G7-liyin Fransa sammitinin yekunu: İrana “yaşıl”, Rusiyaya “qırmızı” işıq – ŞƏRH

Analitika

  • 17 iyun, 2026
Fransanın Evian-le-Ben şəhərində G7-liyin növbəti zirvə toplantısı başa çatıb. İyunun 15-17-də keçirilən sammitdə dünyanı narahat edən başlıca məsələlər – İran başda olmaqla Yaxın Şərqdəki vəziyyət, Rusiya-Ukrayna müharibəsi, Çin ətrafındakı hadisələr müzakirə olunub. Habelə ABŞ-nin Avropadakı tərəfdaşlarına münasibəti də sammitdə nəzərdən keçirilib.

Zirvə toplantısının sonunda liderlər geosiyasi məsələlər üzrə bəyanat qəbul ediblər.

Yaxın Şərqdə münaqişələrin həllində mövcud irəliləyiş etiraf olunub. Liderlər Prezident Donald Trampın ABŞ ilə İran arasında sazişin elan edilməsini alqışlayaraq, sənədi İslam Respublikasının İranın nüvə silahı əldə etməsinin qarşısını alması, regional və ballistik raket istehsalı istiqamətində fəaliyyəti ilə bağlı təhdidlərə qarşı durmaq üçün tarixi imkan yaratdığını bildiriblər. Onlar ABŞ-İran arasında imzalanacaq sazişi dəstəklədiklərini, onun reallaşmasına töhfə verməyə hazır olduqlarını da vurğulayıblar.

Hörmüz boğazının açılması məsələsi də bəyanatda qeyd olunub. Bildirilib ki, Fransa və Böyük Britaniyanın rəhbərlik etdiyi çoxmillətli, müstəqil və müdafiə xarakterli təşəbbüs ticarət gəmilərinin qorunması, kommersiya gəmiçiliyi operatorlarının etibarının təmin edilməsi və bütün minaların zərərsizləşdirildiyinin yoxlanılmasının dəstəklənməsi yolu ilə Hörmüz boğazında dəniz gəmiçiliyinin bərpasına kömək etməkdə mühüm rol oynaya bilər.

Bəyanatda ABŞ-nin Yaxın Şərqdə və ondan kənarda yaranan təhdidlərə qarşı fəaliyyəti də yüksək qiymətləndirilib. G-7-lik İranın heç vaxt nüvə silahı silahı əldə etməyəcəyini, yaxud buna imkan verilməyəcəyini də təsdiq ediblər. “Böyük yeddilər” Livanın ərazi bütövlüyü və suverenliyini qorumaq üçün “Hizbullah”ın silahsızlaşdırılmasını dəstəklədiklərinin ifadə ediblər.

Yaxın Şərqin Qəzza zolağındakı mövcud vəziyyət də liderlərin sammitində müzakirə edilən məsələlərdən olub. Bəyanat müəllifləri Qəzza zolağlnda humanitar və bərpa işlərini, habelə müvafiq siyasi və təhlükəsizlik tədbirlərinin ən qısa müddətdə həyata keçirilməsini gücləndirəcəklərini vəd, İordan çayının Qərb Sahilində zorakılığın dayandırılmasına çağırış ediblər.

Bəyanatda Rusiyaya qarşı yeni sanksiyalar üçün hazırda “uyğun məqamın yetişdiyi” qeyd olunub.

Çünki İranla əldə edilən razılaşma Hörmüz boğazı ilə böyük həcmdə neft və qaz nəql olunacaq. Bu isə qlobal miqyasda ölkələri RF neft və təbii qazından asılılığın ardan qalxması deməkdir.

Sənəddə bildirilib ki, “Böyük yeddilik” ölkələri azadlığı, suverenliyini və ərazi bütövlüyünü müdafiə edən Ukraynaya sarsılmaz dəstək verməkdə bir mövqedən çıxış edirlər. Bəyanat müəllifləri, infrastruktur və mədəni irs obyektlərinə endirilən zərbələrdən əziyyət çəkən Ukrayna xalqı ilə həmrəy olduqlarını bir daha vurğulayıblar.

G7-lik Ukraynaya hava hücumundan müdafiə vasitələrinin, uzaqmənzilli və digər silahların tədarükünü artırmaq barədə də razılığa gəldiklərini bəyan ediblər.

Bununla yanaşı ölkə ərazisində hərbi məhsul istehsalını artırmağa imkan verən lisenziyaların Kiyevə verilməsi imkanını da nəzərdən keçirməyə boyun olublar: “Biz Rusiyanın hərbi iqtisadiyyatına təzyiqi gücləndirməyi öhdəmizə götürürük. Bu kontekstdə biz neft-qaz sektoru da daxil olmaqla sanksiyalarımızı gücləndirəcəyik”.

