ŞƏRQŞÜNASLIQ İNSTİTUTUNDA “AZƏRBAYCANIN QƏDİM MƏDƏNİYYƏT MƏRKƏZİ ŞUŞA” MÖVZUSUNDA ELMİ KONFRANS KEÇİRİLİB
TƏDBİRDƏ ALİMLƏRİMİZİN DƏ MƏRUZƏLƏRİ DİNLƏNİLİB
Mayın 18-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşa” mövzusunda elmi konfrans keçirilib.
Azerbaycan-ruznamesi.org AZƏRTAC-a istinadən xəbər veriri ki, tədbir tanınmış alimlərin məruzə və çıxışları ilə yadda qalmışdır. Konfransda AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun baş direktoru akademik Gövhər Baxşəliyeva Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olan Şuşanın 28 illik işğaldan sonra 2020-ci il noyabrın 8-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tərəfindən azad edildiyini söyləyib. Akademik qeyd edib ki, işğaldan azad edildikdən dərhal sonra şəhərdə infrastrukturun qurulmasına, tarix və mədəniyyət abidələrinin bərpasına, Şuşanın əsl tarixi simasının bərpası yönündə nəhəng layihələrin həyata keçirməsinə başlanıldı. Prezidentin “Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında” və “Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında” müvafiq sərəncamlarını xatırladan akademik G.Baxşəliyeva bununla əlaqədar Şərqşünaslıq İnstitutunda da bir sıra işlərin həyata keçirildiyini diqqətə çatdırıb. Bildirilib ki, bu il institut tərəfindən iraqlı alimlərlə birgə Bakıda və Bağdadda “İslam aləminin mədəniyyət mərkəzlərindən biri – qədim Şuşa” mövzusunda beynəlxalq, həmçinin “Qarabağda tolerantlıq və multikulturalizm ənənələri (Azərbaycan modeli əsasında)” mövzusunda respublika konfransları və “Şuşa ilinin elan olunmasının bölgədə ictimai-siyasi sabitliyin təmin olunmasında əhəmiyyəti” mövzusunda elmi sessiya keçiriləcək. İnstitutda 6 dildə “Azərbaycanın mədəniyyət paytaxtı Şuşa” adlı buklet hazırlanacaq. Həmçinin Şuşa haqqında ətraflı məlumat hazırlanaraq türk, ərəb, fars və Çin dillərində “Vikipediya”da yerləşdiriləcək.
Gövhər Baxşəliyeva “Şuşa İli” çərçivəsində institutda “Qarabağ məsələsi Cümhuriyyət parlamentində və 1918-1920-ci illər İngiltərə, Türkiyə və İranın Cənubi Qafqaz siyasətində”, “Azərbaycan-İran münasibətlərində Şuşa”, “İkinci Qarabağ müharibəsi və müsəlman dünyası”, “Qarabağın epiqrafik abidələrindəki adlar”, “Qarabağın maddi və mənəvi irsi epiqrafik abidələr əsasında (X-XIX əsrlər)” mövzularında elmi-tədqiqat işlərinin aparıldığını da qeyd edib.
Konfransda Şərqşünaslıq İnstitutunun İran filologiyası şöbəsinin aparıcı elmi işçisi Şəmsi Əhmədov “Şuşa şəhərinin salınması tarixindən” mövzusunda məruzəsində bu sahədə tarixi faktları diqqətə çatdırıb. Tarixən 20-yə qədər “Qarabağnamə”nin yazıldığını qeyd edən məruzəçi Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın fəaliyyətindən, Qarabağ bölgəsində tikdirdiyi Bayat, Tərnəkut, Şuşa qalalarının inşasından danışıb.
Din və ictimai fikir tarixi şöbəsinin böyük elmi işçisi Dürdanə Cəfərli “Şuşa şəhəri timsalında Qarabağın memarlıq məktəbi”, həmin şöbənin böyük elmi işçisi Elnur Mustafayev “Yuxarı Gövhər Ağa məscidinə aid epiqrafik abidələrin tədqiqi”, tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblı “Erməni vandalizmi nəticəsində dağıdılmış maddi-mədəni abidələr” mövzularında məruzələrlə çıxış ediblər.
Aşağıda institutun Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Səməd Bayramzadənin “Azərbaycan-İran münasibətlərində Şuşa” mövzusunda məruzəsini sizlərə təqdim edirik.
