Azərbaycan Milli Müəssisan Məclisinin (Azərbaycan Xalq Konqresinin) qərarları

GADTB: Çərşənbə axşamı günü, 1945-ci il noyabr ayının 20-də Azərbaycan xalqının böyük Xalq Konqresi cənab Pişəvərinin ümumi vəziyyət haqqında verdiyi məlumatı müzakirə etdikdən sonra aşağıdakı qərarı yekdilliklə ilə qəbul etdi:

1- Böyük demokratik millətlərin fədakarlığı nəticəsində diktatorluq, zorakılıq və irqi üstünlüyü təbliğ edən qüvvələrin əbədi olaraq yıxıldığı ölkələrdə bütün millətlərə özünü idarə etmək, öz müqəddəratına hakim olmaq imkanı yarandığı bir zamanda Azərbaycan xalqı tam mənası ilə bir millət kimi ayağa qalxıb öz təbii və qanuni haqqına özünün gücü ilə malik olmaq istəyir.

2- Xalqımız anlaşılmazlığa və töhmətlərə yol verməmək üçün öz müqəddəratını ələ aldığı halda, ölkəmizin İrandan ayrılmamağını elan edir və bütün İran xalqları ilə qardaşlığını hifz etməyi özünə vəzifə bilir.

3- Milli konqres (Xalq Konqresi) azadlıq düşmənlərinin iftira və böhtanlarının indidən qabağını almaq üçün açıq və aydın surətdə Azərbaycanın Irandan ayrılması və onun ayrı məmləkətə ilhaqı (birləşməsi) barədə məlumatları ciddi surətdə təkzib edir.

4- Azərbaycan xalqı məşrutə (konstitusion) üsuluna sadiq qalıb Əsas Qanunun (Konstitusiyanın) demokratik üsullarını icra etməyə çalışacaqdır.

5- Bütün Məşrutə (Konstitusiya) qanunlarına riayət etməklə bərabər Azərbaycan xalqı özünün daxili işlərini idarə və milli muxtariyyatını təmin etmək üçün Əsas Qanundan istifadə edib əyalət əncüməni təşkilatını bir qədər genişləndirib ona Milli Məclis şəkilini verir. İran daxilində İranın bütövlüyü və istiqlalına heç vəchlə xələl yetirmədən özünün Milli Hökumətini yaradır.

6- Böyük xalq mitinqlərinin qərarına görə Xalq Konqresi Azərbaycan Demokrat Firqəsinin təşəbbüsü və rəhbərliyi ilə Milli Məclis (Azərbaycan parlamenti nəzərdə tutulur), vilayət əncümənləri (yerli idarəetmə orqanları nəzərdə tutulur) və Milli Şura Məclisi (İran parlamenti nəzərdə tutulur) seçkilərinin təcili olaraq başlamağını qərara alır.

7- Hər bir millətin öz müqəddaratına hakim olması o vaxt mümkün ola bilir ki, o millət yaşadığı ölkəni idarə etmək üçün əsas qanunlara malik ola bilsin. Biz çox yaxşı bilirik ki, Tehranda təmərküzləşmiş mürtəcelər xalqımıza bu ixtiyarı verməyəcək, əksinə olaraq özlərinin xain iradələrini bütün məmləkətə qəbul etdirmək üçün bizim qabağımıza əngəllər çıxartmaqdan çəkinməyəcəklər. Ona görə böyük konqres xalqımızın arzu və tələblərini icra etmək üçün ciddi addım atıb özünü Müəssislər Məclisi (Azərbaycan Xalq Konqresi) elan edir. Milli muxtariyyatımızı möhkəm əsas üzərində qurmaq üçün Milli Məclisləri yaradır.

8- Təbiidir ki, siyasi, milli, iqtisadi və mədəni muxtariyyata malik olmadan milli muxtariyyat boş sözdən ibarət olub qalar. Bu nöqteyi-nəzərdən Müəssislər Məclisi bir Milli Hökumət yaradılmasını və birbaşa daxili işlərimizin bu hökumət vasitəsi ilə idarə edilməsini təxirsiz bir surətdə lazım görür.

9- Milli Məclis seçkiləri qurtarıb Milli Hökumət rəsmiyyət tapan gündən konqres öz nümayəndələrindən Milli Heyət adı ilə 39 nəfərlik bir heyət seçir. Qəbul etdiyi qərarların icrasını bu müvəqqəti heyətə tapşırır.

10- Bu Milli Heyət Milli Məclis təşkil olunan günə qədər Azərbaycan xalqının milli işlərini idarə edəcək, Milli Məclis təşkil olan kimi onun vəzifəsi sona çatmış olacaqdır.

11- Mərkəzdə və şəhristanlarda (vilayətlərdə) başlanan seçkiləri təmin etmək və Milli Heyətin təhlükəsiliyini qorumaq üçün Milli Konqres (Xalq Konqresi) hər növ tədbir görməyə geniş ixtiyar verir.

12- Milli Konqres dövlət idarələrinin başında duran məmurlardan Milli Heyətə tabe olub onun göstərişlərinə və nəzarətinə itaət etməyi tələb edir və bunun xilafına rəftar edib özünü hakimi-mütləq göstərmək istəyənlərin tezliklə dövlət idarələrindən ixracını lazım görür.

13- Milli Konqres bütün dövlət mədrəsələrində (məktəblərində) Azərbaycan dilinin məcburi surətdə tədris edilməsini Milli Heyətə tapşırır və bu milli vəzifəni yerinə yetirməyə mane olanları Azərbaycan xalqının düşməni hesab edib onların irticaçı fikir və xain hərəkətlərinə mane olmaq üçün ciddi tədbirlər görsün.

14- Konqres polis, jandarm və ordu təşkilatlarının tərkibini pozmaq fikrində deyildir. Onlar öz rəsmi libas və dərəcələrini qorumaqda və vəzifələrini yerinə yetirməkdə davam edirlər. Lakin əgər onları idarə edənlərdən bizim milli muxtariyyatımızın əleyhinə bir iş baş versə, Milli Heyətə ixtiyar verilir ki, onların xəyanətlərinin qabağını almaq üçün ciddi tədbirlər görsün.

“Azərbaycan” qəzeti

Azərbaycan Demokrat Firqəsinin orqanı

25 noyabr 1945-ci il, say 63

Şərhlər bağlıdır.