İranın ali rəhbərinin müşaviri Məhəmməd Möhbərin Zəngəzur dəhlizi ilə bağlı sərt açıqlaması Tehranın layihəyə münasibətini və regiondakı nəqliyyat-kommunikasiya xətlərinə dair mövqeyini yenidən gündəmə gətirib. İranın geosiyasi maraqlarını “qırmızı xətt” adlandıran Möhbərin bu bəyanatı Azərbaycanın regional nəqliyyat strategiyasına və İranla münasibətlərə hansı mesajları verir?
- İran rəsmisinin Zəngəzur dəhlizini Hörmüz boğazı ilə eyni kontekstdə təqdim etməsi və “Hörmüz boğazının nümunəsindən dərs alın” mesajı verməsi hansı siyasi və geosiyasi məqsədlərə xidmət edir?
- Bu açıqlama İranın Zəngəzur dəhlizinin reallaşmasına qarşı mövqeyinin sərtləşdiyini göstərirmi və Tehran layihənin həyata keçirilməsinə hansı vasitələrlə təsir göstərməyə çalışa bilər?
Politoloq Sədrəddin Soltan Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İranın ali rəhbərinin müşaviri Məhəmməd Möhbərin bu açıqlaması Tehran hakimiyyətinin özündən müştəbehliyinin göstəricisidir. Onun sözlərinə görə, Hörmüz boğazı ilə Zəngəzur dəhlizinin müqayisə edilməsi heç bir məntiqə sığmır: “Hətta bu məntiqlə Tehran hakimiyyəti Hind okeanındakı başqa boğazlara, məsələn, Türkiyə boğazlarına, yaxud Sumatra və Yava adaları arasında yerləşən boğazlara da eyni iddiaları irəli sürə bilər. Halbuki bu boğazların hər birinin özünəməxsus coğrafi və hüquqi xüsusiyyətləri var. Hörmüz boğazına Tehran hakimiyyətinin iddiaları onunla əlaqələndirilə bilər ki, bu akvatoriyanın böyük bir hissəsi İranın ərazi sularına daxildir. Həmin akvatoriyanın hüquqi statusu və coğrafi xüsusiyyətləri də bu məsələdə əhəmiyyət daşıyır. Buna görə də Tehran hakimiyyətinin Hörmüz boğazı ilə bağlı atacağı addımlar Zəngəzur dəhlizi ilə əlaqədar mümkün addımlarla eyni ola bilməz.
Zəngəzur dəhlizi konkret olaraq Ermənistan ərazisindən keçir. Zəngəzur dəhlizi ilə bağlı bütün hüquqi məsələlər, oradan keçəcək infrastruktur, yol və nəqliyyat layihələrinin hamısının icrası Ermənistanın müstəsna hüquqları çərçivəsində nəzərdə tutulur. Bu baxımdan İran hakimiyyətinin həmin məsələyə müdaxilə etmək və özünü qərarverici tərəf kimi təqdim etmək cəhdi əsassızdır. Ali rəhbərin müşavirinin belə bir iddia ilə çıxış etməsi yersiz, apardığı müqayisə isə əsassızdır”.
Sədrəddin Soltan bildirib ki, Tehran hakimiyyəti nədənsə Zəngəzur dəhlizi layihəsini davamlı olaraq regionda ərazi bütövlüyünün dəyişdirilməsi cəhdi kimi qəbul edir. Halbuki ABŞ, Türkiyə, Azərbaycan və layihənin açılmasında maraqlı olan digər dövlətlər Ermənistan ərazisindən keçəcək bu layihə ilə ölkənin ərazi bütövlüyünə təhlükə yaratmırlar. Burada Zəngəzurun işğalından, yaxud Ermənistanın ərazi bütövlüyünün pozulmasından söhbət getmir. Onun sözlərinə görə, söhbət beynəlxalq nəqliyyat marşrutundan, Şərqlə Qərbi birləşdirən layihələrdən birindən gedir.
Politoloq hesab edir ki, Tehran hakimiyyətinin narahatlığı bu layihənin reallaşması ilə Ermənistanın ABŞ ilə əməkdaşlığının genişlənməsi və Qərblə əlaqələrinin inkişaf etməsidir. İran tərəfi guya bu layihə vasitəsilə ölkəsinin təhlükəsizliyinin təhdid oluna biləcəyini düşünür: “İranın qonşuluğunda Bağdadda ABŞ-nin ən böyük səfirliyi fəaliyyət göstərir. Məlumatlara görə, bu səfirlikdə ABŞ müxtəlif tədbirlər həyata keçirir. Ermənistandakı səfirlik isə böyüklüyünə görə ikinci sayılır. ABŞ ilə Ermənistan arasında strateji tərəfdaşlığa dair sənəd imzalanıb və bu sənəd qüvvədədir. Bundan başqa, İranın qonşuluğunda, cənub bölgələrində ABŞ-nin hərbi bazaları var. ABŞ-nin Qətərdə və digər ölkələrdə hərbi mövcudluğu məlumdur. İraqda və Suriyada da ABŞ-nin maraqları müəyyən mənada təmin olunub. Bütün bunlar fonunda İran ali rəhbərinin müşavirinin bu cür açıqlamaları, sadəcə olaraq, suyu bulandırmaq cəhdidir”.