Azərbaycan-İran münasibətlərində Şuşa
2020-ci il sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsi Azərbaycanın şanlı Qələbəsi ilə nəticələndi. Noyabr ayının 8-i isə hər bir azərbaycanlının qəlbində sevinc, qürur hissi yaşatmaqla onların yaddaşına silinməz tarix olaraq yazıldı. Vətən müharibəsinin 43-cü günündə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Şəhidlər xiyabanından xalqa müraciəti zamanı Şuşa şəhərinin işğaldan azad edilməsi xəbərini verdi və Şuşanın azad edilməsi tarixi Qələbəmizin zirvəsi oldu.
Bu gün ən vacib əlamətdar günlər, ən önəmli tarixlər məhz Şuşada qeyd edilir. Prezident İlham Əliyev Şuşanın xalqımız üçün tarixi əhəmiyyətini, yüksək mədəni-mənəvi dəyərini nəzərə alaraq yanvarın 5-də Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda qeyd olunur: “Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır”.
Əslində “Şuşa İli” elan olunması barədə Prezidentimizin bu Sərəncamını onun 2021-ci ilin may ayının 7-də Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi barədə imzaladığı Sərəncamın məntiqi davamı kimi dəyərləndirə bilərik.
22 aprel 2022-ci il tarixində dünyanın 65 ölkəsindən 400 nəfərə yaxın diaspor nümayəndəsinin iştirakı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V qurultayı eyni zamanda Zəfər Qurultayı adlandırıldı. Tədbirdə Prezident İlham Əliyevin söylədiyi nitqində verdiyi mesajlar dünya mətbuatının diqqət mərkəzində dayandı. Qurultayda Azərbaycan diasporu qarşısında yeni vəzifələr qoyuldu, xaricdəki azərbaycanlılarının növbəti beş ildə fəaliyyəti üçün Yol xəritəsi müəyyənləşdirildi, Azərbaycan Prezidenti tərəfindən Ermənistana və onun himayədarlarına mühüm mesajlar verildi. Prezident İlham Əliyevin “Biz təkcə dünya erməniliyi ilə müharibə aparmamışıq, biz Ermənistanın himayədarları ilə müharibə aparmışıq və bu müharibədə Qələbə qazanmışıq” kimi fikirləri bır sıra dairələrin, xüsusilə də 35-40 milyon nəfərə yaxın soydaşımızın yaşadığı qonşu İranda fars şovinizmi ideyasının yayılıb möhkəmlənməsinə, şahdan miras qalan azərbaycanlılara qarşı ayrı-seçkilik siyasətinin davamçıları və təbliğatçıları olan qrupların, eləcə də hakimiyyətdə təmsil olunan anti-azərbaycan yönümlü siyasət yürüdən dövlət məmurlarının diqqətini xüsusi olaraq çəkdi, hətta onların ciddi narahatçılığına belə səbəb oldu.
Qafqaz məsələləri üzrə iranlı ekspert Salar Seyfəddini Dünya Azərbaycanlılarının Şuşada keçiriləcək qurultayını İrana qarşı müharibə elanı və təxribat adlandırdı. O, özünün şəxsi Twitter hesabında yazıb ki, bu tədbirin Qarabağda “Dünya Azəriləri Konqresi” adı altında keçirilməsi İrana açıq mesajdır, İran millətinə qarşı müharibə elanı və sərhəd divarında təxribat deməkdir. İranın Ana yasasına görə, Xarici İşlər Nazirliyinin vəzifəsi ölkənin ərazi bütövlüyünü müdafiə etməkdir. Əks halda ordu müdaxilə etməlidir” (https://konkret.az/susa-qurultayi-irana-qarsi-texribat-ve-muharibe-elanidir-ordu-mudaxile-etmelidir-iranli-ekspertden-kritik-aciqlama-fotofakt/).
