EKSPERT AYDINLAŞDIRIR:
ƏLİ ŞAMXANININ TUTDUĞU VƏZİFƏ AZƏRBAYCAN TƏRƏFİNİN İRAD VƏ SUALLARINA CAVAB VERMƏSİNƏ İMKAN VERƏCƏK
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi və İran Ali Rəhbərinin nümayəndəsi Əli Şəmxani Azərbaycana səfər edəcək. Onun səfəri iyulun 15-də baş tutacaq.
Xatırladaq ki, Əli Şəmxani bundan əvvəl İrəvanda olub və bir sıra görüşlər keçirib.
Əli Şəmxaninin İrəvan və Bakı səfərlərini şərh edən Orta Doğu Araşdırma Mərkəzinin rəhbəri Sədrəddin Soltan qeyd edib ki, bildiyiniz kimi Əli Şamxani İrəvanda Azərbaycanın və Ermənistanın ərazi bütövlüyü məsələsini vurğulayıb:
“Hesab edirəm ki, İrəvanda keçirilmiş görüş və Azərbaycanda baş tutacaq görüş regional əlaqələrin inkişafına hesablanıb. Habelə 3+3 formatı üçün hazırlıqdır. Ola bilsin bu formata Rusiya ilə yanaşı İran da ev sahibliyi etmək iddiasında olsun. Çünki İran özünü regional güclərdən sayır və hesab edir ki, regionda baş verənlərdə maraqları təmin olunmalıdır”.
Sədrəddin Soltan hesab edir ki, Zəngəzur dəhlizinin açılması məsələsi perspektivdə İranın da marağında olacaq məsələlərdəndir:
“Odur ki, Əli Şamxaninin Azərbaycanda keçirəcəyi görüşlərdə ikitərəfli və regional əməkdaşlığa dair məsələlərin müzakirə olunacağı, habelə energetika sahəsində Azərbaycanla İran arasında əməkdaşlığa nəzər yetiriləcək. Çünki Əli Şamxani həm Təhlükəsizlik Şurasının katibi həm də İranın Ali Rəhbəri Seyid Əli Xamneyinin xüsusi elçisidir. Əli Şamxaninin tutduğu vəzifə Azərbaycan tərəfinin irad və suallarına cavab verməsinə imkan verəcək”.
Bəxtiyar CƏFƏRLİ
Şərhlər bağlıdır.