Qəzza-İsrail arasında 12 günlük (10-21 may 2021) raket-avia müharibəsi İranda nəinki günbəgün, saatbasaat hətta, dəqiqəbədəqiqə izlənir və hesabat dərc olunurdu. İran Fələstində əsas dayağı və yetirməsinin raket atışlarını, İsrailə vurulan maddi və insani xəsarəti böyük vəcdlə qarşılayır, öldürülən israillilərin sayını elan edir və özünün Fələstin siyasətinin doğru olduğuna inanmağa çalışırdı.
Qəzza liderləri və komandirləri İranın rəhbərinə və digər rəsmilərinə məktublar yazaraq siyasi və mənəvi və digər dəstək istəyirdilər.
İki tərəf arasında atəşkəs qüvvəyə mindikdən (22 may) sonra SEPAH komandirlərinin Fələstinin Qəzza zolağında hakim olan HƏMAS və İslami Cihad təşkilatlarının rəhbərlərinə və hərbçilərinə təbriklər göndərirdilər. Təbriklərə cavab verən rəsmilər və komandirlər İranı öz “qələbə”lərinin şəriki hesab edir və Sepaha münaqişədən əvvəl Qəzza döyüşçülərinə təlim keçdiklərinə, maddi, silah və s. sahədə yardımlarına görə təşəkkürlərini ifadə edirdilər.
Amma Fələstin xalqının rəsmi dövləti və mərkəzi Ramallahda olan Fələstin administrasiyasının İranın Fələstin xalqını parçalamağa və həmin vasitə ilə Fələstində nüfuzu və təsirini artırmağa yönəlmiş siyasətinə münasibəti kəskin mənfidir. Fələstin Administrasiasının sözçüsü Nəbil Əburdine Livan informasiya kanallarından birinə verdiyi müsahibədə həmin münasibəti aşkar şəkildə bəyan etmişdir. Sözçü o cümlədən demişdir ki, İran Fələstinə yardım etmək istəyirsə, Ramallah vasitəsi ilə etsin, nəinki Qəzzada HƏMAS, İslami cihad təşkilatlarına yardım etsin. Qəzzadan atılan raketlərə görə İrana təşəkkür etmirsinizmi, sualına cavabında demişdir: “Kim ki, bizimlə qarşılqlı əlaqə qurmayır, biz də qətiyyən ona təşəkkür etmirik. Biz İran və ya qeyri İrandan bir riyal belə yardım almamışıq”. O qeyd etmişdir ki, Fələstinə yardım etmək istəyənlər üçün ünvan məlumdur: Fələstin administrasiyası və Fələstin Azadlıq Təşkilatı. Yardım rəsmi və qanuni olmalı, nəinki gizli və Fələstin xalqına xidmət etməməli.
HƏMASı müdafiə Fələstini müdafiə etmək deyilmi, sualına cavab verərəkən, bildirib ki, HƏMASı müdafiə qətiyyən Fələstini müdafiə deyil, 100 faiz belə deyil.
Sözçü İranın adını çəkmədən onun müxtəlif təşkilat və qruplara gizli yardımlarından danışaraq, bir neçə ölkəni misal gətirib. “Heç bir dövlət onun ərazisində kimlərəsə -partiyalara və qruplara, pul verilməsinə razı ola bilməz” deyən sözçü əlavə edib ki, Suriyada kimlərəsə pullar verildi və ölkə yanğına düçar oldu. İraqda verilən pullar ölkəni viran etdi, çünki həmin pullar ölkənin taleyi ilə oynayanlara verilirdi.
Nəbil bir daha vurğulamışdır ki, istənilən yardım açıq və rəsmi qaydada və səviyyədə olmalıdır.
Qısa icmalı verilən bu müsahibə aydın şəkildə göstərir ki, ərəblər İranın öz ərəb “qardaşları”na və digər müsəlmanlara yardımlarının arxasında hansı ekspansionist və hegemonluq məqsədlərinin durduğunu yaxşı bilirlər. Ona görə belə qərəzli və milli birliyi pozmağa yönəlmiş yardım üçün heç bir ərəb ölkəsi İrana sağol deyə bilməz.
İranın indi yaratdığı və ərəbləri ərəblərə qarşı qoyan “müqavimət oxu” adlı koalisiya orta və uzun vədədə İranın əleyhinə çevriləcək bir qüvvə olacaqdır. İranın yaxın vədədə uğurları son nəticədə onun məğlubiyyətinə çevriləcəkdir. Bunu, bu gün Fələstin administrasiyasının mətbuat xidmətinin rəisi aydın şəkildə bəyan etmişdir.
Şərhlər bağlıdır.