Stokholmda “Əlilliyi olan qaçqın qadınların həyat hekayələri” adlı videoçarxın təqdimatı keçirilib

27 oktyabr, 2025

Xəbərlər

İsveçin paytaxtı Stokholmdakı “Arena Satelliten” Mədəniyyət və İdman Mərkəzinin zalında “Əlilliyi olan qaçqın qadınların həyat hekayələri” adlı videoçarxın təqdimatı keçirilib.

 

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin təşəbbüsü ilə hazırlanan videoçarxın təqdimatı Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, Beynəlxalq Media Qrupu (International Media Group) və Norveçdə fəaliyyət göstərən Azərbaycan Evinin təşkilati dəstəyi ilə baş tutub.

Tədbir Azərbaycan və İsveçin Dövlət himnlərinin səslədirilməsi, Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimizin ruhunun yad edilməsi ilə başlayıb.

Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının (AKŞ) Stokholm üzrə koordinatoru Ayda Əmir Haşimi tədbirin doğma torpaqlarından didərgin düşən insanların taleyinə, qayıdış arzusuna və milli yaddaşına hörmətin təcəssümü olduğunu bildirib.

Çıxışlarda Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasının vacibliyi vurğulanıb, eləcə də  göstərilən videoçarxın fərdi talelərlə yanaşı, cəmiyyətimizin humanist dəyərlərini, həmrəylik ruhunu və sosial ədalətə bağlılığını əks etdirdiyi qeyd olunub.

Daha sonra “Əlilliyi olan qaçqın qadınların həyat hekayələri” adlı videoçarx ingilis və Azərbaycan dillərində təqdim olunub.

Sonda “Əlil Qadınlar Cəmiyyəti”nin bəyanatı səsləndirilib.

Tədbirdə iştirakçılara Azərbaycan milli şirniyyatları təqdim olunub.

Qeyd edək ki, videoçarxın layihə rəhbəri Məhluqə Rəhimova, layihə rəhbərinin köməkçisi Firuzə Babayeva, ssenari müəllifi Tarix üzrə Fəlsəfə doktoru, Azərbaycan Televiziyası və Radio Verlişləri QSC-nin İctimai-siyasi proqramlar studiyasının Tarix şöbəsinin müdiri Mahir Qəribov, layihə üzrə ekspert isə Səidə Qurbanovadır.

Foto qalereya

diaspor.gov.az

Şərhlər bağlıdır.