NİGAHBAN ŞURASI YENƏ SEÇİCİLƏRİN İŞİNİ “ASANLAŞDIRDI”

CƏMİ 7 NƏFƏRİN SƏLAHİYYƏTİ TƏSDİQİNƏ BAXILACAQ

İran Konstitusiyasına Nəzarət Şurası (Şurayi Nigahban) sözçüsü Əbbasəli Kədxodayi 13-cü prezident seçkilərinə səlahiyyəti çatan yeddi namizədin adı qeyd olunmuş məktubun Daxili İşlər Nazirliyinə göndərildiyini bildirib. Yəni iyunun 18-də seçki qutularına yanaşacaq seçicilərin yenə işi asanlaşdırılıb. Bildiyiniz kimi, iddialıların sayı isə yüzlərlədir. Burada deyiblər ki, sən saydığına nə verirlər, gör Nəzarət Şurası necə sayır.

Azerbaycan-ruznamesi.org İranın “Səhər Azəri” Agentliyinə istinadən bildirir ki, Ə.Kədxodayi prezident seçkilərinə qatılmaq istəyən iddialıların səlahiyyətinin araşdırılmasın bazar ertəsi günü Nigəhban Şurasında başa çatdığını qeyd edib.

O vurğulayıb ki, şuranın üzvləri bazar ertəsi günü bəzi iddialılar barədə qaranlıq cəhətlərə aydınlıq gətirmək üçün onları çağıraraq izahatlarını dinləniyib.

Dünən gecə yerli mediada gedən xəbərə görə, Seyyed Ebrahim Rəisi, Əlireza Zakani, Mohsen Rezayi, Mohsen Mehrəlizadeh, Səid Cəlili, Əbdonnaser Hemməti və Seyyed Əmir Hoseyn Qazizadənin səlahiyyətləri Nigəhban Şurası tərəfindən təsdiq olunub.

Bu siyahı təsdiqlənərsə keçmiş parlament sədri Əli Laricani, birinci vitse-prezident Eshaq Cəhangiri, məclis üzvü Məsud Pezeşkiyan, kooperasiya, əmək və sosial rifah naziri Mohəmməd Şəriətmədari, Xatəmulənbiyanini Qərargahının keçmiş komandanı Səid Mohəmmədini orada görməyəcəyik.

13-cü prezident seçkiləri qarşıdan gələn iyun ayının 18-də keçiriləcək.

İranın “Fars” agentliyi isə ötən gecə sabiq spiker Əli Laricani, sabiq prezident Mahmud Əhmədinejad və digər bir çox tanınmış simanın namizədliyinin təsdiqlənmədiyini mənbəyə istinadla yayımlayıb. Agentlik Məhkəmə Sisteminin sədri İbrahim Rəisinin, sabiq SEPAH komandiri Möhsin Rzayinin, Ali Təhlükəsizlik Şurasının üzvi Səid Cəlilinin və daha bir neçə  nəfərin səlahiyyətinin təsdiqləndiyi haqqında məlumat yayıb. DİN yayılanan xəbəri təkzib edərək, yalnız Nazirliyin açıqlayacağı siyahının düzgün olduğunu bəyan edib.

Xatırladaq ki, mayın 28-də seçkiqabağı təbliğat kampaniyası başlayacaq və iyunun 16-dək davam edəcək.

Şərhlər bağlıdır.