ƏFSANƏVİ BAKİ MERİ – ƏLİŞ LƏMBƏRANSKİ

ONDAN FİRQƏMİZƏ DƏ İNZİBATİ BİNA YADİGAR QALIB

10 may  əfsanəvi Bakı meri Əliş Ləmbəranskinin anım günü idi. Ondan ötən əsrin 60-70-ci illərində paytaxtımız Bakı şəhərinə yüzlərlə bina, bağlar, parklar, abad və görməli yerlər yadigar qaldı. Azərbaycan Demokrat Firqəsinin şəhərin Əli bəy Hüseynzadə-66 ünvanında yerləşən yaraşıqlı inzibati binasına gələnlər adətən bu rahat şəraitə görə iki nəfərin ruhuna hörmətlərini dilə gətirirlər. Çox maraqlıdır ki, hər ikisi dünyaya eyni gündə gəlib. Hər ikisi də bu bina tikilənədək inşaat işlərini nəzarətdə saxlayıblar. Söhbət Ümummilli Liderimiz Heydər Əliyevdən və Əliş Ləmbəranskidən gedir.

Çox təəssüf ki, bu qurucu insan barədə hazırda oxunaqlı yazılara nadir rast gəlmək olur. Azərbaycan Jurnalistlər Birliyinin üzvü, istedadlı qələm sahibi Nurlanə Telmanqızının sizlərə təqdim edəcəyimiz oçerki bu mənada təqdirəlayiq nümunələrdəndir.  

Azerbaycan-ruznamesi.org

Əliş Cəmil oğlu Lənbəranski hərtərəfli yüksək keyfiyyətlərə malik bir insan idi – həm peşəkarlıq, həm istedad, həm təşkilatçılıq, həm də yüksək mənəviyyat baxımından. Əliş Lənbəranski 10 may 1914-cü ildə Bərdənin Lənbəran kəndində, o vaxtlar tanınmış cərrah Cəmil Ləmbəranskinin ailəsində dünyaya göz açmışdır. Ailədə 3 uşaq, bir bacı və iki ardaş olublar.  Əliş o biri uşaqlara nisbətən daha utancaq, sakit, daha ciddi, bir az da qapalı uşaq olub.

O, Azərbaycan Sənayə İnstitutunun neft sənayesi fakultəsini (indiki Neft Akademiyası) bitirdikdən sonra o, öz peşəsinə daha da yaxından yiyələnmək üçün zavoda işə düzəlir. Böyük Vətən Müharibəsi (1941- ci il) başlayan zaman 27 yaşlı Əliş Lənbəranski Neftayırma zavodunun direktoru vəzifəsində çalışırdı. Elə bu vəzifədə olarkən o, könüllü olaraq müharibəyə yollanır (cəbhəyə yollanmamışdan bir az əvvəl o, Fin Müharibəsindən yeni qayıtmışdı). 1943-cü ildə Rostov ətrafinda döyüşlərdə Ə. Lənbəranski ağır yaralanır. Yaralandıqdan sonra o, Bakiya göndərilir və yenidən əvvəlki vəzifəsinə bərpa edilir.

Bakının şəhərsalma tarixində “Lənbəranski erası” adlı bir anlayış mövcuddur.

Bu anlayış heç də əbəs yerə yaranmayıb. 

Əliş bəy Bakı şəhərinin əsas simvollarından olan binaların əksəriyyətinin tikilişlərinə rəhbərlik etmişdir. “Bağırov körpüsü”, “Dövlət sirki”, “Respublika” sarayı, “Qaqarin körpüsü”, Məişət Kondisionerləri zavodu, Opera və Balet Teatrının bərpası, Yeni Bakı Neftayırma zavodu, Musiqili Komediya Teatrı, Yaşıl teatr, Gülüstan sarayı və başqalarını saymaq olar. O, gözəl insan olmaqla yanaşı, ölkəsini, vətənini sevən, xaricdə gördüyü hər bir gözəl tikintini Azərbaycanda da tikib yaratmaq istəyən, sənətinə vurğun böyük və bacarıqlı bir mühəndis idi. Deyilənlərə görə xarici səfərlərin birində bir binanın tikintisindən xoşu gələn Ləmbəranski həmin binanın planını kibrit karobkasının üzərində çəkərək Bakıya qayıtmış və həmin binanın oxşar formasının Bakıda tikilməsinə nail olmuşdur.

Əliş Ləmbəranski bir çox orden və medallarla təltif edilmişdir. SSRİ dövlət mükafatı laureatı, Azərbaycanın Əməkdar mühəndisidir.

O, 1 may 1999-cu ildə Bakıda vəfat edib, birinci Fəxri Xiyabanda dəfn edilmişdir.

Nurlanə Əliyeva,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Şərhlər bağlıdır.