Təbrizdə mitinq

Təbrizdə mitinq
20 noyabr 1945-ci il tarixdə Təbriz şəhərində təşkil olunacaq Azərbaycan Xalq
Konqresi öncəsi keçirilən əzəmətli mitinqlər barədə ADF orqanı olan
“Azərbaycan qəzetinin 19 noyabr 1945-ci il tarixli 58-ci sayında Firudin
İbrahiminin fars dilində “Rahgüzar” imzası ilə getmiş hesabat xarakterli yazısını
diqqətinizə təqdim edirəm.
Təbriz şəhər bələdiyyə meydanında otuz min nəfərlik mitinq.
Bazar günü noyabr ayının 18-də günorta saat 15:00-dan başlayaraq şəhər
zavod və fabriklərinin müxtəlif dəstələrdən ibarət fəhlələri, Təbriz ətrafındakı
kəndlərin kəndliləri, firqə hövzələrinin üzvləri, sənətkarlar, insanların müxtəlif
təbəqələri Azərbaycan xalqının arzularını göstərən “Yaşasın Azərbaycan
xalqı”, “Yaşasın Azərbaycanın Milli Muxtariyyatı”, “Yaşasın əyalət və vilayət
əncümənləri”, “Yaşasın konstitutsiya” kimi bu və başqa şüarlarla şəhərin əsas
küçələrindən keçərək şəhər bələdiyyəsinin böyük binasının qarşısındakı
meydana axışırdılar. Havanın qarlı və soyuq olmasına baxmayaraq, saat
16:30-da otuz mindən çox adam meydanda toplaşdı. İnsanların görünüşü
mitinq iştirakçılarının əzm və mətanətini göstərirdi. Bayraqlar və müxtəlif şüarlar
bu əzəmətli mitinqə çox maraqlı və həyəcanlı bir mənzərə bağışlamışdı. Bu
əzəmətli mitinq Azərbaycan xalqının öz azadlığını və milli muxtariyyatını əldə
etmək üçün sarsılmaz iradəsini göstərirdi. İntizama məsul olan adamlar son
dərəcə həssaslıqla öz vəzifələrini icra edərək bu böyüklükdə bir mitinqi tam
qayda ilə idarə edirdilər. Bu qəbildən olan böyük milli toplantılarda bizim qayda
qanuna riayət etməyimiz azadlıq düşmənlərinin gözünə batan tikan kimidir.
Saat 16:30-da Azərbaycan Demokrat Firqəsinin əziz rəhbəri cənab Pişəvəri
toplaşanların həyəcanlı hissləri və ura səsləri altında tribunaya qalxdı. Onun
nitqi ümumi həyəcanın və hisslərin nəticəsində ura səsləri ilə kəsilmişdi. O,
Demokrat Firqəsinin bütün Azərbaycanda asayişin qorunması ilə bağlı
vəzifələrindən söhbət açdı. Sonra cənab İlhami əyalət və vilayət
əncümənlərinin təşkili haqqında icmal şəklində şərh verdi və Milli Məclisə
(parlamentə) seçkilərin başlanmasını bildirdi. Sonra milli şair və Azərbaycan
fəhlə birliyinin sədri cənab Biriya Azərbaycanın qanuni tələbllərini elan edib
əyalət və vilayət əncümənlərinin təşkil olunmasını və Milli Məclisə seçkilərin
başlanmasını Azərbaycan fəhlələri və zəhmətkeşlərinin böyük kütlələri adından
ciddi surətdə tələb etdi. Mitinqin sonunda yerli mitinqlər zamanı Təbriz
şəhərində Azərbaycan xalqının böyük konqresində iştirak etmək üçün seçilmiş
adamların siyahısı yenidən təsdiq olundu. Bazar günü mitinqi böyük əzəmətlə,
yekdilliklə, bütün sitayiş olunası hisslərlə Azərbaycan Demokrat Firqəsinin
Mərkəzi Komitəsindən ciddi surətdə tələb etdi ki, Azərbaycan xalqının
arzularının yerinə yetirilməsində Azərbaycan xalqına rəhbərliyi öhdəsinə
götürsün. Xüsusi ilə tələb etdi ki, əyalət və vilayət əncümənlərinin təşkil
olunmasını və Milli Məclisə seçkilərin başlanmasını sürətləndirsin.
Mitinq axşam saat 17:30-da ümumi sevinc hissləri altında sona çatdı.
Rahgüzar.
Təqdim etdi: Səməd Bayramzadə

Şərhlər bağlıdır.