Salar Seyfəddinin Dünya Azərbaycanlılarının Şuşada keçiriləcək qurultayını İrana qarşı açıq təhdid və təxribat adlandırması sözsüz ki, birmənalı qarşılanmadı. Azərbaycanın öz torpağında qurultay keçirməsindən rəsmi Tehranın hansı səbəblərdən narahat olduğu isə anlaşılan deyil və böyük sual altındadır. Beynəlxalq münasibətlər üzrə azərbaycanlı ekspert Əziz Əlibəylinin sözlərinə görə, İranın Şuşada keçirilən “Zəfər” Qurultayından ciddi bir narahatçılığı olmamalıdır. Belə ki, Azərbaycan heç vaxt İranın ərazi bütövlüyünə qəsd edəcək addım atmayıb və bu yöndə açıqlama verməyib. Ən azından İran Bloklara Qoşulmama Hərəkatının üzvü və rəhbəri olan Azərbaycana buna görə təşəkkür etməli və onun bu mövqeyini qiymətləndirməlidır. Və nəhayət Şuşa Azərbaycanın əbədi və əzəli torpağıdır. Şuşanın işğaldan azad edilməsi Azərbaycan xalqının özünü yenidən tanıması, torpaqlarına qayıtması və azad olması istiqamətində ciddi bir başlanğıcdır. Bu da İranı bizə qarşı qıcıqlandıran amillərdəndir. “Sepah” və digər bu kimi mərkəzlərə bağlı qüvvələr tərəfindən nümayiş etdirilən narahatlıq və nigarançılıq İran rəsmilərinin düşüncələrində Azərbaycana qarşı böyük qısqanclıq hissinin olduğunu göstərir. Onların qorxusu da məhz Qarabağdakı müharibənin qələbə ilə nəticələnməsi, bütün dünya azərbaycanlılarını bir yumruq kimi birləşdirməsi, eyni zamanda vahid qalib azərbaycanlı simasını bərpa etməsi ilə bağlıdır. Ekspert Ə.Əlibəylinin sözlərinə görə, Azərbaycanın öz gücünü müharibədə deyil, sülhü yaymaq üçün istifadə etməsi İranı ciddi şəkildə narahat edir. İşğaldan azad edilən ərazilərdə anti-İran fəaliyyətinin baş verəcəyi ehtimalı üzərində öz ağıllarına uyğun proqnozlar verməyə başlayırlar (https://konkret.az/azerbaycanin-susada-qurultay-kecirmesi-irani-niye-narahat-edir-ilginc-aciqlama/).
Prezident İlham Əliyevin 2022-ci il aprelin 29-da ADA Universitetindəki “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfrans iştirakçıları ilə görüşü zamanı Tehrandakı Mərkəzi Asiya və Qafqaz Araşdırmaları Mərkəzinin baş elmi işçisi, doktor Vəli Kaleci Şuşada keçirilmiş Dünya Azərbaycanlılarının V Qurultayı zamanı tədbirdə çıxış edən bəzi iranlı azərbaycanlılar tərəfindən bütöv Azərbaycanı formalaşdırmaq, Araz çayının iki hissəsini birləşdirmək kimi ideyaların səsləndirilməsinə, həmin sözlərin İranın şimal-qərb hissəsində, Azərbaycan bölgələrində separatizmə, İranın ərazi bütövlüyü və milli təhlükəsizliyinə qarşı çıxışlara səbəb olmasına işarə etmişdir. V.Kaleci Azərbaycan Respublikası Prezidentinin tam açıq və aydın, amma çox qətiyyətli cavabı ilə qarşılaşmışdır. Prezident həmin cavabında demişdir: “Hər iki ölkənin ərazi bütövlüyü ilə bağlı bizim hökumətimizin və İran hökumətinin mövqeyi yaxşı məlumdur və sual doğurmur. Dəfələrlə biz və bizim iranlı həmkarlarımız bunu ictimai şəkildə bəyan etmişik. Azərbaycan azad ölkədir və hər kəs – bizim vətəndaşlar və əcnəbi vətəndaşlar istədiyini söyləyə bilər. Əlbəttə, bunun bizim qanunvericiliklə ziddiyyət təşkil etməməsi şərti ilə. Şuşa açıq şəhərdir, oraya minlərlə insan gəlir və iradəsini ifadə edir. Azərbaycan tərəfindən təşkil edilmiş tədbirdə hər hansı şəxsin iştirakı belə bir reaksiyaya səbəb olmamalıdır. İstər Azərbaycan, istərsə də İran rəsmilərinin bəyanatlarında mənim dediklərim yer alır. Ərazi bütövlüyü qırmızı xətdir. Bizim ərazi bütövlüyümüz hər zaman Ermənistan tərəfindən şübhə altına alınırdı. Hesab edirəm ki, biz diqqətimizi bura yönəltməli və Azərbaycana heç bir aidiyyəti olmayan ifadələrə əhəmiyyət verməməliyik” (https://www.gununsesi.info/ilham-%C9%99liyevd%C9%99n-iranli-alim%C9%99-s%C9%99rt-cavab/).
