bu xüsusda heç bir iş görülməmişdir. Əgər iş bu minval ilə davam edərsə, Azərbaycan xalqının əksəriyyəti fəna bir hala düşməyə məhkumdur. Firqə çalışır bu riskin qabağını almaq üçün ciddi tədbirlər görülsün. Hələlik fabrikaların təsisi, ticarətin genişlənməsi, əkinçi təşkilatlarının təsis edilməsi, dəmir və şosse yollarının çəkilməsi kimi tədbirlər, mümkündür bir qədər faydalı olsun.
9- Seçki qanununda Azərbaycanın haqqında böyük zülm edilmişdir. Dəqiq məlumata görə bu ölkədə dörd milyondan yuxarı azərbaycanlı yaşamaqdadır. Bu qeyri adilanə qanun üzündən Azərbaycana Milli Şura Məclisində (Parlamentdə) 20 deputat yeri verilmişdir. Bu qətiyyən mütənasib bir bölgü deyildir. Azərbaycan Demokrat Firqəsi səy edəcək, Azərbaycan əhalisinin sayına uyğun deputat seçmə haqqı olsun. Bu təqəribən Məclis (Parlament) nümayəndələrinin üçdə birini təşkil edə bilər. Azərbaycan Demokrat Firqəsi Parlament seçkilərinin mütləq azad olması tərəfdarıdır. O, dövlət işçilərinin daxili və xarici, həmçinin pulluların qorxutmaq və aldatmaq yolu ilə seçki işınə qarışmalarına ciddi müxalifət edəcəkdir.
Seçki gərək bütün İranda eyni vaxtda başlanıb, çox tez bir surətdə qurtarsın.
10- Azərbaycan Demokrat Firqəsi satqın və rüşvətxor şəxslər ilə ki, dövlət idarələrinə soxulmuşlar, ciddi mübarizə edəcək və dövlət məmurları arasında doğru və düzgün şəxslərə təşəkkür edəcək. Məxsusən Firqə çalışacaq onların maaşları və yaşayış şəraitləri elə islah olsun ki, onlar üçün oğurluq və xəyanət etməyə bəhanə qalmasın, onlar eliyə bilsinlər ki, özləri üçün abırlı həyat yaratsınlar.
11- Demokrat Firqəsi səy edəcək, Azərbaycanda alınan vergilərin yarısından yuxarısı Azərbaycanın öz ehtiyaclarına sərf edilsin və qeyri-müstəqim vergilər ciddi surətdə azalsın.
12- Azərbaycan Demokrat Firqəsi bütün demokratik dövlətlər, məxsusən müttəfiqlərlə dostluq saxlamaq tərəfdarıdır və bu dostluğu davam etdirmək üçün çalışacaq, mərkəzdə və şəhərlərdə İran ilə müttəfiq demokratik dövlətlər arasında
dostluğu pozmaq istəyən xain ünsürlərin əllərini ictimai, siyasi və dövləti işlərdən kənar etsin.
Budur Demokrat Firqəsini yaradanların əsl məqsədləri.
Biz ümidvaruq ki, hər bir vətənpərəst azərbaycanlı istər Azərbaycanın daxilində və ya Azərbaycandan xaricdə bu müqəddəs məqsədə çatmaq üçün bizimlə həmsəda və əlbir olacaqdır. Təbiidir ki, insan əvvəl əgər öz evini islah
etməsə məhəllə, şəhər və ya məmləkət üçün işləyə bilməz. Biz əvəl öz evimiz olan Azərbaycandan başlayırıq və inanırıq ki, Azərbaycanın islah və tərəqqisi İranın tərəqqisinə səbəb olacaqdır və vətənimiz bu vasitə ilə quldurların və mürtəcelərin pəncəsindən nicat tapacaqdır.
Yaşasın Demokrat Azərbaycan!
Yaşasın Müstəqil və Azad İran!
Yaşasın İran və Azərbaycan azadlığının həqiqi məşəldarı olan Azərbaycan Demokrat Firqəsi!
Şərhlər bağlıdır.