İRAN İDMANI TARİXİNİN ƏN QARANLIQ SƏHİFƏLƏRİ
Azerbaycan-ruznamesi.org kütləvi informasiya vasitələrinə istinadən İranda idmanın mövcud durumu haqqında ətraflı yazı dərc edir. Yazıda bildirilir ki, İran hakimiyyətinin yürütdüyü yanlış siyasət, beynəlxalq qanunlara məhəl qoymayaraq atdığı pozucu addımlar və digər bu kimi amillər ucbatından ölkə hazırda ağır ictimai-iqtisadi vəziyyətlə üzləşib. Bundan isə dövlət məmurları və onların yaxınlarını çıxmaq şərti ilə cəmiyyətin bütün qrupları və təbəqələri əziyyət çəkir. İstər Şah hakimiyyəti, istərsə də İslam rejimi dövründə dünya arenalarına müxtəlif idman sahələri üzrə Qulamrza Təxti və Əli Dayi kimi parlaq simalar bəxş etmiş bu coğrafiyada indi tarixinin ən qaranlıq səhifəsini yaşayan sahələrdən biri də idmandır.
Ağır məişət şəraiti idmançıların potensialının və performansının zəifləməsinə və son nəticədə ölkəni tərk etməsinə yol açan amillərdən biri olsa da, yeganə səbəb deyil. İfrat teokratik sistemə əsaslanan İslam Cumhuriyyəti rejiminin idmançılara öz dini təfəkküründən qaynaqlanan məsələlər üzrə göstərdiyi təzyiqlər və basqılar da onların İranı tərk edərək digər ölkələrin bayraqları altında dünya miqyaslı idman tədbirlərində iştirak etməsinə səbəb olan amillərdəndir.
Cari ilin oktyabr ayında İranın Cuybar bölgəsində Norveçdə keçirilmiş dünya yarışlarında sərbəst və ya azad güləş üzrə 2-si qızıl, 2-si gümüş medal qazanan 4 idmançının qarşılanması zamanı baş vermiş biabırçılıq ölkə gündəmini zəbt edən əsas xəbərlərdəndir. Belə ki, sözügedən çempionatda qızıl medal qazanmış Kamran Qasımpur bir neçə gün sonra bildirdi ki, şəhər rəhbərliyi onlara hədiyyə olaraq 1 milyon tümənlik bank kartı verib, lakin o kart da istifadəyə yararsız, yəni bloklanmış olub. Bu xəbər ölkədə geniş əks-səda doğurdu və idman cameəsi ilə yanaşı, sadə vətəndaşlar da hədiyyə edilən bu cüzi məbləğin bloklanmış kart vasitəsilə idmançılara verilməsini onlara qarşı həqarət adlandırdılar.
Oktyabrın 25-də İranın “Xəbər-e vərzeşi” saytına müsahibəsində tanınmış Güney azərbaycanlı futbol ulduzu və məşqçisi Əli Dayi bu addımı kəskin tənqid edərək bir daha ölkədə idmançılara dəyər verilməməsini və onların ağır yaşayış problemlərinin olduğunu dilə gətirdi.
Qeyd edək ki, İran idmançılarının ağır maddi durumu ilə bağlı açıqlama verən təkcə Əli Dayi deyil, istər ondan əvvəl, istərsə də ondan sonra həm bəzi rəsmilər, həm də elə idmançıların özləri bu problemi dəfələrlə qaldırıblar. Məsələn, 2021-ci ildə Tokioda keçirilmiş Yay Paralimpiya Oyunlarında yüngül atletika üzrə qızıl medal qazanan Əmir Xosrovaninin oktyabrın 20-də “Cəmaran” saytında “Bu inflyasiya, yəni təvərrüm həddi ilə professional idmanla məşğul olmaq olmaz, mənzil və sığortaya sahib olmaq idmançının haqqıdır” başlığı ilə dərc edilən fikirlərindən məlum olur ki, idmançılar təkcə məişət problemlərindən əziyyət çəkmir, ölkənin əksər bölgələrində bir çox idman sahələri üzrə zəruri maddi-texniki imkanların olmaması da onların qarşılaşdığı ciddi çətinliklərdən biridir.
