Yeni rubrika: Sapı özümüzdən olan baltaları da tanıyaq

Ənvər Çingizoğlu yazır: Mehdiqulu xan Hidayət, haqq yolunu azmış adam

Yeni rubrika: Sapı özümüzdən olan baltaları da tanıyaq

Bu rubrikanı açmaq ideyasını bizə saytımızın fəal izləyicisi və müəlliflərindən olan tanınmış şərqşünas alim Ənvər Çingizoğlunun “Reytinq” qəzetində gedən “Mehdiqulu xan Hidayət: haqq yolunu azmış adam” sərlövhəli yazısı verdi. Yekunda istər-istəməz qənaətə gəldik ki, yadelli işğalçıdan yaxa qurtarmaq asandır, nəinki öz millətinə qənim kəsilənlərdən qurtulmaq. Əbəs yerə belələrini xalq arasında “sapı özümüzdən olan baltalar” – adlandırmırlar.

Şeyx Məhəmməd Xiyabani kimi müdrik şəxsi, xalq qəhrəmanını öldürməsindən, minlərin boynuna ip keçirilməsi üçün imzaladığı fərmanlardan şəstlə danışan milli qatili ona görə hamımız tanımalıyıq ki, söhbət lənətə gələndə şeytanla yanaşı onları da unutmayaq.

Sonda vurgulayaq ki, internet resurslarında cəmi 5-6 cümlə ilə səciyyələndirilən bu cəlladın sivişib tarixin yaddaşından çıxmaması üçün həmin rubrikanı açmağı özümüzə borc saydıq. Yazı müəllifinə isə ona görə minnətdarıq ki, həmin material əsl alim və tədqiqatçının gərgin axtarışlarının nəticəsidir. İstərdik oxucularımız da ibratamiz yazını mütaliə etsinlər, bunun üçün qiymətli vaxtlarından ayırsınlar.

İran məmləkətinin şəxsiyyəti ən çox mübahisə doğuran siyasətçilərdən biri də Mehdiqulu xan Hidayətdir. Xaraktercə həddən artıq qorxaq, ancaq, hiyləgər adam olan Hidayət tez bir zamanda siyasi nərdivanın ən yüksək pilləsinə ucala bilib.

Mehdiqulu xan Əliqulu xan oğlu 1863-cü ildə Tehran şəhərində anadan olub. Tarixçi, təzkirəçi, şair, “Lələbaşı” ləqəbi ilə tanınan Rzaqulu xan Hidayətin nəvəsidir.

Mehdiqulu xan ibtidai təhsilini ailədə, orta təhsilini məhəllə mədrəsəsində, ali təhsilini darülfünda alıb. Xüsusi müəllim yanında alman dilini öyrənib. Təhsilini tamamladıqdan sonra teleqrafxanada xidmət etməyə başlayıb. Sonra darülfünda alman dili müəllimi kimi çalışıb. Daha sonra Nasirəddin şahın sarayında alman dili mütərcimi olub. Şahdan sərtib (briqadir) hərbi rütbəsini alıb.

Mehdiqulu xan Hidayət sonra 600 tümən məvaciblə poçt idarəsinə göndərilib.

Mehdiqulu xan Hidayət bir müddət Müzəffərəddin mirzənin yanında, Güney Azərbaycanda poçtun və gömrüyün rəisi olub. Vəliəhd taxta əyləşəndən sonra Tehrana gəlib.

Mehdiqulu xan Hidayət 1898-ci ildə atasının vəfatından sonra, onun Müxbirüssəltənə ləqəbinə yiyələnib.

Mehdiqulu xan Hidayət yeni şahın əmri ilə dövlət məktəblərinə başçılıq edib. Şahın Avropaya 2-ci səfərində yoldaşlıq edib. Alman dili üzrə tərcümanı olub. Mirzə Ələsgər xan Atabəyi-Əzəmlə dostluğun binasını qoyub. Onu Məkkə səfərində müşaiyət edib. Bu səfərin yolu Moskvadan keçib.

Mehdiqulu xan Hidayət Məşrutə hərəkatının fəal iştirakçılarından idi. O, 17 mart 1907-ci ildən 29 aprel 1907-ci ilədək Qacarlar dövlətinin Baş naziri olub. Sultanəli xan Vəzire-Əfxəmdən sonra həmin vəzifəni icra edib.

