XIX əsr Azərbaycan qəzetçiliyi tarixində “Əkinçi” ilə yaranan demokratik
ənənələr XX əsrin ilk onilliyində inkişaf edərək milli və inqilabçı demokratik
nəslin yetişməsinə səbəb oldu. Bu dövrdə tarixi şəraitin ortaya qoyduğu ideoloji
amillər müstəmləkəçilikdən qurtuluş yollarını göstərməklə milli-azadlıq
hərəkatının genişlənməsinə, suveren dövlət ideyalarının və istiqlal
düşüncəsinin formalaşmasına zəmin yaratdı.
Mətbuatda baş verən şaxələnmə prosesi, mətbu orqanların tipologiyası, siyasi
istiqaməti, auditoriyası, yaradıcılıq üslubuna görə bu dövrü Azərbaycan jurnalistikasının intibah dövrü kimi qiymətləndirmək olar.
“Hümmət”, “Molla Nəsrəddin”, “Füyuzat”, “Dəbistan” jurnalları ilə ilə siyasi,
satirik, romantik və uşaq mətbuatının əsası qoyulmaqla bərabər, “Həyat”,
“İrşad”, “Tərəqqi” və “Həqiqət” və d. mətbu orqanlarla ictimai-siyasi və milli
düşüncə prinsiplərinə, azadlıq uğrunda mübarizə ideyalarına meydan açıldı.
I Dünya müharibəsi illərində Azərbaycanda ictimai fikri formalaşdıran, geniş
xalq kütlələrini öz mütərəqqi, milli-demokratik ideyaları ətrafında birləşdirən,
xalqın mədəni inkişafının qarşısında sipər olan bir sıra vacib problemlərin həlli
yollarını göstərən əsas mətbu orqanlardan biri də “Açıq söz” qəzeti olmuşdur.
Qəzet o dövr üçün təkcə informasiya vasitəsi rolunda çıxış etmirdi, həm ideoloji
silah, milli-mənəvi dirçəlişin əsas platforması, həm də milli kimlik məsələsinin
önə çəkilməsində mühüm tribuna rolunu oynamışdır.
Sovet dövrü araşdırmalarında “Açıq söz” mürtəce, anti-demokratik, burjua
millətçi fikirlər aşılayan, geniş xalq kütlələrinin inqilabi hərəkatının qarşısında
maneə təşkil edən, onların təbii inkişafının önünü kəsən mətbu orqanlardan biri
kimi qələmə verilmiş, bu baxımdan da tədqiqatlardan kənarda qalmışdır.
Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən sonra bir çox mətbuat orqanları
kimi “Açıq söz” də Ş. Hüseynovun, A. Rüstəmlinin, A. Bayramoğlunun, A.
Aşırlının, N. Yaqublunun, Q. Dünyaminqızının, R. Məmmədovanın və b.
tədqiqatlarında obyektiv mülahizələrə əsaslanan öz həqiqi qiymətini almışdır.
“Açıq söz”ü “təkcə jurnalistika tariximizə deyil, ictimai-siyasi, elmi-nəzəri, ədəbi
bədii fikir tariximizə daxil olmuş mübariz mətbuat orqanı” kimi qiymətləndirən
tədqiqatçı-alim Ş. Hüseynov haqlı olaraq ötən əsrin ikinci onilliyində xalqımızın
siyasi mədəniyyətinin, siyasi-milli təfəkkür tərzi və dünyagörüşünün
formalaşmasını məhz bu qəzetin fəaliyyəti ilə bağlayır.
Qəzetin nəşrindən əvvəl “Bəsirət” qəzeti 3 oktyabr 1915-ci il tarixli 63-cü, “Yeni
iqbal” isə 4 oktyabr 1915-ci il tarixli 134-cü sayında yeni nəşrə başlayacaq
qəzet haqqında yazılar dərc edərək qəzetə gələcək fəaliyyətində uğurlar
arzulayır, nəşri ilə bağlı fikir və mülahizələrini, ümidlərini bildirirdilər.
