Etik prinsiplər, özünütənzimləmə, yanlış sərlövhə seçimi və peşəkar jurnalistikanın fərqi
29.10.2026
MŞ İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli “Milli mətbuatdan rəqəmsal mediaya: keçid və yeni dövrün çağırışları” mövzusundakı forumda iştirak edib
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli “Milli mətbuatdan rəqəmsal mediaya: keçid və yeni dövrün çağırışları” mövzusunda reallaşmış foruma qatılıb.
M.Ələsgərli tədbirdəki çıxışında bildirib ki, dünyada medianın özünütənzimləməsi prinsipinin təmin edilməsində etik kodekslər, onların icrasına nəzarət edən qurumlar və media ombudsmanlığı başlıca rol oynayır. Mövcud xüsusuda Mətbuat Şurasının rolundan söz açan İH üzvü diqqəti müasir media mühitimizdə “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”nın qorunmasının vacibliyinə, rəqəmsal medianın yaratdığı çağırışlara yönəldib və nəticəyə gəlib: “Müasir dövrdə həm ənənəvi, həm də rəqəmsal mediada özünü tənzimləmə mexanizmlərinin tətbiqinə ehtiyac var”.
Peşəkar jurnalistika ilə sosial media fəaliyyətinin fərqindən söz açan M.Ələsgərli fərqləndirici amil kimi jurnalistlərin ictimai məsuliyyət yükünü, etik kodeksə əməl etmələrinin mütləq əhəmiyyətini önə çəkib. “Jurnalistin işi ictimaiyyətin marağında olan informasiyanı axtarmaq, tapmaq, emal etmək və ictimaiyyətə çatdırmaqdır. Sosial şəbəkə fəaliyyətlərinin belə bir öhdəliyi yoxdur”, – deyərək fikrini qüvvətləndirən İH üzvü həmçinin xəbər başlıqlarının seçilməsindəki tendensiyalara toxunub və bildirib ki, sərlövhələrin materialın məzmununu əks etdirməməsi, habelə süni sensasiya yaratmağa hesablanması yolverilməzdir. Çünki belə hallar cəmiyyəti yanlış istiqamətə yönləndirir.
Şərhlər bağlıdır.