“Əkinçi” qəzeti milli hadisələrin

obyektiv işıqlandırılması kimi təməl yaradıcılıq prinsiplərini təcəssüm etdirən məktəb səviyyəsinə yüksəlib - Əhməd İsmayılov

Bu il, eyni zamanda Azərbaycan jurnalistikası üçün mühüm əhəmiyyət kəsb
edən, yaddaqalan illərdən hesab olunur. Zəngin və şərəfli inkişaf yolu keçmiş
Azərbaycan milli mətbuatı bu il özünün 150 illik yubileyini qeyd edir.
Trend xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd
İsmayılov qurumun təşkilatçılığı ilə baş tutan “İctimai proseslər media
müstəvisində” mövzusunda 2-ci Forumun açılış mərasimində çıxışı zamanı
deyib.
“Fürsətdən istifadə edərək, bu əlamətdar tarixi hadisənin yüksək səviyyədə qeyd
edilməsi ilə bağlı imzaladığı tarixi sərəncama və peşəkar jurnalistikanın
inkişafına göstərdiyi daimi diqqət və qayğısına görə Prezident İlham Əliyevə
ölkəmizin media ictimaiyyəti adından təşəkkürümüzü bildirmək istərdik”, – deyə o
bildirib.
İcraçı direktor xatırladıb ki, 1875-ci ildə maarifçi və publisist Həsən bəy Zərdabi
tərəfindən nəşr olunmağa başlayan “Əkinçi” qəzeti iki ilə yaxın fəaliyyəti
dövründə mütərəqqi fikirli ziyalıları öz ətrafında birləşdirmiş, elm, maarif,
mədəniyyət, incəsənət və kənd təsərrüfatının inkişafı ilə bağlı məqalələr dərc
etmiş, xalqın mədəni tərəqqisi uğrunda mübarizə aparmışdır:
“Maarifçilik xüsusiyyətləri ilə seçilən bu qəzet milli mətbuatın müasirləşmə,
məfkurə saflığı, ümummilli məqsədlərin təbliği, ədəbi dilin zənginləşməsi,
hadisələrin obyektiv işıqlandırılması kimi təməl yaradıcılıq prinsiplərini təcəssüm
etdirən məktəb səviyyəsinə yüksəlmişdir.
Mediamız özünün təməl funksiyalarını yalnız ölkəmiz müstəqillik əldə etdikdən
sonra yerinə yetirməyə başlamış və mövcud tarixi şəraitdə müstəqil media
təsisatlarının əsası qoyulmuşdur. Bu baxımdan Ümummilli Lider Heydər Əliyev
tərəfindən Azərbaycanda senzuranın ləğv edilməsi plüralizmin genişlənməsinə,
jurnalistikanın inkişafına yeni nəfəs vermiş, əlverişli şərait yaratmışdır.
Yeri gəlmişkən vurğulamaq istərdik ki, Azərbaycan milli mətbuatının
yubileylərinin ölkə səviyyəsində qeyd edilməsinin əsası ilk dəfə Ulu Öndərin
2000-ci ildə imzaladığı Fərmanla qoyulmuşdur və bu gün də bu ənənə layiqincə
davam etdirilməkdədir”.
Ə.İsmayılov bildirib ki, medianın peşəkarlığının artırılması, iqtisadi dayaqlarının
gücləndirilməsi Azərbaycan dövlətinin bütün inkişaf mərhələlərində informasiya
siyasətinin prioritetləri sırasında olmuşdur.
Bunun bariz nümunəsi kimi Prezident cənab İlham Əliyevin 2021-ci ilin yanvarın
12-də “Azərbaycan Respublikasında media sahəsində islahatların
dərinləşdirilməsi haqqında” Fərmanı ilə medianın inkişafında yeni bir mərhələnin
başlanmasını göstərmək olar. Medianın İnkişafı Agentliyinin yaradılması da
məhz bu istiqamətdə həyata keçirilən quruculuq prosesinin tərkib hissəsi
olmuşdur.
Prezident İlham Əliyev bu ilin yanvarında ölkəmizin televiziya kanallarına
müsahibəsində Vətən müharibəsində möhtəşəm qələbəmizin hər bir
vətəndaşımızın həyatında dərin iz buraxdığını bildirmiş, qalib ölkənin
nümayəndəsi olmağın özlüyündə məsuliyyətli və şərəfli hiss doğurduğunu xüsusi
vurğulamışdır. Dövlət başçımızın qeyd etdiyi məsuliyyət və qürur hissi
Azərbaycan mediasının gündəlik işində özünü əks etdirən başlıca peşəkarlıq
meyarına, həyat amalına çevrilmişdir.
Vətən müharibəsində ölkəmiz haqqında həqiqətləri dünyaya çatdırmaq üçün
informasiya cəbhəsinin əsgəri kimi çalışan jurnalistlərimiz hazırda böyük şərəf
hissi ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunda aparılan geniş miqyaslı
quruculuq işləri, Böyük Qayıdış prosesi barədə materiallar hazırlayır, eyni
zamanda, informasiya mühitimizə kənar müdaxilələrə vaxtında və layiqli cavab
verərək dezinformasiya axınının zərərli təsirlərinin azaldılmasında maarifçilik
fəaliyyətini davam etdirir.
Öz növbəsində, son illərdə media və kommunikasiya fəaliyyətinin müasir
formada təşkil edilməsinin nəticəsidir ki, ölkəmizə qarşı qarayaxma
kampaniyaları aparan tərəflərin həqiqi niyyətləri yerli mediada operativ formada
ifşa olunur, cəmiyyətdə neqativ xəbər axınına qarşı dayanıqlı təbii müqavimət –
informasiya immuniteti gücləndirilir.
Yeri gəlmişkən, həmişə hər bir mətbuat qurumunu, ilk növbədə, obyektiv və
qərəzsiz olmağa səsləyən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti
Mehriban xanım Əliyevanın vurğuladığı kimi “mətbuat öz xalqının və dövlətinin
maraqlarını hər şeydən üstün tutmalıdır və cəmiyyətdə mərhəmət, ədalət
prinsiplərini təbliğ etməlidir”, – deyə o qeyd edib.

Əliş Abdulla

Şərhlər bağlıdır.