Sədrəddin Soltan diqqətə çatdırıb ki, İranın özü də regionda nəqliyyat marşrutlarının inkişafında maraqlıdır. Tehran hakimiyyəti İran ərazisindən Ermənistana, oradan isə Gürcüstana və Avropaya uzanan nəqliyyat əlaqələrinin yaradılmasını planlaşdırır. Eyni zamanda, Şimal-Cənub nəqliyyat dəhlizinin açılması və inkişafı da İranın gündəliyindədir. Bu layihələrin reallaşdırılması ölkənin iqtisadi və ticarət maraqlarına xidmət edir.
Politoloq vurğulayıb ki, ABŞ-İran münasibətləri əbədi olaraq indiki səviyyədə qalmayacaq. Gələcəkdə bu münasibətlərin dəyişməsi mümkündür. Bu baxımdan Tehran hakimiyyətinin indiki mövqeyi uzunmüddətli maraqlarına uyğun gəlməyə bilər. Çünki gələcəkdə Zəngəzur layihəsindən İranın özü də faydalana bilər. İranın coğrafi mövqeyi, ticarət imkanları, bazarlara çıxışı və nəqliyyat əlaqələrinin genişləndirilməsi baxımından bu layihə Tehranın maraqlarına da xidmət edə bilər.
Sədrəddin Soltanın fikrincə, İranın Zəngəzur dəhlizi ilə bağlı mövqeyində rəsmi Tehranın açıqlamaları ilə hakimiyyət daxilindəki bəzi siyasi dairələrin yanaşmaları arasında ciddi fərqlər var. Ermənistan hökumətinin nümayəndələri İran tərəfi ilə apardıqları danışıqlarda Zəngəzur dəhlizi məsələsini müzakirə edir və rəsmi Tehrana bu layihənin İranın təhlükəsizliyinə təhdid yaratmayacağı ilə bağlı təminat verirlər.
“İran Prezidenti Məsud Pezeşkian da açıqlamalarında Zəngəzur dəhlizinin İranın təhlükəsizliyini təhdid etmədiyini və etməyəcəyini bəyan edib. İran daxilində isə bu məsələyə münasibətdə fərqli yanaşmalar mövcuddur. Keçmiş xarici işlər naziri, hazırda dövlət məsələləri üzrə müşavir Əli Əkbər Vilayətinin rəhbərlik etdiyi siyasi platformanın və Məhəmməd Möhtərinin çıxışları SEPAH-ın mövqeyini ifadə edir. İran hakimiyyəti daxilində Zəngəzur məsələsi ilə bağlı fikir ayrılığı var. “Keyhan” qəzetinin baş redaktoru və sahibi Hüseyn Şəriətmədari, Əli Əkbər Vilayəti, Möhtəri və bu kimi SEPAH-a yaxın şəxslər Zəngəzur dəhlizi və bütövlükdə Cənubi Qafqazla bağlı təhdid xarakterli açıqlamalar verirlər. Onların mövqeyi İranın təhlükəsizlik maraqlarının müdafiəsi arqumenti ilə əsaslandırılır. Lakin rəsmi Tehran nümayəndələrinin açıqlamaları göstərir ki, bu layihə İranın təhlükəsizliyinə birbaşa təhdid kimi qiymətləndirilmir”, – deyə Sədrəddin Soltan bildirib.
Politoloq vurğulayıb ki, bütün bunlara görə, Tehran hakimiyyətinin Zəngəzur dəhlizinin reallaşdırılması layihəsinə birbaşa mane olmaq imkanları yoxdur. İranın Ermənistana qarşı istifadə edə biləcəyi əsas təzyiq vasitələri iqtisadi-ticarət əlaqələri ilə bağlı ola bilər: “İran yalnız Ermənistanla iqtisadi-ticarət əlaqələrində müəyyən problemlər yarada bilər. Məsələn, Ermənistana təbii qaz nəqlini ləngidə, yaxud qazın qiymətini bahalaşdıra bilər. Bundan başqa, İranın layihənin qarşısını almaq üçün ciddi təsir imkanları yoxdur. Bütün bu addımlar isə Tehran hakimiyyətini beynəlxalq müstəvidə çətin vəziyyətə salmaqdan başqa bir nəticə verməyəcək”.
İradə Cəlil, Bizimyol.info
Şərhlər bağlıdır.