Mehdiqulu xan Hidayət üç dəfə Güney Azərbaycanın valisi olub. Göstərdiyi fəaliyyətin “zirvəsi” Şeyx Məhəmməd Xiyabanini alçaqlıqla məhv etməsidir. O, əvvəlcə Xiyabaniyə yaxınlaşıb, Azərbaycan Demokrat Firqəsinin üzvü olub. Vəzifəsində möhkəmlənəndən sonra öz partiyasına və tərəfdaşlarına xəyanət edib.

Böyük Britaniyanın Xarici işlər naziri Lord Kerzonla razılaşdırılmış Müxbirüssəltənə Mehdiqulu xan Hidayət sentyabrın ilk günlərində vali sifətilə Təbrizə gəlib. Müxbirüssəltənə Baş nazirin məktubunu Xiyabaniya çatdırıb, onunla “danışığa” başlayıb. Danışıqlar davam etdiyi müddətdə isə o, Təbrizin kənarında düşərgə salıb və MH tərəfindən tərk-silah edilməmiş İran kazak briqadası qarnizonunun komanda heyətini öz tərəfinə çəkib. Təbrizə başqa yerlərdən də süvari dəstələri çağırılıb. MH-nin silahlı qüvvələrini Təbrizdən uzaqlaşdırmaq üçün jandarm dəstələrinin rəhbəri Mir Hüseyn Haşimi ələ alınıb. Haşimi ətrafdakı quldur dəstələri ilə mübarizə aparmaq bəhanəsi ilə MH-nin razılığını almadan silahlı qüvvələri şəhərdən çıxarıb. Sentyabrın 12-də əksinqilabi qüvvələr üsyançılar üzərinə hücuma keçiblər. (http://e-derslik.edu.az/books/272/units/unit-1/page110.xhtml) My Webpage

Seyid Cəfər Pişəvəri 1922-ci ildə yazırdı: “Müxbirüssəltənə (Mehdiqulu xan Hidayət) və Fərmanfərma (Əbdülhüseyn mirzə Fərmanfərma) İranı idarə etmək iqtidarında olduğunu fikirləşənlər, nazir və vali olub, yerli əhalinin böyüklərini oğruların əvəzində öldürərlər və yaxud pul və silah gücünə vəkil olaraq qanunverici orqanı ələ alarlar, əlbəttə, bu fikirə qarşıdırlar. Bizim onlarla işimiz yoxdur, çünki onlar bütün iranlılara zərər verirlər və elə köhnə fikirlilərin yarıtmaz idarəçiliyidir ki, ölkə fəlakətə düçar olub, nəticədə vilayətlər məcburiyyət qarşısında qalaraq birbaşa öz işləri ilə məşğul olurlar. Çünki istibdad və təzyiqin təbii nəticəsidir. Bu günün məşum siyasəti əhali arasında nəinki federasiya, hətta tam müstəqillik fikirlərini icad edir. Bu məsələni Muxbirussəltənə və digər əzan əşraf hiss eləmir. Onlar Xiyabani kimi azadlıq tələb edənləri öldürür, Qaracadağı və Bocnurdi kimi silahlı quldurları şan-şöhrətə dəvət edirlər. Onlar islahatçıları öldürür, hələ fəxr də edirlər. Amma Şahsevənlərin silahlarını toplamırlar, Semitkoya əhəmiyyət vermirlər”. (https://badkubeh.com/tarix/1488637453.131233) My Webpage


İsmayıl Şəms yazır: “Səttar xan hərəkatında əlinə tüfəng alıb mücahidlərlə çiyin-çiyinə mübarizə aparan azərbaycanlı alim, ruhani və fılosof Şeyx Məhəmməd Xiyabani Azərbaycanın inqilabi hərəkatının sonrakı mərhələsini davam etdirmişdir. O, istər İran parlamentində nümayəndə olduğu zaman, istərsə də Təbrizdə Azərbaycan Demokrat Firqəsini təşkil etdiyi zaman Çar Rusiyası ilə İngiltərə arasında bağlanmış, İranı iki nüfuz dairəsinə bölən müqavilənin və daha sonra həmin müqavilənin məzmununu daşıyan 1919-cu müqaviləsinin əleyhinə kəskin mübarizə edərək mənfur niyyətləri puça çıxarıb, o müqavilələri qəbul etmək istəyən xain İran hökuməti başçılarının xəyanətlərini ifşa etmişdir. Lakin “İran Demokrat Firqəsi”nin üzvü olan Müxbirüssəltənə Azərbaycanda olan daxili xainlərin və kazakların əlilə Xiyabanini faciəli şəkildə öldürmüşdür”. (http://www.achiq.info/m.hukumet/21%20azer%20L.pdf) My Webpage

