RUS ƏSGƏRLƏRİNİN ƏSİR GÖTÜRDÜYÜ HƏRBÇİLƏRİ NƏ GÖZLƏYİR?

Bu sual Rusiyada bir daha gündəm doğurub. Belə ki, ingilis əsgərlərinin ardınca ABŞ döyüşçüləri də əsir alınıb. Rusiyanın əsir düşən ingilis əsgərlərinə verdiyi edam cəzası hələ də danışılarkən, bu dəfə ABŞ əsgərləri həmin taleyi yaşayıblar. Rusiya prezidenti Putinin də ingilis əsgərləri kimi ABŞ əsgərlərindən də istifadə edəcəyi iddia edilir və gözlər Vaşinqtonun 39 yaşlı Robert Drueke və 27 yaşlı Endi Huynh üçün atacağı addımlara çevrilib.

Azerbaycan-ruznamesi.org Bizimyol.info-ya istinadən xəbər verir ki, daha əvvəl Ukrayna sıralarında döyüşərkən Rusiyaya əsir düşən iki ingilis əsgərinin ölüm hökmü Böyük Britaniyada bomba effekti yaradıb. Həm London, həm də Kiyev iki əsgəri dəyişdirmək üçün böyük səylər göstərir. Bu gün isə ABŞ əsgərləri ilə bağlı qorxulu xəbər gəlib.

Belə ki, Ukraynanın Xarkov şəhərində cəbhədə döyüşən və bir neçə gündür itkin düşən 2 ABŞ əsgərinin Rusiya tərəfindən pusquya salınaraq əsir götürüldüyü öyrənilib. Məlumata görə, 39 yaşlı Robert Drueke və 27 yaşlı Endi Huynh atışma zamanı qumbara dumanında itiblər və bir daha tapılmayıblar.

ABŞ Dövlət Departamenti əsgərlərin əsir götürülməsi ilə bağlı xəbərlərdən məlumatlı olduğunu bildirsə də, şəxsi həyatın toxunulmazlığı səbəbindən şərh verməyib. Onu da əlavə edək ki, ABŞ-ın müdafiə naziri Lloyd J.Ostin və Baş Qərargah rəisi general Mark A. Milley hələlik məsələ ilə bağlı şərh verməyiblər.

Bildirilir ki, 39 yaşlı Robert Drueke əvvəllər İraqda ABŞ ordusunda xidmət etmiş, keçmiş dəniz piyadası olan 27 yaşlı Endi Huynh isə əvvəllər heç vaxt aktiv döyüşlərdə iştirak etməmişdir.

Əsgərlərin ailələri ABŞ hökumətindən kömək istəyərkən, Robert Druekenin anası onun hökumətlə sıx əlaqədə olduğunu bildirib: “ABŞ səfirliyi məni əmin etdi ki, onu tapmaq üçün əllərindən gələni edirlər”.

Xatırladaq ki, tez-tez bildirilir ki, Britaniya əsgərləri üçün ölüm hökmü Putinin əlini gücləndirmək üçün atdığı addımdır. Ukraynaya ağır silah yardımı edən Britaniya hökumətinə təzyiq etmək istəyən Kremlin planı, görünür, hələlik işə yarayır. Hər iki hökumət mübadilə üçün hər vasitəyə əl atdığı üçün Rusiyanın Britaniya əsgərlərinin müqabilində kimi və ya nəyi istədiyi hələ də bəlli deyil.

Britaniya mətbuatı Putinin əsir düşmüş əsgərləri və hazırda Ukraynanın əlində olan yaxın dostu Viktor Medvedçukla mübadilə etmək istədiyini, Ukraynanın Böyük Britaniya səfiri Vadim Pristayko isə Rusiyanın onlar üçün uzun müddət işləyən Ukrayna vəkillərinin olmasını istəyəcəyini iddia edib.

İndi əsirlikdə olan ABŞ əsgərləri üçün də oxşar ölüm hökmünün veriləcəyindən ehtiyat edilərkən gözlər Vaşinqton hökumətinin atacağı addımlara çevrilib.

Leyla

Şərhlər bağlıdır.