2021-ci ilin noyabr ayında Tehran meriyası müvafiq qərarla şəhərdəki bir sıra küçələrə Azərbaycanın şəhər adlarının təhrif edilmiş formasını verib. Bunu Azərbaycanın İrandakı səfiri Əli Əlizadə İranın “IRIB” xəbər agentliyinə müsahibəsində bu ölkədə küçələrdən birinə “Şuşi” adının verilməsinə münasibət bildirərkən söyləyib və vurğulayıb ki, “bu cür yanlışlıqlara yol verilməsi mənfi presedent yarada bilər. Gərək bunlara diqqət edib həssas məsələlərdə bir-birilərimizin fikirlərini nəzərə alaq”. Mövzu ilə bağlı “Şərq.az”a açıqlama verən Güney Azərbaycan Demokratik Türk Birliyinin rəhbəri Əjdər Tağızadə isə bildirib ki, Azərbaycan müstəqil olandan sonra bir çox ölkələr onun suverenliyini qəbul etdiyi halda, İran son zamanlara qədər rəsmi yazışmalarda “Azərbaycan Cümhuriyyəti” ifadəsini işlətmirdi. Bu adın qondarma olduğunu və türklərdən oğurlandığını deyirdi. Onlar Azərbaycan adlı bir dövlətin olmasına həmişə qarşı olublar. Qorxuları Güney Azərbaycandakı 40 milyon türklə bağlıdır (https://sherg.az/siyaset/188848).
Azərbaycan Respublikasındakı kütləvi informasiya vasitələrində bu təhriflərlə bağlı yetərincə əsaslı və elmi cavablar ortaya qoyulub. “Şuşa” sözünü “Şuşi” kimi təqdim edən iranlı yazarlara onların öz tarixi mənbələri ilə cavab verilib və İranda mühüm tarix kitablarından biri hesab edilən, Həsən Pirniya, Seyid Məhəmməd Bessam və Abbas İqbal Aştiyaninin həmmüəllifliyi ilə yazılan “İranın kamil tarixi” kitabının “Qacarlar sülaləsi” adlanan 17-ci fəslində Şuşa adına dəfələrlə rast gəlindiyi qeyd edilib (http://pia.az/amp/?id=451936).
İranı narahat edən məsələlər sırasında 15 iyun 2021-ci il tarixli Şuşa bəyannaməsi də var. Şuşa Bəyannaməsinin imzalanması dost ölkələri sevindirdiyi halda, ölkəmizin güclənməsini gözü götürməyən, ermənilərə havadarlıq edən dövlətləri məyus etdi, onlar üçün çox ciddi narahatlıq yaratdı. Şuşa Bəyannaməsi Qarabağ məsələsinin başa çatdığını, münaqişənin tamamilə həll olunduğunu qətiləşdirildi (https://www.fhn.gov.az/newspaper/?az/news/view/9550).
Şuşa bəyanatı” ilə təsdiqləndi ki, torpaqlarımıza hücum olarsa, Türkiyə bizi qeyd-şərtsiz dəstəkləyəcək. Müəyyən ziddiyətlərin olmasına baxmayaraq, ortaq maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətləri qarşılıqlı əlaqələndirmək məqsədilə “Altılıq platforması” çərçivəsində Rusiya və İran da əməkdaşlığa dəvət olundular (https://sherg.az/musahibe/165891). Nəticədə, Şuşa bəyanatı kiminsə, o cümlədən Rusiyanın, İranın və ya Ermənistanın əleyhinə deyil, regionda sülhün və sabitliyin təmin edilməsi naminə qarşılıqlı əməkdaşlıq məsələlərini təsbit edən etibarlı və əsaslı bir sənəddir.
Azərbaycan-İran münasibətlərində Şuşa qalasının çox mühüm əhəmiyyət kəsb etməsini dəyərləndirmək üçün burada qısa bir tarixi arayış təqdim etmək yerinə düşərdi.
Şuşa İran şahları tərəfindən dəfələrlə mühasirəyə alınmışdır. Belə ki, Şuşa qalası İran şahları üşün strateji əhəmiyyətə malik olmuşdur. Ağa Məhəmməd şah Qacarın da başı bu qalada kəsildi. Amma 28 il yarım erməni işğalı altında olan Şuşaya İran nədənsə lazım olan qədər diqqət yetirmədi, onun tarixi, mədəni, dini və strateji mövqeyi onlar üçün bir əhəmiyyət kəsb etmədi, yalnız şəhərdəki bir məscidi fars məscidi deyə təmir etməklə kifayətləndilər. Halbuki, bu qalaya bir farsın ayağı belə dəyməmişdi.