2021-ci ilin iyun ayında isə güləş üzrə dünya və olimpiya çempionu Həsən Yəzdani İranın 3-cü kanalının “Qızıl dairə” proqramında etdiyi çıxışı zamanı ölkədə idmançıların ağır vəziyyətdə yaşadığını, bunun da onların karyerasına ciddi təsir etdiyini bildirib. Ölkə mətbuatında geniş işıqlandırılan bu müsahibədə o qeyd edir ki, dəfələrlə bu problemi qabartsa da, rəsmilər tərəfindən müsbətə doğru heç bir addımın atılmadığı görərək, bir növ təngə gəldiyindən daha sözlərinin dəyərsiz olmaması üçün son dövrlər artıq bu barədə danışmamağa üstünlük verir.
Yüngül atletika üzrə yeddiqat dünya və Asiya çempionu olan Güney azərbaycanlı paralimpiya idmançısı Səccad Pirayqırçəmənin oktyabr ayının sonlarında İran mətbuatında işıq üzü görən fotoları və fikirləri vəziyyətin nə dərəcədə ağır olduğunu bir daha nümayiş etdirir. Uzun müddətdir küçədə siqaret satmaqla yaşayış xərclərini təmin edən eşitmə əngəlli bu idmançı məsul şəxslərin 10 ildir onu işlə təmin etməklə bağlı yalançı vədlərlə allatdığını deyir.
Əlbəttə, idmançıların ağır məişət problemləri onların son illər müxtəlif beynəlxalq yarışlarda zəif çıxış etməsinə səbəb olub. 2018-ci ildə Macarıstanda keçirilən Güləş üzrə Dünya Çempionatında İran Milli komandası və timinin uğursuz nəticələri buna misallardan biridir. Həmin vaxt İran Güləş Federasiyasının başçısı olan Rəsul Xadim Macarıstandan ölkə prezidenti Həsən Ruhaniyə göndərdiyi açıq məktubda yoxsulluq və maddi problemlərin İran idmanının nəfəsini kəsdiyini, idmançıların da bu səbəbdən zəif performans göstərdiyini bildirmişdi.
Maraqlıdır ki, idmançıların problemləri İranın din xadimləri tərəfindən də dəfələrlə dilə gətirilib. 19 oktyabr 2016-cı ildə bir qrup idmançı və məşqçi ilə görüşən Ərdəbil vilayətinin Nir bölgəsinin imam-cüməsi hüccətül-islam Mikayıl Müqəddəsi bu acınacaqlı durumu dilə gətirib. Bu ilin sentyabr ayının 28-də Tokioda keçirilən 2020-ci il Yay Olimpiya və Paralimpiya Oyunlarında qələbə qazanmış idmançılarla görüşən İranın ali rəhbəri Ayətullah Əli Xamenei də onların işsizlikdən və məişət problemlərindən əziyyət çəkdiyini etiraf edərək rəsmiləri bu istiqamətdə addımlar atmağa çağırıb. Lakin sonrakı proseslər onun tapşırığının elə söz olaraq qaldığını göstərir.
Bütün bu məhrumiyyətlər fonunda İranı tərk edən idmançılar zaman- zaman xarici ölkələrdə əldə etdikləri uğurlar və maddi təminatı dilə gətirirlər. Məsələn, təxminən 1 ay öncə Güney Azərbaycanın Zəncan bölgəsindən olan boksçu Fərşid Rüstəmi İranda iştirak etdiyi proqramlardan birində İranda və Azərbaycan Cümhuriyyətində idmançılara verilən dəyəri müqayisə etmişdi. O qeyd etmişdi ki, İranda yarışlarda udduğu mükafatların dəyəri çox aşağı idi və onlar yalnız yarışlara qatılmaq üçün Tehran-Zəncan yolunu gedib-gəlməyə bəs edirdi. Əgər İranda yaşamağa davam etsəydi, indi böyük ehtimalla işsiz- gücsüz bir insan olacaqdı. Lakin karyerasını Azərbaycan Cümhuriyyətində davam etdirəndən sonra isə həm professional boks sahəsində, həm də rifah vəziyyətində kifayət qədər uğurlar qazanıb.
