PƏNCŞİRDƏ TARİX TƏKRARLANA BİLƏR

XARİCDƏN DƏSTƏK OLSA...

“Taliban” hərəkatının ildırım sürəti ilə Əfqanıstanın 34 əyalətindən 33-nü və paytaxt Kabili tutmasından sonra belə görünür ki, 150 ildir imperiyalarla döyüşən bu ölkədə kartlar yenidən qarışa və tarix təkrarlana bilər. Azerbaycan-ruznamesi.org virtualaz.orga istinadən xəbər verir ki, səbəb budur həmin geriyə qalan bir əyalət-Pəncşir dərəsi “Taliban”a tabe olmur. Xəbər verildiyi kimi, əfsanəvi səhra komandiri Əhməd şah Məsudun dəliqanlı oğlu Əhməd Məsud öz tərəfdarları ilə bu  vadiyə çəkilib. “Taliban”a tabe olmayacağını bəyan edib və yeni silahlı müqavimət hərəkatı formalaşdırır.

Əfqanıstanın vitse-prezidenti Əmrulla Saleh (prezident Əşrəf Qəni ölkədən qaçandan sonra o, konstitusiyaya əsasən özünün qanuni prezident elan edib, əgər Əfqanıstan konstitusiyası işləsəydi Saleh həqiqətən qanuni prezident hesab edilməlidir, – müəl.), keçmiş müdafiə naziri Bismillah Məhəmmədi, özbək əsilli digər əfsanəvi səhra komandiri, marşal Rəşid Dostum və onun oğlu, habelə Əfqanıstan ordusunun “Taliban”a təslim olmayan bəzi bölmələri öz silah və texnikaları ilə Pəncşir vadisinə çəkiliblər. Əhməd Məsud bir sıra qərb nəşrlərində, o cümlədən “The Washington Post” qəzetində dərc edilmiş məqaləsində Pəncşir vadisini azadlıq uğrunda mübarizənin yeni mərkəzi elan edib və Qərb ölkələrindən onlara silah dəstəyi verməyi xahiş edib.

“Taliban” isə dünənə qədər Pəncşir vadisi ilə bağlı məsələni danışıqlar yolu ilə nizamlamağa çalışırdı və bu məqsədlə keçmiş prezident Həmid Karzay, milli barışıq məsələləri üzrə xüsusi nümayəndə Abdulla Abdulla Məsudla danışıqlar aparmaq üçün vadiyə gediblər. Lakin görünür danışıqlar nəticə verməyib ki, cəmi bir neçə saat sonra Məsudun qüvvələri hücuma keçərək qonşu Baqlan vilayətinin üç rayonunu taliblərdən azad edib.

Kabildən təxminən 120 kilometr şimalda yerləşən Pəncşir vadisində etnik taciklər yaşayır və əhalisi 100 min nəfərdən artıqdır. Vadi hazırda hər tərəfdən “Taliban”ın nəzarətindədir və bu baxımdan orada ciddi müqavimət ocağı formalaşması hələ sual altındadır. Amma beynəlxalq təhlilçilər qeyd edirlər ki, ötən 50 il ərzində məhz Pəncşir vadisi həm xarici, həm daxili düşmənlərə təslim olmayan yeganə vilayətdir. “The Diplomat” nəşrinin yazdığı kimi, əgər xarici düşmənlər üçün Əfqanıstan imperiyaların qəbiristanlığıdırsa o zaman Pəncşir dərəsi bu qəbiristanlığın lap mərkəzidir. Vaxtilə sovet tankları Pəncşir vadisinə hücum edəndə Əhməd şah Məsudun döyüşçüləri onların “burnunu əzdi”. Daha sonra sovet qoşunlarının çıxmasından sonra Pəncşir dərəsi Kabildə formalaşan hökumətə tabe olmadı. Ardınca isə Əhməd şah Məsudun və Rəşid Dustumun başçılıq etdiyi şimal alyansı “Taliban” rejiminə  və “Əl-Qaidə”yə qarşı mübarizənin önündə gedirdi.

Bəs bu dəfə də Pəncşir vadisi özünün məğlubedilməz imicini saxlaya biləcəkmi? “Pəncşir şiri” ləqəbli Əhməd şah Məsudun eyni adlı oğlu onun şöhrətini davam etdirmək imkanlarına malikdirmi?

Nəşr yazır ki, əgər Pəncşir vadisi taliblərlə qılınc döyüşdürməyi qərara alıbsa o zaman “Taliban”ın Əfqanıstanda vahid hökumət qurmaq və ölkəni tamamilə nəzarətə almaq planları sual altına düşəcək. Taliblərdən azad və döyüşkən Pəncşir vadisi digər regional liderləri və səhra komandirlərini də “Taliban”a qarşı döyüşməyə həvəsləndirə bilər.

Əfqanlar özlərinin bütün tarixi boyu nadir hallarda vahid və mərkəzləşdirilmiş hakimiyyətin tabeçiliyi altında olublar. Dövlətin mövcudluğuna daimi təhlükənin olmasına baxmayaraq keçmişdə müxtəlif etnik qruplar heç vaxt milli ideya ətrafında birləşməyiblər. Bu baxımdan indi vahid mərkəzləşdirilmiş hakimiyyət yaratmaq çətin ki, “Taliban”a da nəsib olsun. Və Pəncşir vadisi bu baxımdan “Taliban”ın “Axilles dabanı” ola bilər.

Lakin bəzi analitiklər regionun Taliban hərəkatının genişmiqyaslı hücumuna tab gətirə bilməyəcəyini hesab edirlər. “Hazırda müqavimət yalnız sözdədir, çünki Taliban hələ ki Pəncşirə girməyə çalışmayıb”, – AFP xəbər agentliyinə Parisdəki Sorbonna Universitetindən Əfqanıstan üzrə mütəxəssis Gilles Dorronsoro deyib.

İsveçdə mənzillənən müstəqil tədqiqatçı Abdul Sayed də Pəncşirin uzun müddət müqavimət göstərə bilməyəciyini deyir: “Taliban Pəncşiri hər tərəfdən əhatəyə alıb və Məsudun oğlunun bir-iki aydan artıq müqavimət göstərə biləcəyini düşünmürəm. Hazırda onun güclü dəstəyi yoxdur “.

Bu arada xəbər yayılıb ki, Əfqanıstan milli ordusunun sonuncu Baş qərargah rəisi, general Heybətulla Əlizay və xüsusi təyinatlı qüvvələr Korpusunun sonuncu generalı Sami Sadat da Pəncşir dərəsinə gediblər. Onların hər ikisi milliyətcə puştundur və ekspertlərə görə, bu generalların Məsuda qoşulması Pəncşir dərəsinin potensialını xeyli gücləndirir, yeni antitalib müqavimət mərkəzinin formalaşması imkanlarını artırır.

Lakin bu da dəqiqdir ki, xarici dəstək olmadan Əfqanıstanda heç bir qruplaşma, hərəkat uğur qazana bilməz. Bu baxımdan gözləmək lazımdır-şir oğlu şirə, yəni Əhməd Məsuda Əfqanıstana nəzarət uğrunda mübarizə aparan regional və qlobal güclərdən kim dəstək verəcək. Belə dəstək olmasa hər tərəfdən taliblərlə əhatə olunmuş vadidə uzunmüddətli müqavimət çətin olardı…

Mənbə: EURASIYA DIARY 

Şərhlər bağlıdır.