Xiyabani Muxbirüssəltənə haqqında danışaraq dedi: “Bu vicdansız həmməsləkə, qonaqsatana mən bir çox təkliflər etdim, o qəbul etmədi. Heç vaxt inana bilməzdim ki, mənim məsləkdaşım belə bir xəyanət etsin. Azərbaycan demokratları həmişə onu müdafiə edərdi və Tehran dövləti qarşısında deyərdilər ki, qanuni hökumət istəyirsinizsə onu Azərbaycana göndərin”. (http://azadistan-xiyabani.blogspot.com/2004/06/)

Əmirəli Lahrudi yazır: “Xiyabanini qətlə yetirən Müxbirüssəltənə şura məclisində həyasızlıqla deyirdi ki, mən Şeyx Məhəmməd Xiyabanini ona görə öldürdüm ki, o, xəyanət etmək fikrində idi. Mən onu öldürməklə İrana böyük xidmət göstərdim”. (Ə. Lahrudi, 21 Azər, “Mühacir” qəzeti 6 dekabr 1995-ci il.)

Bu misal onu göstərir ki, Mehdiqulu xan Hidayət heç zaman əqidə adamı olmayıb. Səbəblər məlumdur. Ona vəzifə, məqam, maddiyyat lazım idi.

Mehdiqulu xan Hidayət inanırdı ki, həmin şəraitdə daxili siyasət və təhlükəsizliyin təmin edilməsi, ilk növbədə, qüvvələr balansı və etibarlı müdafiə sistemi yaratmaq milli mənafeləri qorumaq deməkdir. Bu mürəkkəb məsələnin həlli üçün əqidə sonuncu yerdə dayanırdı. Bu baxımdan, tale Mehdiqulu xan Hidayət üçün gözəl gələcək hazırlamışdı: yüksək məqam.

Mehdiqulu xan Hidayət Qacarlar dövlətindən sonra Pəhləvilər sülaləsinə də sidq ürəkdən xidmət edib.

Mehdiqulu xan Hidayət 25 aprel 1927-ci ildən 2 iyun 1927-ci ilədək Pəhləvilər dövlətinin Ədliyyə naziri olub.

Mehdiqulu xan Hidayət 2 iyun 1927-ci ildən 18 sentyabr 1833-cü ilədək Pəhləvilər dövlətinin Baş naziri vəzifəsini icra edib.

Mehdiqulu xan Hidayət hiyləgər bir siyasətçi idi. Daxili sabitlik, iqtisadi inkişaf, davamlı ictimai-siyasi nizam onun əsas prinsiplərindən idi.

Mehdiqulu xan Hidayət ziddiyyətli bir yol seçib. Yaxşı siyasətçi olmağın meyarları və izahı müxtəlifdir. Bütün bu proseslərdə danılmaz və ümumi olan bir cəhət var. O, idarə etməyi bacarırdı.

Dünya tarixinin təcrübəsi göstərir ki, böyük siyasətçilərin ideyaları cəmiyyətdə baş verən hadisələrə çox ciddi təsir göstərir. Bu ayaqdan Mehdiqulu xan Hidayətin dünyagörüşü, həyat təcrübəsi və siyasi iradəsi inkişaf strategiyasının xüsusiyyətlərini şərtləndirir, ən çətin məqamlarda optimal seçimlər etməyə imkan verirdi.

Müxbirüssəltənə Mehdiqulu xan Hidayət 1904-cü ildə Hacc səfərinə həsr etdiyi “Səfərnameyi Məkkeyi-müəzzəmə” adlı əsəri var. (Barzegar, Ali (1987). “Mehdi Qoli Hedayat: a conservative of the late Qajar Era”. Iranian Studies. Cild 20. ss. 55-76.)

Mehdiqulu xan Hidayət 28 yanvar 1955-ci ildə vəfat edib.

Mehdiqulu xan Hidayət əmisi Cəfərqulu xanın qızı Nairülmülk xanım ilə ailə qurmuşdu. Nəsrulla xan, Yəhya xan adlı oğlanları vardı.

Onun İran üçün gördüyü, sadalanması mümkün olmayan başqa neçə-neçə tarixi xidmətləri, əməlləri var.

 

Şərhlər bağlıdır.