16 mart 2020-ci ildə BBC telekanalının farsdilli bölməsinin saytında dərc edilən araşdırma isə İran idmançılarının bəzi çempionatlarda uğursuz çıxışlarının və ya xaricə mühacirət etmələrinin təkcə maddi problemlər deyil, siyasi məsələlərdən də qaynaqlandığını bir daha nümayiş etdirdi. Belə ki, Səid Mollayi ətrafında cərəyan edən qalmaqal göstərir ki, o da daxil olmaqla onlarla iranlı idmançı İslam Respublikasının rəsmiləri tərəfindən verilmiş “məsləhət görülən uduzmaq” tapşırığına əsasən bir neçə görüşdə bilərəkdən uduzublar. Bunun səbəbi isə həmin iranlı idmançıların növbəti mərhələlərdə İsraildən olan idmançılarla görüşməmək, mükafatlandırma mərasimində onlarla eyni kürsüdə yanaşı dayanmamaq kimi izah edilib. Ölkə rəsmilərinin bu “məsləhətli uduzma” tövsiyəsinə qarşı çıxanları gözləyən aqibətə bələd olan və təhdid edilən həmin idmançılar da bu şəkildə qəsdən görüşləri uduzublar. Onların əksəriyyəti daha sonra İrana qayıtmaqdan imtina edərək digər ölkələrə sığınıb, karyeralarını orada davam etdirməyə başlayıblar. Ayətullah Xamenei də yuxarıda qeyd edilən görüşü zamanı İsrailli idmançılarla iranlı idmançıların görüşü məsələsinə toxunub və “bir medala görə iranlı idmançının cinayətkar rejimin, yəni İsrailin təmsilçisi ilə görüşüb faktiki o rejimi rəsmən tanımamalı olduğunu” deyib.
Qadın idmançılara qarşı isə İran hökumətinin radikal dini görüşlərdən qaynaqlanan geyim kimi müxtəlif qayda-qanunlar tətbiq etməsi, eləcə də onların uğurlarından öz siyasi-ideoloji təbliğatında istifadə etməsi həmin idmançıların böyük əksəriyyətinin ölkəni tərk etməsi ilə nəticələnib. Məhz bu kimi amillər İran tarixində qadınlar arasında ilk Olimpiya çempionu Kimiya Əlizadənin, eləcə də Şohre Bəyat və digər onlarla xanım idmançı, hakim və məşqçinin İranı birdəfəlik tərk edərək əcnəbi ölkələrə sığınmasına və onların komandalarında çıxış etməsinə yol açıb.
Onu da xatırladaq ki, İranda islam rejiminin qurulmasının ilk illərindən bəri qeyd edilən səbəblərdən, eləcə də siyasi düşüncələrinə görə yüzlərlə idmançı repressiya və başqalarına qurbanı olaraq ya edam edilib, ya da uzun müddətli həbs cəzalarına məhkum edilib. Bütün bu səbəblər iranlı idmançıların qonşu Azərbaycan Respublikası da daxil olmaqla dünyanın bir çox ölkələrinə pənah aparması ilə nəticələnib.
Sonda “sağlam bədəndə sağlam ruh” deyimini xatırlatmaq yerinə düşər. Sağlam bədənin qidası isə idmandır, deyirlər. İran hakimiyyətinin idmançılara göstərdiyi ögey münasibət və davranış səbəbindən ölkə daxilindən tez-tez yayılan görüntülər acı bir həqiqətdən xəbər verir: İran gənclərinin əksəriyyəti sadalanan problemlər üzündən təkcə idmanı tərk etmir, həm də onların ruhlarının sağlamlığını narkotik və uyuşdurucu aludəçiliyi kimi bəlalar qaranlıqlara qərq edir.
Şərhlər bağlıdır.