“Açıq söz” qəzeti 1915-ci il oktyabrın 2-də nəşrə başladı. “Açıq söz”ün ilk sayı
barədə Üzeyir Hacıbəylinin redaktorluğu ilə nəşr olunan “Yeni iqbal” qəzeti
““Qurtuluş” və “Açıq söz”” (1915, 4 oktyabr) sərlövhəli məqaləsində yazır:
“Sırağa gündən etibarən şəhərimizdə Hüseyn Sadiq cənablarının təhti
idarəsində “Qurtuluş” adında iki həftəlik bir jurnal və Məhəmməd Əli Əbdüləziz
oğlu cənablarının naşirliyi ilə gündəlik “Açıq söz” qəzeti nəşrə başladı.
“Qurtuluş”un da, “Açıq söz”ün də baş məqalələri Məhəmməd Əmin Rəsulzadə
cənablarının asari-qələmidir”.
Gündəlik “Açıq söz”ün “Tutacağımız yol” ünvanlı, baş mühərrir Məhəmməd
Əmin Rəsulzadə tərəfindən yazılmış məqaləsində qəzetin məsləki xüsusunda
deyilir: “… öhdəmizə düşən rəhbərlik vəzifəsinin ifası üçün tutacağımız yolun
nöqteyi-əzimətini təşkil edəcək əsas – milliyyət əsası”.
Yeni bir ümummilli qəzet kimi fəaliyyətə başlayan, gündəlik “siyasi, ictimai və
ədəbi türk qəzetəsi” olan “Açıq söz” “siyasi” sözünü önə çəkməklə xalqın siyasi
hüquqları uğrunda mübarizə yolunu seçdiyini vurğulayır. Milli kimliyin, milli
şüurun, milli istiqlalın, türklüyün, islam həmrəyliyi və maarifçiliyin təcəssümü
kimi ortaya çıxdı: “Özündən əvvəlki mətbu orqanlar xalqın tərəqqi və nicatını
mədəni, elmi, mənəvi və iqtisadi inkişafda görürdüsə, “Açıq söz” bu sıraya
xalqın siyasi hüquqlarını da əlavə etdi”.
Tədqiqatlardan aydın olur ki, “Açıq söz” qəzeti fəaliyyət göstərdiyi 4 il
müddətində M.Ə.Rəsulzadənin redaktorluğu ilə nəşr olunmuş, yalnız 1918-ci
ilin sentyabr-oktyabr sayları redaksiya heyəti tərəfindən buraxılmışdı. Qəzet
1917-ci ilin avqustuna kimi M.Ə.Əbdüləzizoğlunun (Rəsulzadənin), avqustun 1
dən 1918-ci il yanvarın 3-nə kimi M.Ə.Rəsulzadə və Orucov
qardaşlarının müştərək naşirliyi ilə nəşr olunmuşdur. 1918-ci il yanvar-mart
nömrələrinin naşiri M.Ə.Rəsulzadə, sentyabr-oktyabr nömrələrinin naşiri isə
yenidən M.Ə.Əbdüləzizoğlu olmuşdur.
Qəzetin 422 sayı Əli Muxtar Ələkbərovun “İqdam” elektrik mətbəəsində çap
olunmuşdur. 423-cü saydan 704-ə qədər qəzetin nəşri H.Z.Tağıyevin “Kaspi”
mətbəəsi əsasında formalaşdırılmış “Açıq söz” elektrik tipoqrafiyasında çap
olunmuşdur. Qəzetin sentyabr-oktyabr aylarını əhatə edən 8 sayı isə “Novruz”
mətbəəsində buraxılmışdır.
Qəzet 724-cü saydan sonra fəaliyyətini dayandırıb.