Səfəvilər dövlətinə məxsus olan böyük ərazilərin demək olar ki, hər qarışını öz qılıncının gücünə geri qaytarmış Nadir Əfşar 1736-cı ildə yaranmış tarixi fürsətdən istifadə edərək şahlıq taxtına əyləşir və köhnə bəylərbəylikləri ləğv edərək Azərbaycan adı altında vahid inzibati ərazi yaradaraq, qardaşı İbrahimi də oraya hakim təyin edir (Mehman Süleymanov. Nadir şah. Qum, İran, “Neqar əndişe”, 2009, s.293-294). Təəssüf ki, 1747-ci il mayın 9-da saray çevrilişi nəticəsində Nadir şah öldürüldükdən sonra onun qurduğu dövlət tamamı ilə dağılır, Azərbaycan da feodal xanlıqlar arasında parçalanır.
Əsası Pənah Əli xan tərəfindən qoyulmuş Qarabağ xanlığı XVIII əsrin ikinci yarısında xeyli qüvvətlənmişdi. Pənah Əli Qarabağda köçəri həyat keçirən cavanşirlər tayfasına məxsus olan Sarıcalı kəndindən idi. … Nadir şahın ölümündən sonra Pənah Əli tez bir zamanda Qarabağda öz hakimiyyətini qura bilmişdi. Qarabağ xanlığının möhkəmləndirilməsi uğrunda mübarizədə Pənah Əli xan cavanşirlər, otuzikilər və s. tayfaların köməyindən geniş istifadə edirdi. Bu tayfaların xeyli hissəsi hələ Nadir şah tərəfindən Xorasana köçürülmüş, lakin XVIII əsrin 50-ci illərinin əvvəllərində vətənə qayıtmışdı (Azərbaycan tarixi. 1-ci cild (ən qədim zamanlardan Azərbaycanın Rusiyaya ilhaqına qədər), Azərbaycan SSR EA Nəşriyyatı, Bakı, 1961, s.359).
Qarabağ xanlığını İran və ona düşmən olan yerli feodalların basqınlarından müdafiə etmək üçün Pənah Əli 1748-ci ildə Kəbirli mahalında Bayat qalasını tikdirdi və bütün ailəsini, Qarabağ əyanlarını qalaya köçürdü. Ətraf kəndlərin əhalisi, habelə Təbriz və Ərdəbildən gələn çoxlu sənətkarlar da burada yerləşdirildi (Azərbaycan tarixi. 1-ci cild (ən qədim zamanlardan Azərbaycanın Rusiyaya ilhaqına qədər), Azərbaycan SSR EA Nəşriyyatı, Bakı, 1961, s.360). Pənah Əli xan gələcəkdə də öz düşmənlərinə qarşı dura bilmək üçün 1751-1752-ci illərdə Ağdam yaxınlığında Şahbulaqda ikinci bir qala tikdirdi. Bununla belə, Məhəmməd Həsən Qacarın Mazandaran və Azərbaycanın cənub vilayətlərini zəbt etməsi xəbərini alan Pənah Əli xan onunla toqquşmanın labüd olduğunu hiss edərək, alınmaz bir qala tuikdirməyi qərara aldı. Bu qalanın tikilməsi hər şeydən əvvəl İran tərəfdən əmələ gələn hücum təhlükəsi ilə əlaqədar idi. 1750-ci ildə vaxtilə monqollar tərəfindən dağıdılmış Şuşakənddən bir qədər aralı yerdə hündür yalçın qayalı bir dağ üstündə qalanın inşasına başlandı. Qarabağ tarixçisi Mir Mehdi Xəzani Pənahabadın tezliklə o dövrün böyük bir şəhərinə çevrildiyini göstərir. Şahbulaq qalasında yaşayan bütün rəiyyət, əyanların, məmurların və bir para kəndxudaların ailələri buraya köçürüldü (Azərbaycan tarixi. 1-ci cild (ən qədim zamanlardan Azərbaycanın Rusiyaya ilhaqına qədər), Azərbaycan SSR EA Nəşriyyatı, Bakı, 1961, s.361). Şuşa Azərbaycanın təkcə siyasi, iqtisadi və mədəniyyət mərkəzlərindən birinə deyil, həm də onun azadlıq və istiqlaliyyət rəmzinə çevrildi (Azərbaycan tarixi (uzaq keçmişdən 1870-ci illərə qədər), “Azərbaycan” nəşriyyatı, Bakı, 1996, s.523).
