Rəhim İmrani 1923 – cü ildə (1302) Təbrizdə kasıb bir çörəkçi ailəsində anadan olmuşdur. O, ailə vəziyyətinin ağırlığı ilə əlaqədar olaraq çox kiçik yaşlarından xalça fabrikində işləməyə başlayır.Fabrikdə işləməklə bərabər o min cür çətinlik və maneələrə baxmayaraq öz savadsızlığını ləğv etmək üçün gecələr axşam məktəbinə gedir. Məktəbini müvəffəqiyyətlə bitirir, ancaq orta təhsili qurtara bilmir. Yenidən bir müddət xalça fabrikində işləməyə məcbur olur. O bu fabrikdə toxucu fəhlələrin ağır vəziyyətini və dözülməz surətdə istismar edilmələrini öz həyatında daha yaxından hiss edir.
1943-1944-cü illərdə Azərbaycanda İran Xalq Partiyasının rəhbərliyi ilə Təbriz fəhlələrinin irtica və imperializm əleyhinə apardıqları mübarizələrdə Rəhim İmrani həmişə öndə olardı.Həmin illərdə o, İXP-yə üzv olur, öz mübarizəsini xalqın mütəşəkkil mübarizəsilə birləşdirir. R.İmrani fabrikin fəhlələri içərisində inqilabi iş aparır, var qüvvə ilə fəhlələri başa salıb onları istismara qarşı mübarizəyə dəvət edirdi.Bununla o , fəhlələr içərisində böyük hörmət qazanmışdı.
1945-ci ilin sentyabrında Azərbaycan Demokrat Firqəsi təşkil olunduqdan sonra Rəhim İmrani də firqənin sıralarına daxil olur. Gənc firqənin irəli sürdüyü məsələlərin həyata keçirilməsi uğrunda əlindən gələni edirdi.
Nəhayət, Rəhim İmraninin illərdən bəri arzuladığı gün-21 Azər gəlib çatdı.
Firqədə göstərdiyi fəallığı və hərbi tapşırıqları yerinə yetirdiyi üçün Milli Məclis tərəfindın” 21 Azər” medalı ilə təltif edilir. Daha sonra o, Milli Hökumət tərəfindən təsis edilən Azərbaycan hərbi zabitlik məktəbinə daxil olur. Məktəbin süvari hissəsini leytenantlıq rütbəsi ilə bitirdikdən sonra Azərbaycan Xalq Qoşunları qərargahı tərəfindən Marağa və Miyandabda hərbi xidmətə göndərilir.
Firqə və Milli Hökumətin etimadını qazanan Rəhim İmrani Xalq Qoşunlarının baş qərargahı tərəfindən Təbrizə çağırılır və orada şöbədə işləyir.Şah qoşunları Azərbaycana hücum etdiyi zaman cəbhəyə göndərilməsini firqə və Milli Hökumətin nümayəndələrindən xahiş edir.
O, şəhid sərhəng (polkovnik) Məhəmməd Agahinin fərmandehliyi altında Miyana cəbhəsinə göndərilir. Şah qoşunlarına qarşı son gülləsinə qədər vuruşur və geri çəkilməli olur.O, uzun müddət gizlənir və polis məmurları Rəhimi taparaq həbs edirlər. İki ay həbsdə qalandan sonra Məhəmməd Rza şahın hərbi məhkəməsi onu yaralı halda 1946 – cı ildə edam etdirir.
O, dar ağacı altında demişdir: ” Mən iftixar edirəm ki, xalqımın azadlığı uğrunda ölürəm. Yaşasın Azərbaycan xalqı! Yaşasın Firqəmiz!”
Azərbaycan xalqı heç vaxt özünün qəhrəman oğlu Rəhim İmraninin Azərbaycan Xalq Qoşunları sıralarındakı xidmətlərini unutmayacaqdır.
Təqdim etdi:
Güləddin İsmayılov
Şərhlər bağlıdır.