Bu sel göydən gələn seldir,
Göyləri adlayıb gəlir,-
Göylə gedən fələklərin
Dizini qatlayıb gəlir.
Çox naşılar istədi ki,
Kəsə bunun qabağını,-
İndi hamısı axtarır
Öz başını, papağını…
Ləpələri itilənib
Zirvələrdə qılınc kimi,-
Çox qayanı oynadıbdır
Yatağından balınc kimi.
Lovğalanan kötükləri
Kökündən yıxıb, düzləyib,-
Yer mənimdir deyənləri
Yerin təkində gizləyib.
Bu axının qabağında
Sən də bir saman çöpüsən,-
Köçərisən, keçərisən,
Ötəri zaman çopusən.
Günü günə sata-sata
Elə bilirsən kefdəsən,-
Ac gözünü, Zabil Pərviz,
Uduzmucan, hədəfdəsən.
Bu sel əzəl dağdan gəlir,
Gedir əbəd yaylağına,-
İstəyirsən sağ qalasan,
Dolaşma əl-ayağına.
İstəyirsən bəri başdan
“Əlfatəhə”n oxunmasın,-
Çaşanlardan ibrət götür,
İz qoy, sənə toxunmasın.
Bu sel dirilik suyudur,
Bircə qurtum içsən əgər,
Ölməzlərin kölgəsində
Bəlkə sənə də yer düşər…
Şərhlər bağlıdır.