Göründüyü kimi bəyanatın İran və Rusiyaya aid hissəsində ilk dəfədir fərqli münasibət nümayiş etdirilir. Əvvəllər belə sammitlərdə bir qayda olaraq, İslam Respublikası pozuculuq fəaliyyətinə, iğtişaşlar yaratdığına və terroru dəstəklədiyi üçün müxtəlif məhdudlaşdırıcı tədbirlərə məruz qalırdı.

Ancaq bu dəfə ABŞ-nin liderliyi ilə aparılan danışıqlar müttəfiqlər tərəfindən təqdir olunub. Başqa sözlə “Yeddilər” RF-nin enerji daşıyıcılarını perspektivdə İranın “qara qızılı” və “mavi yanacağı” ilə əvəzləyəcək.

Bəyanatın bu bölümünü həm də Yaxın Şərqdən sonra növbənin Rusiya-Ukrayna müharibəsinə yönələcəyinin anonsu olaraq dəyərləndirmək mümkündür.

Sammit iştirakçıları Ukraynanın son zamanlar Rusiya ərazisində keçirdiyi hərbi əməliyyatları “uğurlu” adlandırıblar. Buna görə də Ukraynaya əlavə hərbi texnika və uzaqmənzilli silah verəcəklərini gizlətməyiblər. Deməli, Rusiyaya sanksiya və siyasi təzyiqlər artıb, güclənəcək, Ukraynaya isə siyasi dəstək artacaq, yeni hərbi avadanlıq veriləcək.

G7 bununla da, Rusiyanın Ukraynada apardığı müharibəyə ortaq mövqeyini bir daha açıqlayır. Çünki ən çətin məsələlərdən biri Avropanın RF-nin təbii qazından asılılıqdan qurtulmasıdır. Məsələn, Almaniya 2028-ci ilin əvvəlinə qədər Rusiya maye təbii qazını idxalını davam etdirəcək.

Sənəddə Ukraynanın ərazi bütövlüyü və suverenliyinin vurğulanması da “Böyük yeddiliy”in Rusiyanın apardığı müharibəyə, irəli sürdüyü tələblərə münasibətinin göstəricisidir. Bu həm də o deməkdir ki, “Yeddilər” RF-nin Ukrayna ərazisi hesabına torpaqlarını artırmasına razı olmayacaqlar.

Hind-Sakit okean regionunda Çin və Şimali Koreya ilə bağlı hadisələr də müzakirə mövzusu olub. Fövqəldövlətlər Şərqi Çin və Cənubi Çin dənizlərində, Tayvan boğazında status-kvonu, xüsusən güc və ya məcburetmə yolu ilə birtərəfli dəyişdirmək cəhdləri ilə razılaşmadıqlarını təsdiq edib, problemlərin yalnız dinc, dialoq vasitəsilə həll olunmasını vurğulayıblar.

Sammit iştirakçıları Şimali Koreyanın nüvə və ballistik raket proqramları ilə bağlı dərin narahatlıqlarını ifadə edərək, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsasən, Şimali Koreyanın tam nüvəsizləşdirilməsinə sadiqliklərini təsdiqləyiblər.

İştirakçılar rəsmi Pxenyan adam, kriptovalyuta oğurluğunun dayandırmağa çağırıb. Yeri gəlmişkən, bu günlərdə Çin Sədri Si Cinpin Şimali Koreyaya səfər edib. O səfərdən dönəndən sonra rəsmi Pxenyan nüvə silahından imtina etməyəcəyini bəyan edib.

Bu, əsasən, Yaponiyanın, Cənubi Koreyanın, “G7″nin regiondakı başqa müttəfiqlərinin təhlükəsizliyinin təmin edilməsinə, Uzaq Şərqdə pozuculuq fəaliyyətin qarşısının alınması istiqamətində gələcəkdə birgə fəaliyyət göstərəcəklərinə işarədir.

Evian-le-Ben zirvə toplantısı iştirakçıları qlobal təhlükəsizliyi təhdid edən üç istiqaməti müzakirə ediblər: Yaxın Şərq, Uzaq Şərq və Şərqi Avropa, yaxud İran, Çin, Rusiya. Bunların aradan qalxması münaqişələrin həllinə əməkdaşlığa yardım edər. Ehtimal etmək olar ki, İran ətrafında problemlərin həlli qlobal miqyasda hər iki istiqamətdə təhdidləri azaldacaq.

Bəyanatın İran və Rusiya şərti bölmələrini belə qiymətləndirmək də olar: “Böyüklər” İrana “yaşıl”, Rusiyaya isə “qırmızı” işıq göstəriblər. Sənədin Hind-Çin hissəsi isə adı çəkilənlərə növbəti xəbərdarlıq sayılır. Bu toplantı həm də “G7″lik daxilində qlobal problemlər eyni məxrəcdən yanaşmanın göstəricisidir. “Böyüklər” bununla gələcəkdə “böyük” , “güc mərkəzi” , “alternativ” olmaq istəyənlərə də yerlərini göstərdilər.

Şərhlər bağlıdır.