“Açıq söz” qəzeti və onun ətrafında toplanmış dövrün ən qabaqcıl və mütərəqqi
ziyalıları–M.Ə.Rəsulzadə başda olmaqıa Ü. Hacıbəyli, Ö.F. Nemanzadə,
S.Eynullayev-İbrahimov, X.İbrahim, Y.V.Çəmənzəminli, H. Mirzəcamalov,
H.Cavid, Ə.Cavad, A.Şaiq, A.Səhhət, Ş.Əfəndizadə, M.Hadi, S.H.Sadiq,
M.N.Qaragözov, X.Sultanov, M.B.Məhəmmədzadə, S. Mənsur, S. Mümtaz,
Ə.Əzimzadə, B.Talıblı, T.Ş.Simurq, M.Ə.Nasir, İ.Axundzadə, F. İsmixanov və
başqaları “28 May fütuhatını hazırlayan və həyata keçirən nəsil idi”. Bu nəslin
nümayəndələrinin əsas qayələri milli şüurun oyadılmasına, millətin
özünüdərkinə, vətənə, xalqa, türkçülüyə xidmətə yönəldilmişdi.
Azərbaycan türklərinin milli özünüdərk prosesinə maneə yaradan və onların
vahid milli kimlik ətrafında birləşməsini çətinləşdirən,rus imperiyasının verdiyi
“tatar”, “müsəlman”, “yerli” (tuzem) kimi “adlardan” azad etmək və onu
ümumtürk kimliyi ilə birləşdirmək kimi böyük bir missiyasını da öhdəsinə
götürdü. Onun əsl “türk” adını özünə qaytararaq millətə “Sən türksən!”, rus
istibdadına isə “Biz türkük!” deyə xitab etdi: “Açıq söz” ilk dəfə olaraq o vaxta
qədər Qafqaziya müsəlmanı və yaxud tatarı deyilən xalqın türk olduğunu
sərahət və israrla meydana atmış və bu xüsusda hərb senzoru ilə mübarizə
etmək zərurətində qalmışdı” .
“Açıq söz”ün ideya istiqaməti və tutduğu yolun əsası M. Ə. Rəsulzadənin ilk
sayın proqram məqaləsi olan “Tutacağımız yol”da təqdim olunur. Azərbaycan
milli istiqlal düşüncəsinin konseptual əsasını təşkil edən bu ideoloji proqram
məqaləsi milliyyət (milli kimlik) məfkurələri, xüsusilə Azərbaycan türklərinin milli
özünüdərkini və istiqlalını təmin etmək üçün əsas ideya kimi təqdim olunur.
M.Ə.Rəsulzadə dünya xəritəsinin dəyişəcəyi və ictimai-siyasi mühitin yeni şəkil
alacağı təqdirdə “milliyyət məfkurəsinin” bu şəkillənmədə böyük təsirini diqqətə
çatdırır: “Özünü lüzumunca bilib də istiqbal üçün müəyyən bir ideal (məfkurə)
bəsləyən millət şübhəsiz ki, böyük bir qüvvət təşkil edər…millətlər bir millət
olaraq yaşaya bilmək üçün, hər şeydən əvvəl, özlərini bilməli, müəyyən bir fikir
və amallar ətrafında birləşərək böyük bir məfkurəyə, qayeyi-xəyala hədəf
olacaq o işıqlı yıldıza sahib olmalıdırlar”.
Qəzetin “Türkləşmək, islamlaşmaq və müasirləşmək” düsturu Azərbaycan
siyasi-publisistik fikrinin XX əsrin əvvəllərində formalaşdırdığı ən önəmli ideoloji
proqramlardan biri idi. Bu düstur, eyni zamanda Türk dünyasında Ziya Göyalp
kimi fikir adamlarının təsiri ilə formalaşan ümumtürk maarifçilik və milliyyətçilik
cərəyanının Azərbaycan kontekstindəki ifadəsi idi: “Hər bir millət azadə yaşayıb
da tərəqqi edə bilmək üçün üç əsasa istinad etmək məcburiyyətindədir: dil, din
və zaman. Dilcə biz türküz, türklük milliyyətimizdir. Dincə – müsəlmanız.
