İran Baydenin xəbərdarlığından qorxdu? – Tehranın iki yolu var

Orta Doğu Araşdırmalar Mərkəzinin sədri politoloq Sədrəddin Soltan 

 

ABŞ Prezidenti Co Baydenin administrasiyası Tehranın İsrailin zərbəsinə cavab tədbirləri görəcəyi təqdirdə İranı nəticələrlə hədələyib.

“İran cavab verərsə, Vaşinqton İsraili müdafiə edəcək və dəstəkləyəcək, bunun nəticələri olacaq”, – “Financial Times” yazıb.

İsrail İrana hücumları davam etdirdiyi halda İran ABŞ-ın qorxusundan heç bir cavab tədbiri görməyəcək?

Globalinfo.az-a danışan, Orta Doğu Araşdırmalar Mərkəzinin sədri politoloq Sədrəddin Soltan deyib ki, İran hakimiyyəti İsrailin hücumlarından sonra cavab tədbirləri görəcəyini açıqlayıb:

“Ölkənin Ali dini rəhbəri Ayətullah Əli Xamenei bəyan edib ki, hücumu nə şişirtmək, nə də kiçiltmək lazımdır. İsrailə hansı formada cavab veriləcəyi ilə bağlı müzakirələr aparırlar. Xameneinin tapşırığına görə, uyğun qurumlar İsrailə fərqli cavab hücumu verəcəklər. Ölkə Prezidenti Məsud Pezeşkian deyib ki, İranın ayrı-ayrı hərbi rəsmiləri İsrailə cavab vermək hüquqlarının olduğunu və buna hazırlıq görəcəklərini bildiriblər. ABŞ isə məlum hücumlarda əlinin olmadığını və İranı cavab tədbiri görməməyə çağırıb. İranın hücumu zamanı İsrailin yanında olacağını açıqlayıb. Çünki İsrailin təhlükəsizliyinin qorunmasına dair rəsmi Vaşinqtonun öhdəliyi var. İstənilən hücum ABŞ-ın öz öhdəliyini yerinə yetirməsinə imkan yaradır”.

Sədrəddin Soltan

Politoloqun sözlərinə görə, İranın fərqli çıxış yolu yoxdur:

“Ya qüvvələrini geri çəkməlidir, ya da İsrailə cavab zərbəsi endirməlidir. İran bu zərbəni endirməsə, Tehran hakimiyyəti ətrafında olan qüvvələrin etimadını itirər. Bu artıq Tehran rejimi üçün şərəf məsələsidir. Hər hansı formada İsrailə cavab verəcək. İsrail rəsmiləri son bəyanatlarında İranın bəzi hərbi obyektlərinin hədəfə alınacağını açıqlamışdı. Növbəti mərhələdə isə nüvə obyektlərinə zərbələrin endirilməsi ehtimalı yüksəkdir”.

Safura Bənnayeva
Globalinfo.az

Şərhlər bağlıdır.