Məhəmməd Həsən xan Qacarın qoşunu 1752-ci ildə Qarabağa basqın etdi, Şuşadan bir bir qədər aralı yerdə düşərgə saldı və bir aya qədər orada qaldı. Lakin bu qədər çoxlu qoşun ilə qalaya hətta yaxınlaşa bilmədi. Məhəmməd Həsən xan İranda Kərim xan Zəndin ona qarşı çıxması haqqında xəbər alıb, tələsik Şuşadan çəkildi.
1756-cı ildə Şuşa üzərinə urmiyalı Fərəli xan Əfşar hücum etdi. Lakin o da öz məqsədinə nail ola bilmədi.
XVIII əsrin 50-ci illərinin sonlarında Kərim xan Zənd Qarabağ xanlığını hədələməyə başladı. O, hiylə yolu ilə (“Şiraz qonaqlığı”na dəvət etməklə) Pənah Əli xanı öz yanına çağırdı və ömrünün sonuna kimi onu əsir saxladı. Lakin Kərim xan Qarabağı tabe edə bilmədi. Pənah Əli xan öləndəön sonra onun oğlu İbrahim Xəlil xan (1759 – 1806) Qarabağ hakimi oldu.
Qacarlar Quzey Azərbaycanı tabe etmək üçün geniş təbliğat işi aparır, sülh yolu ilə xanları tabe etməyə çalışırdı. 1795-ci ilin iyunun axırlarında Şuşa Ağa Məhəmməd şah Qacarın qoşunları tərəfindən mühasirəyə alındı. Qalaya edilən hər bir hücum dəf olunurdu. Şuşa qalasını 33 gün mühasirədə saxladıqdan sonra məqsədinə nail ola bilməyən Qacar 1795-ci ilin avqustunda Şuşadan Gürcüstana yola düşdü. 1796-cı ilin avqustunda Şuşa qalasını yenidən ələ keçirmək üçün Qacar tərəfindən hərbi dəstə göndərilmiş, lakin İbrahim xan tərəfindən dəf edilmişdi. Fransız tədqiqatçısı Jan Küre İbrahim xanın Qacara möhkəm müqavimət göstərdiyini, lakin onun nəticəsiz qaldığına əmin olduqdan sonra Şuşanı tərk edərək Cara getdiyini göstərir. Bunu eşidən Qacar Şuşaya gəlir, İbrahim xanın böyük oğlu Məhəmməd Həsən ağanın evində yerləşir. Belə bir fikir var ki, o, İbrahim xanın qardaşı oğlu Məhəmməd bəyi Qarabağa, Sərdar Əliqulu xanı Şirvana hakim təyin edir. Aga Məhəmməd xanı müdafiə edən Quba və digər xanlıqlar üstünlüyü ələ alır. Gəncəli Cavad xan və bakılı Hüseynqulu xan Şuşada həbs edilirlər. İbrahim xanın vəziri Vaqif də zindana salınır. Belə bir şəraitdə Ağa Məhəmməd şaha sui-qəsd edilir (Azərbaycan tarixi (uzaq keçmişdən 1870-ci illərə qədər), “Azərbaycan” nəşriyyatı, Bakı, 1996, s.555). Ağa Məhəmməd şahın qətli əslində siyasi səciyyə daşıyırdı. Sui-qəsdin həyata keçirilməsində Batmanqılıc ayaması almış Məhəmməd bəy mühüm rola malik olmuşdur. Ağa Məhəmməd şah öldürüldükdən sonra Məhəmməd bəy Şuşada hakimiyyəti İbrahim xana vermək əvəzinə, xanlığın idarəsini öz əlinə almağa, hakimiyyətini möhkəmləndirmək üçün İbrahim xanın yaxın adamlarını öldürməyə başlayır. Vaqif də belə məsuliyyətsiz hökmün qurbanı olur. O, oğlu ilə birlikdə öldürülür. Az bir müddətdən sonra İbrahim xan Şuşaya qayıtmağa və hakimiyyəti ələ almağa nail olur (Azərbaycan tarixi (uzaq keçmişdən 1870-ci illərə qədər), “Azərbaycan” nəşriyyatı, Bakı, 1996, s.556).
Şərhlər bağlıdır.