Zamanca da – biz texnikanın (alyatın) elm və fənnin möcüzələr yaradan bir
dövründəyiz”. Türk və müsəlman qalaraq müstəqil yaşamağı şərtləndirən
amillər sırasında elmlər, fənlər, hikmət və fəlsəfələrlə silahlanmağı vacib sayan
ədib yazır: “…zaman bunu iqtiza ediyor – mütləqa üç əsasa sarılmalıyız:
türkləşmək, islamlaşmaq və müasirləşmək. İştə millətimizin həyati
ictimaiyyəsinə islah üçün üzərinə dayandığımız sepayeyi-mədəniyyət!”
M. Ə. Rəsulzadə qəzet səhifələrində dərc etdirdiyi digər məqalələrində də bu
ideyadan çıxış edərək İslam mədəniyyətinin bəşəri mahiyyəti, ədalət, elm və
təməddün ideyalarına dayandığı fikrini irəli sürərək dinin milli birlik və tərəqqi
üçün əngəl yox, vasitə ola biləcəyini göstərir.
“Açıq söz” qəzetinin səhifələrində milli-məhəlli muxtariyyət məsələsi milli
azadlıq ideyalarının əsas istiqamətlərindən biri kimi geniş şəkildə
müzakirə olunurdu. Bu ideya M.Ə.Rəsulzadənin qəzetin 17 mart 1917-ci il
tarixli sayında dərc edilən “Cümhuriyyət” məqaləsində əhatəli şəkildə öz əksini
tapmışdır. Məqalədə Azərbaycanın Rusiya imperiyası daxilində milli-məhəlli
muxtariyyətə sahib olması ideyası irəli sürülür. Ədib burada milli muxtariyyət
ideyasını xalq hakimiyyəti ilə birgə təqdim edir, xalqın mədəni muxtariyyətlə
paralel olaraq öz idarə sistemini qurmaq hüququna da malik olması məsələsinə
önəm verir: “Demokrasiya nöqteyi-nəzərindən Rusiyada yaşayan və çarizmin
təcavüzkar siyasətinə məruz qalan sinif, silk və millətlər üçün cümhuriyyətdən
daha münasib bir üsuli-idarə təsəvvür olunamaz”. Milli dövlətçilik ideyasını açıq
şəkildə irəli sürən Rəsulzadə bu məqalədə milli-məhəlli muxtariyyəti dövlətçiliyə
gedən yolun ilk mərhələsi kimi təqdim edir.
1918-ci ilin martında–704-cü sayından sonra Bakıda mart hadisələri baş
verdi. Mart qırğını zamanı dağıntılara məruz qalan tikililərdən biri də “İsmailiyyə”
binası idi. “Açıq söz”ün mətbəəsi və redaksiyası da həmin binada
yerləşdiyindən dağıntılar qəzetin nəşrinin dayanmasına səbəb oldu. “Açıq
söz”ün məqsəd və məramını yaxşı başa düşən, xalqı arxasınca aparmaq
qüdrətini həzm edə bilməyən bolşevik-daşnak “Açıq söz” qəzeti redaksiyasını
“Türkiyənin Bakı cəbhəsi” adlandırırdılar. 1918-ci il martın 18-də bolşeviklərin
ilk həmləsi də buraya oldu. Mətbəəni və redaksiyanı yerlə yeksan etdikdən
sonra “Türkiyənin Bakı cəbhəsini yıxdıq deyə sevinirdilər”.
1918-ci ilin sentyabrında bir qrup vətənpərvər ziyalı qəzetin nəşrini bərpa
etməyə müvəffəq oldu.
“Açıq söz” qəzetinin mətbuat və ümumilikdə ictimai-siyasi fikir və dövlətçilik
tariximizdə əsas xidmətlərindən biri də ilk müstəqil cümhuriyyətimiz –
Azərbaycan Xalq Cümhuriyyətinin ideoloji və nəzəri əsaslarının onun
səhifələrində işlənib hazırlanmasındadır.
Aygün Əzimova
BDU Jurnalistika fükültəsinin dosenti,
filologiya üzrə fəlsəfə doktoru
Şərhlər bağlıdır.