Cəhənnəmdən təzə xəbər – Cəhənnəmdə hansı dildə danışırlar?

İranda min nəfərdən artıq Ayətullah olduğu barədə rəsmi məlumatlar verilir.
Halbuki Azərbaycanda bu qədər professor belə yoxdur. Bu ayətullahlardan bir
nəfər var ki, heç adama oxşamır – onun adı Ayətullah Müctəhidi Tehrani-dir.
O, hesab edir ki, cəhənnəmdə insanlar türkcə danışırlar. Türklər əgər yaxşı
adam olsalar, bu dünyada ərəblərə çevrilirlər və öləndə də cənnətə düşürlər.
Bütün pis adamlar isə əvvəlcə türk olurlar və axirətdə cəhənnəmə gedirlər.
Daha da irəli gedərək təmkinlə onu dinləyənlərə elan edir ki, “arxayın olun, bu
barədə hədis var”.
Belə çıxır ki, bu adama oxşamayan Ayətullah cəhənnəmə getməyib, sadəcə
hədislərə əsaslanaraq belə iddia edir. Deməli, biz də buna etiraz edə bilmirik,
çünki “kişinin dediyinə görə, bu, hədislərə söykənir”.
Azərbaycanda görəsən bu “hədisi” oxuyan varmı? İlahiyyatçı alimlər belə bir
hədislə tanışdırsa, onun mənbəyini açıqlasınlar ki, möminlər də tapıb
oxusunlar. Bəlkə, həqiqətən də vaxtında hamımız ərəb olaq, yoxsa axırımız
yaxşı olmayacaq…
Bu molla istədiyi yerdən istədiyi hədisi çıxara bilir. İranda “arxasından hədis
çıxarmaq” artıq bir sənətə çevrilib. Bədbəxtçilik orasındadır ki, hələ də bu kimi
şarlatanlar islamı özlərinə dükan ediblər və ölkənin də yiyəsi yoxdur.

Pərviz Kazim

Şərhlər bağlıdır.